Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2286/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ona yazılmış 350 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, su sayğacı onun yaşadığı evə quraşdırılmış, 13.04.2012-ci il tarixdə qalıq borcu 6 manat 16 qəpik olmuşdur. Həmin ərəfədə Hövsan qəsəbəsində sular olmadığı üçün, binanın yaxınlığındakı 270 saylı orta məktəbin həyətindəki artezan quyusundan qonşularla birlikdə məhəlləyə su çəkilmiş, su boruları onun evinin yanından keçmişdir. Qısa müddət keçdikdən sonra Cavabdeh ASC-nin əməkdaşları həyətdən keçən borudakı suyu içməli bilib təkcə onun adına 350 manat cərimə yazmışlar. Dəfələrlə Cavabdeh ASC-yə şikayətlə müraciət etməsinə baxmayaraq, heç bir nəticə verməmiş və hər ay gəlib suyu kəsmişlər. Onun 91 yaşı var və ailəsini aldığı təqaüdlə dolandırır. Üzərinə yazılan cərimə qeyri-qanunidir. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı hazırkı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə əvvəlki iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, həmin cərimə 2013-cü ilin aprel ayında akta əsasən hesablanmışdır. Lakin, hazırda həmin akt tapılmamışdır. Abonentlərin üzərindən uzun müddət keçmiş cərimələrlə bağlı mübahisələri Cavabdeh ASC-nin apellyasiya şurasında adətən öz həllini tapır. Lakin hər bir halda bu cərimə sudan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hazırkı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış 18.01.2017-ci il tarixli cavab məktubunun surətindən görünür ki, hazırda sayğac göstəricisi 767 m3 olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə şəxsi hesabında 384.04 manat borc var. Qeyd edilən məbləğ sayğac göstəricisi nəzərə alınmaqla hesabda yaranmış borcun ödənilməmiş hissəsidir. Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş abonentin saldosundan görünür ki, abonentə 25.04.2013-cü il tarixinə su təchizatına görə 324 manat, kanalizasiya tullantılarının axıdılmasına görə 64.80 manat olmaqla, cəmi 388.80 manat cərimə hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən İddiaçı cəmi 388.80 manat məbləğində cərimə edilmişdir. Belə ki, Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş abonentin saldosundan da görünür ki, abonentə 25.04.2013-cü il tarixinə su təchizatına görə 324 manat, kanalizasiya tullantılarının axıdılmasına görə 64.80 manat olmaqla, cəmi 388.80 manat cərimə hesablanmışdır. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi bu cərimə məbləğinin sudan istifadə qaydalarının pozulması haqqında akta əsasən yazıldığını, lakin bu aktın hazırda tapılmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş cədvəldən görünür ki, həqiqətən 25.04.2013-cü il tarixdə abonent İddiaçı hesabına cəmi 388.80 manat məbləğində cərimə hesablanmışdır. Lakin, bu cərimənin hansı akta əsasən hesablandığı, bu akt əsasında abonentin su təchizatı və kanalizasiya sistemlərindən istifadə qaydalarının hansını pozduğu, bir sözlə, ona nəyə görə cərimə hesablandığı müəyyən deyil. Cavabdeh ASC məhkəməyə müvafiq aktı təqdim edə bilmədiyinə görə məhkəmə nəinki akt əsasında yazılmış cərimənin əsaslılığını araşdıra bilmiş, ümumiyyətlə belə bir aktın həqiqətən mövcudluğu ilə bağlı nəticəyə gələ bilməmişdir. Hazırda qüvvədə olan “Sudan istifadə qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edildiyindən 2013-cü ildə baş vermiş mübahisəyə tətbiq edilə bilməsə də həmin dövrdə qüvvədə olmuş "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunun “Su təchizatı və tullantı sularının axıdılması sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət” adlanan yeddinci fəslindən də görünür ki, həmin qanunda a) sudan səmərəsiz, israfçılıqla istifadə etdikdə və ya öz hərəkətləri ilə buna başqaları üçün imkan yaratdıqda; b) sudan, ondan istifadəyə verilmiş icazədə və ya su təchizatı müəssisəsi tərəfindən nəzərdə tutulmuş məqsədlərdən fərqli məqsədlər üçün istifadə etdikdə; c) suyun götürülməsi və təmizlənməsi üzrə hər hansı işlərin yerinə yetirilməsinə mane olduqda; ç) su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələrinin bu Qanun çərçivəsində öz vəzifələrini yerinə yetirməsinə mane olduqda hüquqi və fiziki şəxslərin qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıdığı müəyyən edilmişdir. Yəni, Cavabdeh ASC tərəfindən bu pozuntuların hər hansı birinin müəyyən edilməsi ilə bağlı akt tərtib edilib cərimə hesablana bilərdi. Lakin, cavabdeh məhkəməyə heç bir akt, yaxud cərimə hesablanmasına əsas olmuş hər hansı digər sənəd təqdim edə bilməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Yəni, əgər Cavabdeh ASC iddia edirsə ki, İddiaçı 2013-cü ildə su təchizatı və kanalizasiya sistemlərindən istifadə qaydalarını pozmuşdur və buna görə onun barəsində akt tərtib edilərək cərimə edilmişdir, bunu sübut etmək cavabdehin vəzifəsidir. İddiaçı isə öz növbəsində cərimənin əsassız yazıldığını iddia edir və məhkəmə hesab edir ki, cavabdehin öz “əsas”ını təqdim edə bilməməsi iddiaçının cərimənin əsassızlığı ilə bağlı qeyd etdiklərini sübut edilmiş hesab etməyə kifayət edir. Odur ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Lakin məhkəmə qeyd edir ki, Cavabdeh ASC tərəfindən abonentə 25.04.2013-cü il tarixinə su təchizatına görə 324 manat, kanalizasiya tullantılarının axıdılmasına görə 64.80 manat olmaqla, cəmi 388.80 manat cərimə hesablansa da İddiaçı bu cərimənin yalnız 350 manat hissəsinin silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinə uyğun olaraq – 350 manat məbləğində borc iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh ASC tərəfindən akta əsasən İddiaçı hesablanmış 350 (üç yüz əlli) manat borc onun hesabından silinməlidir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən akta əsasən İddiaçı hesablanmış 350 (üç yüz əlli) manat borc onun hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2286/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2286/2021
11.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver