Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-245/2022 26.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti borclu Cavabdeh qarşı “pul” tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1975-ci ildə doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 1983 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2003 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı, Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ531BAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(010)-5663/2021 saylı əmri ilə ərizə təmin edilmişdir. Daha sonra, borclu Cavabdeh əmrə etiraz verərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(010)- 5663/2021 saylı əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli, 2(010)-5663/2021 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(010)-5663/2021 saylı əmri ləğv edilmiş, işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 02.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-dən dəyəri 1933 manat olan məişət avadanlığı əldə etmiş, borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1390 manat borcu qalmışdır. İş üzrə borclu Cavabdeh 02.11.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-dən dəyəri 704 manat olan məişət avadanlığı əldə etmiş, borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 593 manat borcu qalmışdır. Odur ki, borcludan 1983 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2003 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-yə ödənilməsi zəruridir. Tərəflərin izahatları. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılması və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, "xxxx" MMC tərəfindən ona xarab telefon satılmışdır. Belə ki, telefon işlənmiş və qüsurlu telefon olmuş, iş materiallarında olan mütəxəssis rəyi ilə də bu hal müəyyən edilmişdir. O, telefonu aldıqdan dərhal sonra işi ilə əlaqədar olaraq Şuşaya getməli olduğundan və orada bir ay qaldığından telefondakı qüsurlarla bağlı ancaq bir ay sonra "xxxx" MMC-yə müraciət edə bilmişdir. Həmin vaxt ona telefonu yenisi ilə dəyişmək üçün müddəti ötürdüyünü, ancaq telefonun servisə verilə biləcəyini demişlər. O, bununla razılaşmışdır, çünki telefonda olan qüsurlarla telefon demək olar ki, yararsız vəziyyətdə olmuşdur. Belə ki, telefonla qulaqlıq vasitəsilə danışmaq mümkün olmamış, eyni zamanda “whatsapp”dan görüntülü zəng zamanı qarşı tərəfin səsi eşidilməmiş, telefonla adi danışıq zamanı da tez-tez kəsilmələr olmuşdur. Hansı ki, bu problemlərin hamısı ilk gündən telefonda olmuşdur. Sadəcə olaraq telefonu alan kimi işi ilə əlaqədar Qarabağa getməli olduğundan və bir ay geri qayıda bilmədiyindən yalnız bir ay sonra bu problemlərlə bağlı müraciət edə bilmişdir. Telefonu "xxxx" MMC-nin servisindən götürərkən telefonda heç bir problemin qalmadığı deyilmişdir. Lakin telefonu yenidən yoxlayan zaman eyni qüsurların telefonda qaldığını görmüşdür. İddiaçı tərəfindən ona xarab telefon satıldığına görə övladı dörd ay onlayn təhsildən geri qalmış, ali məktəbə qəbul imtahanında az bal toplamış, nəticədə özəl ali təhsil müəssisəsinə qəbul olmuşdur. Hansı ki, övladının həmin ali təhsil müəssisəsində təhsil alması üçün illik 2000 manatdan çox təhsil haqqı ödəməlidir. O, "xxxx" MMC tərəfindən özünə dəymiş bu ziyanı tələb edəcəkdir. "xxxx" MMC-dən götürdüyü kompüterə gəldikdə isə onun pulunu qəsdən ödəməmişdir. Çünki o, "xxxx" MMC-nin əməkdaşlarına demişdir ki, xarab telefon satdıqlarına görə ona dəymiş ziyanı ödəməsələr, kompüterin pulunu ödəməyəcək. "xxxx" MMC hazırkı vaxtadək ona dəymiş ziyanı ödəmədiyindən o da kompüterin pulunu ödəməkdən imtina edir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materialları. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 02.11.2020-ci il tarixli, MPK5925302 saylı borc müqaviləsinə əsasən, Cavabdeh "xxxx"-dən hissə-hissə ödəniş şərti ilə 1933 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 283 manatını ilkin ödəmiş, qalan 1650 manat məbləği 15 ay müddətinə aylıq 110 manat olmaqla "xxxx"-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minmiş və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 02.11.2020-ci il tarixli, MPK5925303 saylı borc müqaviləsinə əsasən, Cavabdeh "xxxx"-dən hissə-hissə ödəniş şərti ilə 704 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 56 manatını ilkin ödəmiş, qalan 648 manat məbləği 12 ay müddətinə aylıq 54 manat olmaqla "xxxx"-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minmiş və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. 15.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə 02.11.2020-ci il tarixində bağlanmış MPK5925302 saylı müqavilə üzrə ödənilməmiş 1390 manat, 02.11.2020-ci il tarixində bağlanmış MPK5925303 saylı müqavilə üzrə ödənilməmiş 593 manat olmaqla ümumilikdə, 1983 manat borcu vardır. “İnnova” Servis Mərkəzinin 14.03.2021-ci il tarixli texniki rəyindən görünür ki, rəylə müəyyən edilmişdir ki, texniki baxış zamanı “X3 9 Pro” İMEİ: **********46997 telefonunda ana platada olan deffekt istehsalat qüsurudur, telefonu kabelli qulaqlıq vasitəsi ilə normal işlətmək qeyri-mümkündür. Qulaqlıqda olan mikrofon vasitəsilə danışmaq olmur. Telefonda olan nasazlıq ana platanın yeni və ya tam işlək ana plata ilə əvəz olunduğu zaman aradan qaldırıla bilər. İşin faktiki halları. Cavabdeh iddiaçı "xxxx" MMC-dən 02.11.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən 1933 manat və 704 manat qiyməti olan iki mal almış, aldığı malların pulunu müqavilələrə uyğun olaraq hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iddiaçı "xxxx" MMC Cavabdeh bu müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyini, borcunu tam ödəmədiyini bildirərək, hər iki müqavilə üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-dən hissə-hissə ödəniş şərtilə aldığı telefonda istehsalat qüsuru olduğunu, telefonu aldığı ilk gündən bir sıra problemləri olduğunu və problemlərin telefonun normal istifadəsinə mane olduğunu bildirdiyindən məhkəmə tərəfindən telefonda istehsalat qüsuru olub-olmadığını müəyyən etmək məqsədilə mütəxəssis cəlb edilmiş, verilmiş mütəxəssis rəyində telefonun ana platasında deffekt olduğu və bu deffektin istehsalat qüsuru olduğu, telefonu kabelli qulaqlıq vasitəsi ilə normal işlətməyin qeyri-mümkün olduğu, qulaqlıqda olan mikrofon vasitəsilə danışmağın isə mümkün olmadığı bildirilmişdir. Bununla belə telefonda olan nasazlığın ana platanın yeni və ya tam işlək ana plata ilə əvəz olunduğu zaman aradan qaldırıla biləcəyi qeyd edilmişdir. Müvafiq mütəxəssis rəyinin iddiaçıya göndərilməsi təmin edilsə də iddiaçı "xxxx" MMC tərəfindən rəylə bağlı heç bir münasibət bildirilməmiş, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə iddianı qəbul etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581. Əşyaların keyfiyyəti. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 582. Malın keyfiyyəti üçün qarantiya. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 588. Satıcının cavabdeh olduğu qüsurlar. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri. 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 64. Mütəxəssis. 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi. İşin faktiki hallarından göründüyü kimi iddiaçı "xxxx" MMC və Cavabdeh arasında 02.11.2020-ci il tarixdə iki nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilələrin heç birində satılan əşyanın nədən ibarət olduğu qeyd edilməsə də cavabdehin izahatı əsasında müəyyən edilmişdir ki, müqavilələrdə “məişət avadanlığı” kimi təsvir edilən əşyalardan biri mobil telefon, biri isə kompüterdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, kompüterin keyfiyyəti ilə bağlı mübahisə olmasa da mobil telefonun keyfiyyəti ilə bağlı belə bir mübahisə vardır. Çünki iş materiallarından görünür ki, Cavabdeh telefonda “Qulaqlıq ilə danışmaq olmur. “Whatsapp”da görüntülü danışıq zamanı qarşı tərəfin səsi gəlmir və s.” kimi qüsurların olması ilə bağlı "xxxx" MMC-yə müraciət etmişdir. Telefon "xxxx" MMC-nin servisi tərəfindən “Proqram təminatı yeniləndi. Qüsur aşkar olunmadı” qeydi ilə Cavabdeh təhvil verilmişdir. Məhkəmə araşdırması gedişində Cavabdeh telefonda istehsalat qüsuru olduğunu iddia etdiyindən məhkəmə tərəfindən mobil telefon texniki servisindən mütəxəssis rəyi alınmış və verilmiş rəydə telefonun ana platasında deffekt olduğu və bu deffektin istehsalat qüsuru olduğu, telefonu kabelli qulaqlıq vasitəsi ilə normal işlətməyin qeyrimümkün olduğu, qulaqlıqda olan mikrofon vasitəsilə danışmağın isə mümkün olmadığı bildirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən 02.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-dən alınmış telefonda istehsalat qüsuru olmuş, telefon Cavabdeh satılarkən malın keyfiyyəti ilə bağlı qanunla müəyyən edilmiş tələblər pozulmuşdur. Nəzərə alınmalıdır ki, müvafiq mütəxəssis rəyində qeyd edildiyi kimi bu qüsur aradan qaldırıla bilən olmasına və Cavabdeh tərəfindən həmin qüsurun aradan qaldırılması üçün "xxxx" MMC-yə müraciət edilməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən telefondakı istehsalat qüsuru aradan qaldırılmamışdır. Beləliklə, "xxxx" MMC satıcı kimi keyfiyyətli əşya satmaq vəzifəsini düzgün yerinə yetirməmiş, alıcıya lazımi keyfiyyətdə olmayan əşya vermişdir. Üstəlik, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, telefonda olan qüsur səbəbilə telefonu kabelli qulaqlıq vasitəsi ilə normal işlətməyin qeyri-mümkün olduğu, qulaqlıqda olan mikrofon vasitəsilə danışmağın isə mümkün olmadığı mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Həmçinin, "xxxx" MMC-nin servisində bu qüsurların “aradan qaldırılması”na baxmayaraq, eyni qüsurlar telefonda qalmağa davam etmiş, telefondan rahat istifadəni mümkünsüz etmişdir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, "xxxx" MMC satdığı keyfiyyətsiz əşyanın pulunu cavabdehdən tələb edə bilməz. Belə ki, keyfiyyətsiz mal alan Cavabdeh alqı-satqı müqaviləsinin icrasından imtina etmək hüququ vardır. Satdığı malda olan istehsalat qüsurunu nə aradan qaldırmayan, nə də malı yenisi ilə əvəz etməyən iddiaçının isə bu mala görə ödənilməmiş pulu cavabdehdən tələb etməsi əsassızdır. Odur ki, iddia telefona görə qalıq borcun (593 manat) ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Lakin tərəflər arasında bağlanmış digər alqı-satqı müqaviləsində vəziyyət fərqlidir. Belə ki, cavabdehin bu müqavilə üzrə satılan əşyanın keyfiyyəti ilə bağlı heç bir mübahisəsi olmamış, əşyanın satılan vaxt keyfiyyətsiz olması məhkəmə araşdırması nəticəsində də müəyyən edilməmişdir. Belə olan halda Cavabdeh bu əşyaya görə borcunu ödəməməsi müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü həmin müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alqı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək əşyanı borcluya vermişdir. Borclu isə bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq aldığı əşyaya görə ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən bu alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1390 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun bu iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxt qüvvədə olan tələblərinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Lakin iş iddia icraatına keçirildikdən sonra qüvvədə olan “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1983 manat qiymətində olan iddia üçün ödənilməli dövlət rüsumu 39.83 manat olduğundan 19.83 manat məbləğində dövlət rüsumu ödənilməmiş rüsum kimi qəbul edilməli, ödənilməmiş rüsumun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 13.9 manatı cavabdehdən, 5.93 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1390 (min üç yüz doxsan) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 13.9 manat (on üç manat doxsan qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, ödənilməmiş 5.93 manat (beş manat doxsan üç qəpik) məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1390 (min üç yüz doxsan) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 13.9 manat (on üç manat doxsan qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilməmiş 5.93 manat (beş manat doxsan üç qəpik) məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-245/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-245/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver