Məhkəmə qərarları › İş №2(010)-2331/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2331/2021

16.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2331/2021 16.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1997-ci il təvəllüdlü X1 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş X2 onun oğludur. Oğlu vətəni uğrunda (Qarabağ) gedən döyüşlərdə baş nahiyəsindən ağır yaralanmışdır. Hazırda hərbi qospitalda aldığı ağır yaradan koma vəziyyətindədir. Onun hazırda qəyyuma ehtiyacı vardır. O, özünü sərbəst surətdə idarə edə bilmir. Onun daima kənar şəxsin yardımına ehtiyacı vardır. Son günlər oğlunun vəziyyəti daha da ağırlaşmışdır. Oğlu onun köməyi olmadan həkimə müraciət edə bilmir. Suraxanı Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına xəstə oğluna qəyyum təyin edilməsi barədə müraciət etmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2021-ci il tarixli məktubla müraciətinin onlar tərəfindən həll edilməsinin mümkünsüz olduğunu, xəstə oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsi olduqdan sonra müraciətinin müsbət həll ediləcəyini bildirmişlər. Ərizəçi və maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyətinə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də, məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işin icraatına xitam verilməlidir. Belə ki, ərizədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X2 hazırda xəstəxanada koma vəziyyətindədir. Onun psixi qüsurunun olması nə ərizədə qeyd olunub, nə də bunu təsdiq edəcək hər hansı bir sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verir . Həmin Məcəllənin 262.1-ci maddəsinin tələbinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinin tələbinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinin tələbinə görə, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar