Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-233/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 875,52 manat məbləğində borcun silinməsi. İddia tələbinin dəlilləri İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, M.Vazeh küçəsində nömrəsiz evdə yaşayır. Həmin ev yeni tikilidir, evin tikintisi başa çatan kimi iddiaçı dövlət rüsumu ödənilməsi ilə evə qaz xətti çəkdirərək sayğac qoydurmuşdur, sayğac qoyulana qədər evdə yaşayış olmamışdır. İddiaçıya gələn qaz bildirişində 875,52 manat borcun yazıldığını gördükdə cavabdehin Suraxanı rayon ərazisində yerləşən bölməsinə müraciət etmiş, orada iddiaçıya bildirilmiş ki, qaz borcu 2021-ci ilin noyabr ayında tərtib edilmiş akt əsasında yazılmışdır. Həmin akt iddiaçıya təqdim edildikdə o görmüş ki, aktda göstərilmişdir ki, guya o, mənzildəki qaz sayğacından kənar təbii qazdan istifadə edir, halbuki belə hal baş verməmişdir, eyni zamanda aktda göstərilmişdir ki, guya o, akta imza etməkdən imtina etmiş, amma onun yanında, ümumiyyətlə, belə bir akt tərtib edilməmişdir. Eyni zamanda onu da bildirir ki, cavabdehin iddiaçıya təqdim etdiyi fotoşəkillərdəki guya qazdan sayğacdankənar istifadə edilən evin darvazası da onun darvazası deyildir, həmin fotoşəkilin harada çəkildiyi ona məlum deyildir, eyni zamanda aktın tarixi xx.xx.2021-ci il göstərilsə də, fotoşəkilin üzərindəki tarix xx.xx.2021-ci ildir. Necə olur ki, xx.xx.2021-ci ildə fotoşəkil çəkilir, ondan 12 gün sonra isə akt tərtib edilir. Bundan başqa dəymiş ziyanın bərpasına dair tələbnaməyə baxdıqda isə görmüş ki, onun evində yalnız PQ-4 4 göz qaz piltəsi olduğundan elə hesablama aparılmışdır ki, guya o, 24 saat fasiləsiz istifadə etmişdir, halbuki heç restoranda və kafedə də 24 saat belə qaz sobalarından istifadə etmirlər, özü də o qeyd etdiyi kimi həmin evdə tək yaşayır, bütün günü axşama qədər işdə olur, axşam evdə 3-4 saat olduqdan sonra yatır, yatanda isə qaz piltəsini söndürür ki, hadisə baş verməsin. Cavabdeh isə öz növbəsində hesablamalarının hüquqi əsaslarını iddiaçıya bildirməmiş və sübuta yetirməmişdir. Beləliklə, cavabdehin hesablamaları heç bir normativ hüquqi akta əsaslanmamışdır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh sübut etsin ki, onun hesabladığı 875,52 manat qazı o istehlak etmişdir, ümumiyyətlə, hesabladığı qədər o, qaz istifadə etmişdir. Cavabdeh təşkilat özü ona yazılmış 875,52 manat qaz borcunun olmasını sübuta yetirməlidir. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, yerli baxış zamanı Cavabdeh İB-nin nümayəndəsi də gəlmişdi və o da təsdiq etdi ki, hesablanmış borcun onun evinə heç bir aiddiyyəti yoxdur. İstifadə etdiyi qazın borcunu davamlı olaraq ödəyir, 875,52 manat isə dondurulmuşdur. Cavabdeh İB-nin onun olduğunu iddia etdiyi evə məhkəmənin iştirakı ilə baxılmış və görünmüş ki, onun deyil. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək əvvəlki məhkəmə iclasları zamanı verdiyi izahatlarında göstərmişdir ki, ev təzə evdir. Müqavilə yoxdur. Sadəcə kənar xəttə qoşulub. Elektrik xəttini onlar çəkmişlər. Yəni işıq vardırsa, yaşayış da vardır. Gedib aşkar ediblər ki, kənar xəttə qoşulma halı var. Ona görə elektrik sayğacının şəkli çəkilib və onun əsasında vətəndaşa abonent kodu açılmışdır. Akt kənar xəttə görə tərtib edilmişdir. Sayğaca aidiyyəti yoxdur. Cavabdehin nümayəndəsinə məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin iclasa gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, baxış iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları İddiaçı abonentin saldosundan görünür ki, 2021-ci ildə 8208 m3 qazın sərfiyyatı hesablanmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, M.Vazeh ünvanına 875,52 manat borc hesablanmışdır. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş ******* nömrəli, xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, mənzildən qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İddiaçı akta imza atmaqdan imtina etmişdir. İstehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, Hövsan qəsəbəsində əraziyə baxış zamanı işıq sayğacı № 21544445-li fərdi evdə təbii qazdan sayğacsız, qeyriqanuni istifadə etdiyi aşkarlanmışdır. İddiaçı akta imza atmamışdır. 0324124 nömrəli, xx.xx.2021-ci il aktdan görünür ki, mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni qaynaq vasitəsilə istifadə edilmişdir. Akta əlavə edilmiş fotoşəklin üzərində 18 noyabr 2021-ci il tarixdə saat 16:50:59-da çəkildiyi və Bakı şəhəri, Suraxanı, Hövsan, Hövsan şosesi olduğu qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair 30 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, ******* nömrəli akt əsas götürülərək istehlakçı İddiaçı qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/ saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Nəticədə 1.2x24x90=2592 m3; 2.6x24x90=5616 m3, cəmi 8208 m3 hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli. 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bununla yanaşı qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin məhkəmə hazırki işin faktiki hallarını araşdırarkən cavabdeh qurum tərəfindən bu normalara düzgün əməl edilmədiyini müəyyən etmişdir. Belə ki, məhkəmə yerli baxış zamanı müəyyən etmişdir ki, iş materiallarında olan sənədlər və fotoşəkillərdə təsvir olunan yaşayış evi iddiaçıya məxsus deyildir. Həmçinin yerli baxış zamanı cavabdehin nümayəndəsi də aktın başqa evə münasibətdə tərtib edildiyini təsdiq etmiş və “qazsayğacı həmin evin üzərində olduğundan yəqin belə etdiklərini” bildirmişdir. Məhkəmə baxışı zamanı həmin yaşayış yerinin başqa şəxsə məxsus olduğu və İddiaçı başqa bir evdə yaşadığı aydın olmuşdur. Həmçinin məhkəmə iş materiallarını müqayisəli şəkildə nəzərdən keçirərkən müəyyən etmişdir ki, ******* nömrəli, xx.xx.2021-ci il akta əlavə edilmiş fotoşəklin üzərində ünvan Hövsan şosesi qeyd edilmişdir. Lakin aktın məzmununda İddiaçı yaşadığı M.Vazeh küçəsi ünvanında yerləşən ev qeyd edilmişdir. Buradan da cavabdeh qurum tərəfindən aktın nöqsana yol verilərək tərtib edildiyi bir daha aydın olur. Cavabdeh tərəf isə iddiaçının yaşadığı evdə sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə edilməsinə dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə baxışı nəticəsində iddiaçıya münasibətdə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə aktın tərtib edilməsinin və onun həmin akt əsasında cərimələnməsinin əsassız olduğu, yəni iddiaçının iddia ərizəsində göstərdiyi halların həqiqət olduğu müəyyən edilmişdir.
Məhkəmənin gəldiyi nəticə İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, M.Vazeh küçəsində yerləşən nömrəsiz evə hesablanmış 875,52 (səkkiz yüz yetmiş beş manat, əlli iki qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, M.Vazeh küçəsində yerləşən nömrəsiz evə hesablanmış 875,52 (səkkiz yüz yetmiş beş manat, əlli iki qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova