Məhkəmə qərarları › İş №2(010)-2597/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2597/2021

26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2597/2021 26.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizə ilə müraciət edərək, “Torpağın mülkiyyət hüququna dair JN-264 saylı Dövlət aktı”nın ona məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə torpağın mülkiyyətə verilməsi barədə dövlət aktı ilə torpaq sahəsi ayrılmışdır. Lakin həmin aktda adı səhvən “Ruslan” kimi qeyd edilmişdir. Hal hazırda həmin anlaşılmazlıqa görə torpaq sahəsini adına qeydiyyatdan keçirə bilmir. Odur ki, “Torpağın mülkiyyət hüququna dair JN-264 saylı Dövlət aktı”nın ona məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmasını xahiş etmişdir. Maraqlı tərəf – Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 8 saylı Cəlilabad Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işin materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş mareiallarına əlavə olunmuş “Torpağın mülkiyyət hüququna dair JN-264 saylı Dövlət aktı”nın surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 12 fevral tarixli qərarı ilə X4, X3, Zərbəliyev Zulfiqar Fərəc oğlu və Ərizəçi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,84 hektar sahədən ibarət torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surəti və Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 196 saylı arayışdan müəyyən olunur ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Masallı rayonunda anadan olmuşdur. Atası: Zərbəliyev FərəcSurxay oğlu, anası – X1r. İş materiallarına əlavə olunmuş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Təklə kənd inzibati ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən Ərizəçi verilmiş 29 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, “Torpağın mülkiyyət hüququna dair JN-264 saylı Dövlət aktı”nda “X5” Ərizəçi kimi oxunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən Ərizəçi ünvanlanmış 11.01.2021-ci il tarixli cavab məktubundan görünür ki, “Torpağın mülkiyyət hüququna dair JN-264 saylı Dövlət aktı”na dəyişilkilər edilməsi İdarənin səlahiyyəti daxilində olmadığına görə məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Beləliklə də, məhkəmə iclasında ərizəçinin izahatı və iş materialları ilə təsdiq olundu ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 12 fevral tarixli qərarı ilə X4, X3, Zərbəliyev Zulfiqar Fərəc oğlu və Ərizəçi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,84 hektar sahədən ibarət torpaq sahəsi ayrılmış, lakin Dövlət Aktında ərizəçinin adı “Ruslan” kimi qeyd olunmuşdur. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki,ərizə təmin edilməli və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. “Torpağın mülkiyyət hüququna dair JN-264 saylı Dövlət aktı”nın 29 avqust 1976-cı il tarixdə Masallı şəhərində doğulmuş Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar