Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2486/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəbli küçəsində yerləşən ünvansız fərdi yaşayış evinin sayğacına qanunsuz hesablanmış 10.977 (on min doqquz yüz yetmiş yeddi) manat əsassız cərimə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəbli küçəsində yerləşən ünvansız fərdi yaşayış evinin işıq sayğacına (abunə kodu: **********300B) 10.977 (on min doqquz yüz yetmiş yeddi) manat əsassız cərimə borc hesablanmışdır. Buna görə də cavabdeh təşkilatın əməkdaşları onun evinə çəkilmiş elektrik kabel xəttini söküb aparmışlar. Neçə gündür ki, onun yaşadığı evə elektrik enerjisinin verilməsi sonuncular tərəfindən qanunsuz olaraq dayandırılmışdır. "xxxx" ASC-nin əməkdaşları ona qanunsuz yazılmış cərimə borcunun dəyəri ödənilməyənə qədər onların evinə elektrik enerjisinin verilməsinin bərpa edilməyəcəyini bildirmişlər. Bu isə tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı Qərarının 8.33-cü maddəsində göstərilir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə qaydalarında pozuntuya yol verildiyi aşkar edilərsə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilməli və aktın bir surətini məişət abonentinə verməlidir. Akt enerji təchizatçısının nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. "xxxx" ASC tərəfindən verilən akt isə qeyd edilən qərara zidd olaraq tərtib olunmuş, heç bir şahidin iştirakı olmadan baxış keçirilmiş və akt yalnız onların işçiləri tərəfindən tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, onların əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirilərkən sayğaca əlavə qoşulma aşkar edilmişdir. Həmçinin cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddiaçının evində istixana fəaliyyət göstərdiyindən işıq sərfiyyatının aşağı olması ağlabatan deyil. Məhkəmə tərəfindən mütəxəssislər X2 və X3 iştirakı ilə keçirilən yerli baxış zamanı müəyyən edildi ki, iddiaçının yaşadığı fərdi yaşayış evində quraşdırılmış sayğaca kənar qoşulma əlamətləri aşkar edilsə də, lakin müdaxilə hazırda mövcud deyil. Həmin ünvanda fəaliyyət göstərən istixanada isə elektrik enerjisindən yox, təbii qazdan istifadə edilir. Məhkəmə iddiaçının və cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilən: Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05.04.2021-ci il tarixli 790 nömrəli arayışdan görünür ki, Zairov X1 qəsəbəsi, Məktəbli küçəsindəki ünvansız fərdi yaşayış evində yaşayır. 04.03.2021-ci il tarixli 021578 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin ünvandakı istilikxanaya sayğac sxemindən kənar xətt daxil olduğu müəyyən edilmişdir. Akt "xxxx" ASC-nin əməkdaşları tərəfindən imzalanmış, iddiaçının aktın tərtibi zamanı iştirak etmədiyi göstərilmiş, hal şahidlərinin iştirakı təmin edilməmişdir. “Abunə haqqında” çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəbli küçəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan **********300B nömrəli abonent İddiaçı 10.977 (on min doqquz yüz yetmiş yeddi) manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı 02.02.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə görə isə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmçinin, “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbinə görə elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Lakin hazırki iş üzrə tərtib edilmiş 04.03.2021-ci il tarixli aktdan görünür ki, aktın tərtib edilməsində hal şahidlərinin və iddiaçının – abonentin iştirakı təmin edilməmiş, akt yalnız cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş və imzalanmışdır. Keçirilmiş yerli baxış və həmin baxışdakı mütəxəssislər tərəfindən verilmiş rəyə əsasən müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evində kənar müdaxilə əlamətləri mövcud olsa da, hazırda hər hansı müdaxilə və ya kənar qoşulma mövcud deyildir. Məhkəmə qeyd edir ki, belə bir müdaxilə və ya kənar qoşulma mövcud olmuşdursa belə, həmin müdaxilənin iddiaçı tərəfindən həyata keçirildiyi nə yerli baxış zamanı, nə də iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə cavabdeh tərəfin iddiaçının ünvanında istixana fəaliyyət göstərməsi və buna görə də elektrik enerjisi sərfiyyatının aşağı olmasının ağlabatan olmaması barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, keçirilmiş yerli baxış zamanı qeyd olunan istixananın, elektrik enerjisi ilə yox, təbii qaz vasitəsi ilə fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. İddiaçı onun ünvanında fəaliyyət göstərən istixana ilə bağlı qaz sərfiyyatına dair ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Bu səbəbdən cavabdehin bu dəlilləri də əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin müəyyən edir ki, cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilərkən qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəbli küçəsində yerləşən ünvansız fərdi yaşayış evinin sayğacına hesablanmış 10.977 (on min doqquz yüz yetmiş yeddi) manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəbli küçəsində yerləşən ünvansız fərdi yaşayış evinin sayğacına hesablanmış 10.977 (on min doqquz yüz yetmiş yeddi) manat cərimə borcu silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2486/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2486/2021
01.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver