Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2258/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1, üçüncü şəxs X2 iştirakları ilə İddiaçı cavabdehlər Bakı şəhəri 34 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin ləğv edilməsi tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Bakı şəhəri 34 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Bakı şəhəri 34 saylı Notariat Ofisi və Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 34 saylı Notariat Ofisində cavabdeh ilə aralarında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə cavabdehin əmisi oğlu kimi bildiyi X5 ilə aralarında olan razılaşmaya əsasən, ondan 120000 manat məbləğində, aylıq 5% sələm ödəmək şərti ilə borc pul götürmüşdür. Qeyd olunan 120000 manat məbləğində faizli sələm borcunun zəmanəti olaraq, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilini girov kimi qoymuşdur. ünvan 2nda xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi rəsmiləşdirilməklə X2 təqdim etdiyi əmisi oğlu Cavabdeh1 adına əmlakı rəsmiləşdirilmişdir. O, bu illər ərzində iki dəfəyə 6000 manat olmaqla aylıq faiz vermiş və sonralar isə 20000 manat və 10000 manat olmaqla, cəmi 42000 manat ödəmişdir. Cavabdeh1 və X4 cəmi qalan borcu 78000 manatdır. Həmin vaxt mübahisələndirilən evinin faktiki satış qiyməti təqribən 240000 – 260000 manat məbləğində olmuşdur. Sələm faizli borc pul verilərkən borcun təminatı olan əmlakın faktiki satış qiymətinin 50 faizindən artıq məbləğdə borc verilmir. Odur ki, adları qeyd olunan şəxslər ona 240000 manat məbləğində satış dəyəri olan evinin qiymətinin yarı hissəsində, yəni 120000 manat məbləğində borc pul vermişlər. Araşdırma aparılarsa, tam əmin olmaq olar ki, mübahisələndirilən əmlakın həmin dövrdəki faktiki satış qiyməti həqiqətən də 240000 manatdan çox olmuş və bununla da məlum olar ki, cavabdeh və onun əmisi oğlu olduğunu bildirən X2 birgə qanuna zidd qəsbkar əməlləri ifşa olunmuş olar. ünvan 2nda xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* daşınmaz əmlakın alğı-satqı müqaviləsi əslində əsassız və formal xarakterlidir, odur ki, haqlı olaraq hesab edir ki, həmin müqavilə pərdələnmiş alğı-satqı müqaviləsi kimi qiymətləndirilməklə ləğv edilməlidir. 2013-cü ildə faktiki satış qiyməti 240000 – 260000 manat məbləğində olan əmlak başqa hansı halda real alğı-satqı olmuş olsaydı, nə əsasla 57000 manata alğı-satqı edilmiş olardı? Təbiidir ki, bu bir daha sübut edir ki, həqiqətən də mübahisələndirilən daşınmaz əmlakın alğı-satqı müqaviləsi tamamı ilə əsassız və qanunsuzdur. Cavabdeh 2013-cü ildə olan iddia tələbi ilə ünvan 2nda xx.xx.2003-cü il tarixdə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə mənzilin boşaldılmaqla tələbkar Cavabdeh1 təhvil verilməsi mübahisələndirilməklə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qət edilmişdir. Qeyd olunan iddia tələbində və ya məhkəmə qətnaməsində xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsi başqa hallarda mübahisələndirilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4159/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-3453/2024 nömrəli qərarı ilə işə iddia tələbinin mahiyyəti üzrə (mənzilin boşaldılması və mənzilin tələbkara təhvil verilməsi tələbi ilə) baxılmışdır. Yuxarıda göstərilən məhkəmə qətnamə və qərarlarında ünvan 2nda xx.xx.2003-cü il tarixdə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin əsaslılığı və ya başqa hallar mübahisə edilməmiş və başqa heç bir hal nəzərdə tutulmamışdır. ünvan 2nda xx.xx.2003-cü il tarixdə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə və işin faktiki hallarına nəzər edilsə, tam aydın şəkildə məlumdur ki, cavabdeh məhkəmədə bilə-bilə yalan ifadə və məlumatlar verməklə öz qanunsuz əməllərinə məhkəmə vasitəsilə haqq qazandırmış olduqlarının canlı şahidi olunar. Belə ki, xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsi rəsmiləşdirildiyi vaxtdan 6 il müddət keçdikdən sonra cavabdeh qeyd olunan mənzilə əmlak üzərində mülkiyyət hüququna dair müvafiq çıxarış almışdır. Hansı əsasla anlaşıla bilər ki, bir şəxs həqiqətən də bir mənzili almış olsun və həmin şəxs pul verib aldığı əmlakın hüquqmüəyyənedici sənədlərin arxası ilə 6 il müddətində getməmiş olsun? Eyni zamanda, sual yaranır ki, bir şəxs aldığı mənzilin 10 il müddətində təhvil-təslim edilməsini tələb etməmiş olsun? Məlumat üçün bildirir ki, bu işdə cavabdehlə razılaşma olmuşdur ki, ona verilən 120000 manat məbləğində aylıq 5% məbləğində əlavə ödəniş etmək şərti ilə borc pul vermişdir və bu borcun təminatı olaraq ünvan 1 ünvanında yerləşən mənzilini girov olaraq, lakin rəsmiyyətdə alğı-satqı ilə onun adına rəsmiləşdirilməli olması şərti ilə razılaşdırılmışdır. Bu səbəbdən də, cavabdeh qeyd olunan alğı-satqı müqaviləsinin bağlandığı gündən təqribən 6 il müddətinə əmlakı öz adına rəsmiləşdirməmiş və evin təhvil-təslim edilməsini tələb etməmişdir. Eyni zamanda bu müddətdə ümumi 42000 manat məbləğində ondan pul almışdır. Sual yaranır ki, əgər cavabdeh ondan faktiki olaraq qanuni yolla ev almışdırsa, nə səbəbə ondan 42000 manat məbləğində pul almış olsun? İş üzrə istənilən hallarda mənzili ona satmışdırsa, satıcı pulu almış olmalıdır, amma guya alıcı olan cavabdehə həm evi satmış, həm də üzərində 42000 manat pul vermişdir. Cavabdeh onunla razılaşmışdır ki, vermiş olduğu sələm olan 120000 manat məbləğində borc pul tam geri qaytarıldıqda onlar evini yenidən onun adına rəsmiləşdirəcəklər və bu işində xərclərini yenə də o, ödəməli idi. 42000 manatını alıb, üstəlik evini də mənimsəyirlər. Mənzilin qiymətləndirilməsi aparılacağı təqdirdə də tam öyrənilə bilər ki, həmin vaxt 2013-cü ildə onun evinin qiyməti ən azından 240000 – 260000 manat məbləğində olmuşdur. Buda sübut kimi əsas verir ki, həqiqətən də mübahisələndirilən evin alğı-satqı müqaviləsi tamamı ilə pərdələnmiş formal xarakterli əqddir. Cavabdeh ilə istədiyi hər şeyə razılaşmasının səbəbi o olmuşdur ki, X5 hamının gözü qarşısında evini əlindən alaraq, onu alçaltmaq istəməsinə imkan verməmiş olsun. Cavabdeh dəfələrlə bu pulun söhbəti olanda ona kinayə və hədə-qorxu gəlməklə “yəqinki istəməzsən səni və ailəni qohumqonşuların qabağında evindən çıxarıb evini əlindən almış olam” ifadəsini işlətmişdir. Bu ifadənin həyata keçməsini istəmədiyi üçün o, adları qeyd olunan şəxslərlə razılaşıb mənzilin boşaldılıb təhvil verilməsi barədə iddia tələbinə məhkəmə icraatında işə baxılarkən qarşılıqlı iddia tələbi irəli sürməmiş, hətta ötürülmüş prosessual müddətin mübahisələndirilməsinə dair vəsatət belə təqdim edə bilməmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, qeyd olunan qətnamə və qərarı mübahisələndirmir. O, iddiaçı olaraq ünvan 2nda xx.xx.2003-cü il tarixdə rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə xitam verilməsinə və ya ləğv edilməsinə dair iddia tələbi irəli sürür. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçının nümayəndəsi X9 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 (bundan sonra – üçüncü şəxs) cavabdehlər Bakı şəhəri 34 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin iddia tələbini əsaslandırdığı hallar Üçüncü şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildə ailə həyatı quraraq, valideynlərinə məxsus olan ünvan 1 ünvanından keçmiş həyat yoldaşının evinə gəlin köçmüş, lakin sonra münasibətləri alınmadığı üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə boşanaraq təkrarən valideynlərinə məxsus olan ünvan 1 ünvanındakı mənzilə geri qayıtmış və həmin vaxtdan o, bu ünvanda valideynləri ilə birgə yaşayır. Məlumat üçün qeyd edilməlidir ki, o, ailə qurarkən keçmiş həyat yoldaşına məxsus olan ünvan 3 ünvanında qeydiyyata düşmüşdür. Qeydiyyatı başqa ünvan olsa da, o, faktiki olaraq 2011-ci ildən təkrarən yuxarıda qeyd olunan ünvanda yaşayır. Xüsusilə qeyd edilməlidir ki, qeydiyyatının hansı ünvanda olmasından asılı olmayaraq və özünün faktiki harada yaşamasından asılı olmayaraq, hər zaman valideynlərinin hüquqi varisidir. Odur ki, valideynlərinin adına olan (daşınar və ya daşınmaz) bütün əmlaklar üzərində vərəsəlik hüququ vardır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Xidmətinin Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurları faktiki yaşadığı – ünvan 1 ünvanına gələrək bildirmişlər ki, yaşadığı evin boşaldılması təmin edilməlidir, çünki bu barədə məhkəmə qətnaməsi mövcuddur. Məlumat üçün qeyd edilməlidir ki, o, heç bir məhkəmə prosesinə dəvət edilməmiş və evi ilə bağlı ona heç bir məhkəmə haqda məlumat verilməmişdir. Əsas amil kimi qeyd edə bilər ki, məhkəmə ona məlum olmayan qətnaməni çıxararkən mənzildə yerli baxış keçirmiş olsa idi, onun da baş verənlərdən xəbəri olmuş olardı. Bildiyi odur ki, adını valideynlərindən eşitdiyinə görə 2013-cü ildə Cavabdeh1 və X5 adlı şəxslərdən, atası İddiaçı evlərini girov qoymaqla, sələm olan faizlə borc pul götürmüşdür. Bunun üçün isə evlərini həmin sələm faizli borc pulun təminatı kimi faktiki olaraq girov məqsədi ilə, lakin rəsmiyyətdə isə daşınmaz əmlakın alğı-satqı müqaviləsi rəsmiləşdirilməklə evləri sələmçi olan Cavabdeh1 və X5 adlı şəxslərin əlinə keçirilmişdir. Bunun əsasında isə Cavabdeh1 məhkəmədə mənzilin boşaldılmasına dair iddia tələbi irəli sürərək, öz qanuna zidd bankçılıq fəaliyyətlərini gizlədərək evlərinə sahib olmağa çalışır. Məlumat üçün bir daha bildirir ki, Cavabdeh1 müvafiq məhkəmə orqanlarında iddia tələbi irəli sürərkən, onu iş üzrə cavabdeh və ya maraqlı şəxs qismində işə cəlb etməmişdir. Bu səbəbdən də, özünü heç bir halda məhkəmə qətnaməsi ilə belə tələbkar qarşısında borclu hesab etmir. ünvan 2nda xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmiş AN – İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsi rəsmiləşdirilərkən onun faktiki varis olaraq heç bir razılıq ərizəsi alınmamışdır. Onun əvvəldən bu işdən məlumatı olmuş olsa idi, təbiidir ki, heç bir halda qeyd olunan alğı-satqının reallaşdırılmasına razılıq verməzdi. Adları qeyd olunan şəxslər pulu sələm faizli borc verdikləri üçün notariat kontorunda belə borcun təminatı olaraq evin girov kimi rəsmiləşməsinə razılıq verərdi. Bunun üçün qanuna müvafiq şəkildə notariat kontorlarında imkanlar vardır. Belə sələmçilər hər zaman öz çirkin əməllərinin bir hissəsi kimi əli yanan vətəndaşların başlarına belə oyunlar açıb insanları məhv etməyə çalışırlar. Çox böyük təəssüf hissi ilə qeyd edir ki, belələri qanunların humanistliyindən istifadə edərək, öz çirkin və cinayətkar əməllərini, məhkəmə hakimiyyəti orqanlarında mülki icraatlarda iddia tələbləri irəli sürməklə gizlətməyə çalışırlar. xx.xx.2013-cü il tarixdə rəsmiləşən alğı-satqı müqaviləsinin üstündən 10 il keçəndən sonra tələbkar mənzilin boşaldılması tələbinə dair iddia tələbi irəli sürür və qeyd olunan iddia tələbi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi belə nəzərə alınmadan qanunsuz və əsassız olaraq iddia tələbi ədalətsiz şəkildə təmin edilir. Bütün hallarda məhkəmə ilk baxışda anlamalı idi ki, heç bir halda qanuni alğı-satqı olunan mənzili alan şəxs 10 il müddətinə aldığı evin boşaldılmasını gözləməz. Toplam 42000 manat pulu geri alan Cavabdeh1 və X5 adlı şəxslər utanmadan üstəlik evlərini də almaq istəyirlər. İddia tələbinə etiraz Cavabdeh1 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia müddəti tətbiq edilməklə müqavilənin ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə etirazın əsaslandırıldığı hallar Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, həmin ev onun tərəfindən dəyəri ödənilməklə alınmış, bununla bağlı bank vasitəsilə evin dəyəri satıcıya ödənilmişdir. Bundan sonra, iddiaçı evdən çıxmamış və xahiş etmişdir ki, yaşamağa qeyriyaşayış sahəsi olmadığına görə həmin evdə yaşamasına icazə versin. O da həmin yaşayış sahəsinə faktiki ehtiyacı olmadığına görə iddiaçının həmin evdə ailəsi ilə birlikdə uzun müddət yaşamasına icazə vermişdir. Buna baxmayaraq, iddiaçı onun ürəyi yumşaqlığından istifadə edərək evdən çıxmaqdan imtina etmişdir. Bununla bağlı, dəfələrlə ona bildirsə də, hər dəfə bir bəhanə edərək evi boşaldacağına dair söz versə də, evi boşaltmamışdır. Məhkəməyə vermiş olduğu evin boşaldılaraq ona təhvil verilməsinə dair işə baxılarkən məhkəmədə bir aya evi boşladaraq ona təhvil verəcəyinə dair ifadəsi də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində öz əksini tapmışdır. Buna baxmayaraq, bir aydan sonra eşitmişdir ki, bu iş üzrə iddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qeyd edilən qətnamə dəyişdirilmədən qüvvədə saxlandıqdan sonra iddiaçı evi iki aya boşaldacağını bildirsə də, yenə də onu aldadaraq Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərarından Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti etmiş, Ali Məhkəmənin qeyd edilən kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında onun adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsini xahiş etmiş, işə baxılarkən həmin iş üzrə iddia ərizəsini geri götürmüşdür. Göründüyü kimi iddiaçının məqsədi necə olursa olsun evdən daha çox istifadə etmək olmuşdur. Buna görə də yuxarıda qeyd edilən hərəkətləri etmişdir. Əgər iddiaçı hesab etsəydi ki, həmin alğı-satqı müqaviləsi qanunun tələblərinə uyğun bağlanmayıb, həmin müqaviləni ötən 12 il müddətində mübahisələndirə bilərdi. Həmçinin, mübahisələndirilən ev xx.xx.2025-ci il tarixdə Suraxanı rayon İcra şöbəsi tərəfindən boşaldılaraq ona təhvil verilmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 iddia tələblərini qəbul etməyərək, məhkəmədən iddia tələbinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 24 saylı Notariat Ofisi məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxış iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iddia tələbini qəbul etməyərək bildirdi ki, sözügedən daşınmaz əmlakın alğı-satqı müqaviləsi Cavabdeh1 adına rəsmiləşdirilsə də, yəni müqavilə tərəfi cavabdeh olsa da, daşınmaz əmlak ona məxsusdur. Belə ki, işi ilə əlaqədar olaraq daşınmaz əmlakı adına rəsmiləşdirmək istəməmiş, ona görə də həmin əmlakı cavabdehin adına almışdır. Həmin ərazidə yerləşən evlərlə satış təmsilçisi (“makler”) vasitəsilə tanış olmuş, iddiaçının adına olan ev onun xoşuna gəlmiş və həmin evi almaq qərarına gəlmişdir. Hətta, həmin evi almazdan əvvəl, iddiaçı və ailə üzvləri ilə birlikdə evin həyətində əyləşərək çay içmiş və evlə bağlı söhbət aparmışdır. Daha sonra, bir tərəfdən iddiaçı, digər tərəfdən cavabdehin etibarnamə üzrə nümayəndəsi Xaliq adlı satış təmsilçisi arasında notariat ofisində daşınmaz əmlakın alğı-satqısına dair müqavilə bağlanmışdır. Fərdi yaşayış evinin alğı-satqısına dair müqavilədə əmlakın dəyəri 57000 manat qeyd olunsa da, əslində iddiaçıya ümumilikdə 130000 manat məbləğində ödəniş etmiş və həmin qiymətə evi almışdır. Daha sonra iddiaçı ondan evi boşaldaraq təhvil vermək üçün 3 ay vaxt istəmiş, o da bununla razılaşmışdır. İddiaçının xeyli sayda şəxsə borcunun olması səbəbindən borcverənlər hətta onun aldığı evin qaz sayğacına müdaxilə edərək qazın verilməsini dayandırmışlar. Digər tərəfdən, iddiaçının pulu olmadığı üçün işıq pulunu belə o ödəmişdir. Bu kimi halların sayı artdığı üçün iddiaçıya ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxmalı olduğunu bildirmiş, iddiaçı da könüllü şəkildə qeydiyyatdan çıxmışdır. Lakin, iddiaçı ondan istədiyi müddət ərzində evi boşaltmamış, evdə yaşamağa davam etmişdir. İddiaçı evdə yaşayış müddətini uzatmaq məqsədi ilə onu və hazırkı cavabdehi müxtəlif məhkəmə proseslərinə cəlb etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Çünki, o, həmin evi iddiaçıdan vicdanlılıq əsasında əldə etmişdir. Nəzərə almaq lazımdır ki, hazırkı məhkəmə prosesindən əlavə mənzilin boşaldılması ilə bağlı keçirilmiş digər məhkəmə prosesləri zamanı iddiaçı bir dəfə də olsun belə bir ifadə işlətməmiş, hətta məhkəmə iclasları zamanı onlara təşəkkürünü bildirmişdir ki, qardaşının belə ona eləmədiyi yaxşılıqları onlar etmişlər. Odur ki, məhkəmədən iddia tələbinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı (Satıcı) və Cavabdeh1 (Alıcı) adından etibarnamə əsasında çıxış edən X12 arasında xx.xx.2013-cü il tarixdə notarial qaydada bağlanmış AN – İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, “Satıcı” Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlınski küçəsində istifadədə olan 0.02497 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 147.3 m2, yaşayış sahəsi 62.7 m2, köməkçi sahəsi 84.6 m2 olan, 3 otaqlı, 35 saylı fərdi yaşayış evini “Alıcı”nın mülkiyyətinə verir, “Satıcı” evi 57000 manata satır, “Alıcı” isə həmin qiymətə alır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 3 otaqlı yaşayış evi Cavabdeh1 mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində sonuncunun xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(010)-4159/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlınski küçəsi ünvanında yerləşən 35 nömrəli fərdi yaşayış evi icra sənədi üzrə borclular – İddiaçı, X9, X7 və X10 tərəfindən könüllü şəkildə boşaldılaraq icra sənədi üzrə tələbkarın nümayəndəsi X4 təhvil verilmiş, bu barədə akta imza edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 34 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş 4Ə/1-86 nömrəli notariat işinə əlavə edilən xx.xx.2013-cü il tarixli mədaxil orderindən müəyyən olunur ki, alıcı tərəfindən notariusun depozit hesabına 57000 manat məbləğində pul vəsaitinin qoyulmuşdur. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 34 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş 4Ə/1-86 nömrəli notariat işinə əlavə edilən ərizələrdən müəyyən olunur ki, X8, X9 və X7 ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanmasına etiraz etmədiklərini, İddiaçı qarşı əmlak və digər iddialarının olmadığını, alğı-satqı müqaviləsində göstərilən müddət ərzində mənzildən və qeydiyyatdan çıxmağı öhdələrinə götürmələrinə dair razılıqlarını öz imzaları ilə təsdiq etmişlər. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, üçüncü şəxs tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respbulikasının Mülki Məcəlləsi Maddə6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respbulikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin (həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin) müqavilənin ləğv edilməsi ilə bağlı olması, iddia tələbinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinin (müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. İddiaçının daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə notarial qaydada AN – İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlınski küçəsində istifadədə olan 0.02497 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 147.3 m2, yaşayış sahəsi 62.7 m2, köməkçi sahəsi 84.6 m2 olan, 3 otaqlı, 35 saylı fərdi yaşayış evini Cavabdeh1 mülkiyyətinə vermişdir. Müqavilə ilə tərəflər evin 57 000 mananta alğı-satqısına razılaşmış və bu məqsədilə alıcı tərəfindən 57000 manat notariusun depozitinə qoyulmuşdur. Həmin müqavilə əsasında cavabdehin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş çıxarışdan da göründüyü kimi, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi hazırda cavabdehin xüsusi mülkiyyətindədir. Tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış öhdəlik hüquq münasibətlərinə əsasən, hazırkı iş üzrə iddiaçı (satıcı) mülkiyyətində olan fərdi yaşayış evini Cavabdeh1 (alıcının) mülkiyyətinə verməyi, cavabdeh (alıcı) isə aldığı fərdi yaşayış evinin dəyərini iddiaçıya (satıcıya) ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilədə nəzərdə tutulmuş məbləği – 57.000 manatı iddiaçıya ödəsə də, iddiaçı həmin müqavilə üzrə öz üzərinə götürülmüş və fərdi yaşayış evinin cavabdehin mülkiyyətinə verilməsindən ibarət öhdəliyini lazımı qaydada icra etməmiş, mənzili cavabdehin sahiblik və istifadəsinə verməmişdir. Halbuki, həmin müqavilənin 6-cı bəndinə əsasən, “müqavilənin predmeti olan fərdi ev sahiblik və istifadə hüququ onun barəsində alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin evi müvafiq qeydiyyatı tarixindən əmələ gəlir”. Daha sonra cavabdeh mənzilin boşaldılaraq təhvil verilməsi barədə iddia tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmiş, iddia təmin olunmuş və icra edilmişdir. xx.xx.2025-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(010)-4159/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlınski küçəsi ünvanında yerləşən 35 nömrəli fərdi yaşayış evi icra sənədi üzrə borclular – İddiaçı, X9, X7 və X10 tərəfindən könüllü şəkildə boşaldılaraq icra sənədi üzrə tələbkarın nümayəndəsi X4 təhvil verilmiş, bu barədə akta imza edilmişdir. Hazırda iddiaçı, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxs xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alğısatqısına dair müqavilənin ləğv edilməsini, cavabdeh isə iddia müddəti tətbiq edilməklə iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Qüvvədə olan mülki qanunvericiliklə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasının – müqavilənin ləğv edilməsinin əsasları dəqiq təsbit edilmiş və üçüncü qaydanın tətbiqi imkanı istisna edilmişdir. Lakin, iddiaçı (həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs) nə iddia ərizəsində, nə də iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə müqavilənin ləğvinin məhz hansı qanuni əsasa söykənməsini göstərməmiş, ümumi qaydada müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə araşdırması müqavilənin həm məhkəmədən kənar, həm də xüsusi qaydası ilə bağlı münasibətlərini tənzim edən maddi hüquq normalarının dispozisiya şərtlərini ətrafında aparılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin “müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları” adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Hər bir halda, tərəflər arasında bağlanmış müqavilənin xüsusiyyətləri, forması və məzmunu nəzərə alınmaqla, hazırkı mülki mübahisədə müqavilənin ləğvi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin (tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər), eləcə də həmin məcəllənin 422.1-ci maddəsinin (tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir) dispozisiya şərtləri mövcud deyil və hazırkı mübahisəyə tətbiqi imkanları istisna edilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi əqdin etibarsızlığı ilə bağlı olmasa da, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Hazırda barəsində mübahisə edilən, yəni ləğvi xahiş edilən daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin etibarlılıq şərtlərindən hər hansı birinin pozulması ilə bağlanmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, müvafiq müqavilə notarial qaydada həmin kateqoriyadan olan əqdlərin bağlanması üçün nəzərdə tutulmuş forma və məzmunda, səlahiyyətləri şəxslərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu ilə bağlanmış və müqavilə əsasında arzu olunan hüquqi nəticələr – iddiaçının əmlakının dəyərini əldə etməsi, cavabdehin əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırması tam təmin olunmuşdur. Odur ki, hazırda barəsində mübahisə edilən daşınmaz əmlakın alğısatqısına dair notarial qaydada bağlanmış müqavilə etibarlı hüquqi nəticələrə səbəb olan əqd kimi qəbul edilməlidir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələrə (fərdi yaşayış evində 10 il ərzində yaşamaması, mənzili təhvil verməsini ondan uzun müddət tələb etməməsi və s.) münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehin həmin fərdi yaşayış evindən müəyyən müddət istifadə etməməsi, həmin evlə ümumiyyətlə maraqlanmaması iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmamaqla, müqavilənin ləğvinə əsas vermir. Nəzərə alınmalıdır ki, hər bir şəxs öz əmlakı üzərində hüquqi müqəddəratı həll etməklə bağlı müstəsna hüquqa malikdir və bu hüquq (mülkiyyət hüququ) dövlət tərəfindən müdafiə təminatı altına alınmışdır. Cavabdehin iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsinə dair etirazına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin məcəllənin 373.2-cü maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hər bir halda, iddia tələbinin özünün əsassız olması, yəni heç bir qanuni və ya hüquqi əsasa söykənməməsi, müvafiq iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsinə əsas vermir. Belə ki, hazırkı iddia tələbinin təmin olunmaması hər hansı müddətin keçibkeçməməsindən asılı olmamaqla, özü-özlüyündə iddia tələbini əsassız olmasının nəticəsidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına münasibətdə məhkəmə qeyd edir ki, müqavilənin ləğvi ilə müvafiq iddia tələbini yalnız müqavilə tərəfləri irəli sürə bilmə imkanına malikdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 isə alğı-satqı müqaviləsinin tərəfi olmadığından onun belə bir tələblə məhkəməyə müraciət etməklə şərtlənən subyektiv hüququ yoxdur. Odur ki, müstəqil iddia tələbi də təmin edilə bilməz. Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən iddia ərizəsi və müstəqil iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq olaraq 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğlər “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cü maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tələbləri təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumları iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 34 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin ləğv edilməsinə dair iddia tələbi təmin edilməməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Bakı şəhəri 34 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsinə dair iddia tələbi təmin edilməməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu üçüncü şəxsə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 34 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Bakı şəhəri 34 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu üçüncü şəxsə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2258/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2258/2025
09.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver