Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2613/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Hövsan qəsəbəsi, 850-ci keçid ünvanındakı İddiaçı məxsus fərdi yaşayış evinin həyətindəki taxta sexində quraşdırılmış, A101042592M205503 saylı elektrik sayğacında 27331 Kvt elektrik enerjisi sərfiyyatına görə xx.xx.2011-ci il tarixində bağlanmış akta əsasən İddiaçı "xxxx" ASC-nin xeyrinə 1639 manat 89 qəpik pulun və 535 manat 35 qəpik cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, 1850-ci keçid ünvanındakı fərdi yaşayış evinin həyətindəki taxta sexində il ərzində bir neçə dəfə sifariş olduqda dülgər işinin icrası ilə pərakəndə qaydada məşğul olmaqla xx.xx.2010-cu il tarixdən həmin sexdə quraşdırılmış A101042592M205503 saylı elektrik sayğacından gündəlik istifadə etdiyi elektrik enerjisinin sərfiyyatına görə davamlı olmaqla istifadə haqqını bank hesabına ödəmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları əvvəlcədən rəsmi xəbərdarlıq etmədən enerji sərfiyyatına görə borcunu ödəməli olduğunu və həmin borcu ödəmədiyi halda cərimə olunacağını şifahi surətdə bildirmişlər. xx.xx.2022-ci il tarixdə Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsində qəbulda olub bu barədə şifahi müraciəti araşdırılarkən ona məlum olmuşdur ki, xx.xx.2011-ci il tarixdə bağlanmış akta əsasən sayğac göstəricisindəki 27331 Kvt enerji sərfiyyatına görə ödənilməyən 1639 manat 89 qəpik məbləğində borcunu ödəməlidir. Sözügedən məbləği ödəmədiyi üçün 535 manat 32 qəpik məbləğində cərimə edildiyi və hər iki məbləğin cəminin şəxsi elektron hesabında qeyd olunduğunu əks etdirən abunə haqqında hesab da ona təqdim olunmuşdur. Onunla cavabdeh arasında elektrik enerjisinin alqı-satqısına dair müqaviləyə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə görə aparılmalıdır. Qeyd edilən tələb həm də “X1 Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının 8.2-ci bəndində müəyyən edilmişdir: “Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssiəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricinə əsasən tam hesablanmalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir)”. Sayğacdakı 27331 Kvt enerji sərfiyyatının göstəricinə görə xx.xx.2011-ci il tarixli akta dair cavabdeh ona xx.xx.2022-ci ildə təqdim etməklə sözügedən qərarın 8.2ci bəndinə əməl edilməli 1 aylıq müddəti artıq 10 il 2 aydır ki ötürmüşdür.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək bildirdi ki, "xxxx" ASC tərəfindən ona məxsus Bakı şəhəri, Hövsan qəsəbəsi, 850-ci keçid ünvanındakı fərdi yaşayış evi və onun həyətindəki taxta sexində quraşdırılmış elektrik sayğaclarına əsasən iki akt tərtib edilmişdir. Taxta sexindəki sayğac barədə tərtib edilmiş akta əsasən 1639.86 manat, fərdi yaşayış evindəki sayğaca əsasən isə 535.32 manat borc hesablanmışdır. Lakin həmin aktlar tərtib edilən zaman ona cavabdeh tərəfindən heç bir məlumat verilməmişdir. Onun yaşadığı evə işıq təchizatını dayandırdıqları üçün "xxxx" ASC-nin Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinə müraciət etmiş və onun şifahi müraciəti araşdırılan zaman onun akta görə borcu olduğu müəyyən edilmişdir. Daha sonra akta görə hesablanmış borcun əks etdirildiyi çıxarış ona təqdim edilmişdir. Fərdi yaşayış evindəki sayğaca əsasən hesablanmış borcun 152.4 manat miqdarında hissəsi sərfiyyata görə hesablanmış borcdur, qalan 382.92 manat borc isə akta görə hesablanmış borcdur. Sərfiyyata görə hesablanmış 152.4 manat borcu qəbul edir. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla iddianın qismən təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıya məxsus sayğaclara müvafiq olaraq 1639.86 manat məbləğində və 382.92 manat məbləğində borc hesablanmaqla iki akt tərtib edilmişdir. Lakin aktların tərtib edilməsindən uzun müddət keçdiyi üçün onların tapılması mümkün olmamışdır. Həmçinin, qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi pulun 152.4 manatı aktlara görə yox, iddiaçının elektrik enerjisi sərfiyyatına görə hesablanmış borcdur. Hesab edir ki, iddia əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
5. "xxxx" ASC tərəfindən tərtib edilmiş **********90005 kodlu abonentin saldosundan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1850-ci keçid ünvanında yerləşən taxta sexinə quraşdırılmış elektrik sayğacı barədə abonentə xx.xx.2011-ci il tarixdə akta görə 1639.86 manat məbləğində borc hesablanmışdır.
6. "xxxx" ASC tərəfindən tərtib edilmiş **********40000 kodlu abonentin saldosundan görünür ki, ünvan 4, Çöllük küçəsi ünvanında yerləşən fərdi aşayış evinə quraşdırılmış elektrik sayğacı barədə abonentə xx.xx.2009-cu il tarixdə sayğacdan kənar işlədicilərin olmasına görə 1965.72 manat borc hesablanmış, xx.xx.2011-ci il tarixdə protokol əsasında 1813.32 manat məbləğində borcu silinmiş, xx.xx.2013-cü il tarixdə sxemdən kənarlaşdırılmasına görə 381.24 manat borc hesablanmış və aktın köhnə tarifinə görə abonentə 1.68 manat borc hesablanmışdır.
İşin faktiki halları.
7. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent İddiaçı ünvanında X1 qaydalarının pozulmasına görə xx.xx.2009, xx.xx.2011-ci il, xx.xx.2013-cü il tarixlərdə aktlar tərtib edilmişdir. Bu aktlara görə abonentə müvafiq olaraq 1965.72 manat, 1639.86 manat və 381.24 manat borc hesablanmışdır. Abonentin saldolarından belə görünür ki, xx.xx.2009-cu il tarixli akta görə hesablanmış 1965.72 manat borcun 1813.32 manatı xx.xx.2011-ci il tarixdə silinmişdir. Məhkəmə iclasında iştirak edən hər iki tərəf mübahisələndirmədən qəbul etmişdir ki, həmin akt üzrə qalan 152.4 (1965.72 - 1813.32) manat borc abonentin X1yə görə hesablanmış borc olmuşdur.
8. Hazırda bu aktlar əsasında ondan tələb edilən borcun əsassız olduğunu hesab edən İddiaçı məhkəmədən müvafiq borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə iddianı qəbul etməsə də iddiaçıya borc hesablanmasına əsas olmuş aktların tapılmadığını bildirmişdir.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”:
7. Elektrik enerjisinin uçot cihazlarinin quraşdırılması və istismarı. 7.6. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.
Məhkəmənin mövqeyi.
13. İşin faktiki hallarından göründüyü kimi cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı ünvanında X1 qaydalarının pozulmasına görə 2009-2013-cü illərdə müxtəlif aktlar tərtib edilmiş və bu aktlara əsasən istehlakçı İddiaçı borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldolarından görünür ki, həmin aktlara görə hesablanmış borc üzrə İddiaçı hazırda cəmi 2022.78 (1639.86+381.24+1.68) manat borcu var. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi bu borcun həmin aktlara görə hesablandığını qəbul etmiş, lakin aktların tərtib olunmasından uzun vaxt keçdiyinə görə aktların tapılmasının mümkün olmadığını bildirmişdir.
14. Bu vəziyyətdən belə görünür ki, cavabdeh "xxxx" ASC faktiki olaraq mövcud olmayan (tapılmayan) aktlara görə iddiaçıdan pul tələb edir. Halbuki əgər cavabdeh iddiaçının təqsirinə görə X1 qaydalarının pozulduğunu iddia edib buna görə iddiaçıdan pul tələb edirsə, ilk növbədə bu pozuntunun həqiqətən baş verdiyini sübut etməlidir. Hazırkı işdən isə nəinki iddiaçının X1 qaydalarını təqsirli pozması müəyyən edilmir, hətta iddiaçının ünvanında hər hansı pozuntu faktının (heç bir tərəfin təqsiri axtarılmadan) aşkar olunması nəticəsinə gəlmək belə mümkün olmur.
15. Halbuki mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, mad. 14.2 və 77.1). Həmçinin, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
16. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilməsi mümkün olmayan aktlara görə iddiaçıdan pul tələb edilə bilməz. Odur ki, bu aktlara əsasən hesablanmış 2022.78 manat borc iddiaçının hesabından silinməlidir.
17. Lakin məhkəmə iddia tələbinin qalan hissəsini əsassız hesab edir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, xx.xx.2009-cu il tarixli akta görə hesablanmış 1965.72 manat borcun 1813.32 manatı xx.xx.2011-ci il tarixdə silinmişdir. Məhkəmə iclasında iştirak edən hər iki tərəf mübahisələndirmədən qəbul etmişdir ki, həmin akt üzrə qalan 152.4 manat borc abonentin X1yə görə hesablanmış borcu (sərfiyyat borcu) olmuşdur. Belə olan halda iddiaçı həmin borcun da silinməsini tələb edə bilməz. Ona görə ki, sərf etdiyi elektrik enerjisinin dəyərini ödəmək istehlakçı kimi iddiaçının borcudur.
18. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 2022.78 manat (iki min iyirmi iki manat yetmiş səkkiz qəpik) məbləğində borc onun hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
20. Göstərilənlərə əsаsən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı aktlara əsasən hesablanmış 2022.78 manat (iki min iyirmi iki manat yetmiş səkkiz qəpik) məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva