Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-255/2023 21.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi.
1. Ərizəçi “şəxsin məhdud fəaliyyət qabiliyyəti hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10 fevral 2004-cü il tarixdə anadan olmuş qızı X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
2. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
3. Ərizəçi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Ərizəçi xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirmişdir ki, qızı xx.xx.2004-cü il təvəllüdlü X2 anadangəlmə “daun sindromlu” xəstədir, 1-ci qrup əlildir. Özü ali təhsillidir, ancaq qızının baxımı ilə məşğul olduğu üçün işləyə də bilmir. Qızı 2 saylı xəstəxanada da qalıb. Ona daha əvvəl xəstəliyi ilə əlaqəli pensiya verilirdi, lakin hazırda dayandırılıb. Bu səbəbdən onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İş materialları.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş müayinə vərəqəsindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X2 birinci dərəcəli əlildir. Diaqnoz: “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. İQ36. Nitq artikulyasiyasının spesifik pozğunluğu.
6. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş N-62-099 №-li məktubdan görünür ki, Ərizəçi qızı X2 üzərində qəyyum təyin edilməsinə dair ərizəyə cavab olaraq məhkəməyə müraciət etməyinin məqsədəuyğun hesab edildiyi bildirilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 26 dekabr 2022-ci il tarixli, 4733 №-li ekspert rəyində qeyd olunmuşdur ki, X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X2 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil.
İşin faktiki halları.
8. İş materiallarında olan sənədlərə və rəyə əsasən X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 317. Ərizənin verilməsi 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
11. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
12. Belə ki, tərəfin izahatından və iş materiallarından müəyyən olunur ki, 10 fevral 2004-cü il təvəllüdlü X2 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Məhkəmə xərcləri.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
15. Beləliklə, məhkəmə tərəfləri dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 10 fevral 2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. 10 fevral 2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.