Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2292/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı MMC ilə bağlanmış 29 dekabr 2019cu il tarixli, MAS-1822 saylı “daxili lizinq” müqaviləsinin ləğv edilməsini, Cavabdeh 29 dekabr 2019-cu il tarixli, MAS-1822 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin yararsız vəziyyətə düşdüyü tarixə 9686.95 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, MAS-1822 saylı “daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLF630250 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385.05 manat, ümumilikdə isə 13862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatını əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 19.04.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olunması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq 19 aprel 2020-ci il tarixə 10186.95 manat təşkil edir. 29.05.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında razılaşma bağlanmış, lizinq alan razılaşma imzalandığı tarixdən etibarən 60 gün müddətinə lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili öz vəsaiti hesabına saz vəziyyətdə gətirəcəyini bəyan etmiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq alan tərəfindən 29 sentyabr 2020-ci il tarixdə 500 manat məbləğində ödəniş edilmiş və həmin məbləğ ümumi borcdan çıxıldıqdan sonra cavabdeh İddiaçı MMC-yə 9686.95 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək bildirdi ki, hazırda maşın yararsız vəziyyətdədir və bu səbəbdən maşın tələb edilməmişdir. Cavabdehlə bağlanmış razılaşmaya əsasən maşının təmir xərclərini ödəməyi üzərinə götürən cavabdeh bu öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən ödənilmiş lizinq ödənişləri çıxıldıqda lizinq obyektinin məhv olması anına yaranmış ümumi borc 9686.95 manat məbləğindədir. Əlavə hər hansı faiz borcu hesablanmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, MAS- 1822 saylı daxili lizinq müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. 29 dekabr 2019-cu il tarixli, MAS-1822 saylı daxili lizinq müqaviləsinə 3 saylı Əlavədən görünür ki, tərəflər arasında daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli təsdiq edilmiş, cəmi 13862 manat məbləğində olan ödənişin 29.12.2019 – 31.12.2022-ci il tarixləri arasında hər ay 383.05 manat (sonuncu ay 385.08 manat) məbləğində ödənilməsi müəyyən edilmişdir. 29.12.2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLF630250 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İddiaçı” MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, Cavabdeh lizinq müqaviləsi üzrə ödənişləri vaxtında və lazımi qaydada icra etmədiyi üçün İddiaçı MMC-yə borcu yarandığından daxili lizinq müqaviləsinin şərtləri pozulduğu üçün müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Xəbərdarlığın ünvana çatması barədə qaimə iş materiallarına əlavə edilmişdir. 03.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 29.12.2019-cu il tarixli daxili lizinq müqaviləsi üzrə ümumi borcu 9686.95 manat məbləğindədir. İddiaçı Servis tərəfindən tərtib edilmiş 22.10.2020-ci il tarixli Aktdan görünür ki, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yerində ümumi texniki baxış zamanı aşkar olunmuşdur ki, avtomobil tam yararsızdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.05.2020-ci il tarixli “lizinq obyektinin təmir edilməsi və borcun güzəşt olunması haqqında” razılaşmadan görünür ki, Lizinq alan (Cavabdeh) yol-nəqliyyat hadisəsi nəticəsində lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadəyə yararsız vəziyyətə saldığını və avtomobilə 10294 manat ziyan vurduğunu etiraf edir. “Daxili lizinq” müqaviləsinin 5.3-cü bəndinə uyğğun olaraq avtomobilə dəymiş zərər 70%-dən çox olduğundan avtomobilin təmir olunması ilə bağlı xərcləri öz üzərinə götürür. Lizinq alan razılaşma imzalandığı tarixdən etibarən 60 gün müddətinə lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyətə gətirəcəyini bəyan edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, MAS-1822 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, 10800 manat məbləğində avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış, bundan sonra həmin avtomobil İddiaçı MMC tərəfindən sifarişçi Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Tərəflər arasında bağlanılmış daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 36 ay müddətinə hər ay 383.05 manat (sonuncu ay 385.08 manat), ümumilikdə isə 13862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatını əsas məbləğ təşkil etmişdir. Lakin avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verildikdən sonra baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobil yararsız vəziyyətə düşmüşdür. Bundan sonra, Cavabdeh İddiaçı MMC ilə razılaşma imzalayaraq avtomobilə dəymiş 10294 manat məbləğində zərəri ödəyəcəyini, avtomobili təmir etdirərək saz vəziyyətə gətirəcəyini bildirmişdir. Lakin Cavabdeh razılaşmaya əməl etməmiş, maşını təmir etdirməmişdir. Bundan sonra, İddiaçı MMC Cavabdeh yol nəqliyyat hadisəsinin baş vermə vaxtına hesablanmış ümumi borcu – 9686.95 manat pulu tələb etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq lizinq müqaviləsi ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3-cü maddəsinə əsasən, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-11.1-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə aralarında bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçı lizinq obyektinin yararsız vəziyyətə düşdüyü günə olan lizinq ödənişi borcunu, eləcə də aralarında bağlanmış lizinq müqaviləsinin ləğvini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək lizinq obyektini lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. Lizinq alan isə lizinq obyekti olan avtomobili tam yararsız vəziyyətə gətirmiş, lakin avtomobili təmir etdirərək saz vəziyyətə gətirməmişdir. Bu səbəbdən İddiaçı MMC avtomobilin yararsız vəziyyətə düşdüyü günə olan lizinq borcunu və müqavilənin ləğvini tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, MAS-1822 saylı “daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 29 dekabr 2019-cu il tarixli MAS-1822 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin yararsız vəziyyətə düşdüyü tarixə 9686.95 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, MAS- 1822 saylı “daxili lizinq” müqaviləsinin ləğv edilməli, Cavabdeh 29 dekabr 2019-cu il tarixli, MAS-1822 saylı “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin yararsız vəziyyətə düşdüyü tarixə 9686.95 manat (doqquz min altı yüz səksən altı manat doxsan beş qəpik) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli, MAS-1822 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 29.12.2019-cu il tarixli, MAS-1822 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin yararsız vəziyyətə düşdüyü tarixə 9686.95 manat (doqquz min altı yüz səksən altı manat doxsan beş qəpik) məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2292/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2292/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver