Məhkəmə qərarları › İş №2(010)-2643/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-2643/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2643/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.0(iyirmi min) manat məbləğində əsas borcun, 6000 (altı min) manat məbləğində faiz borcunun; 10.000 (on min) manat məbləğində mənəvi ziyanın, 40.0(qırxmin)manat məbləğində əldən çıxmış faydanın, iş üzrə ödənilmiş 31 (otuz bir) manat məbləğdə dövlət rüsumunun, ümumilikdə 76.031 ( yetmiş altı min otuz bir) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, 29 oktyabr 2018-ci il tarixdə İddiaçı ilə ROR-COMPANY MMC-nin direktoru X4 arasında “Ba Nefro N30”, “Ba Enzim N30”, “Ba Hepa N30” adlı məhsulların xaricdən Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı 9 nömrəli müqavilə bağlanmışdır. Bu məhsulların (dərmanların) gətirilməsi üçün 20.000 (iyirmi min) manat pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı cavabdehə müqavilə üzrə müəyyən olunmuş pul məbləğini ödəmək məqsədilə 01 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə borc götürmüşdür. Belə ki, 09/2018-ci il tarixli 9 nömrəli Müqaviləyə əsasən satıcı “ROR-COMPANY“ MMC-nin direktoru cənab Elmir Aslanlı İddiaçı alıcı qismində çıxış etmişdir. Müqavilənin şərtlərinə əsasən alıcı olaraq satıcının BaNefro N30 3000 ədəd; BaEnzim N30 3000 ədəd; BaHepa N30 3000 ədəd; hər birinin qiyməti 2,10 ABŞ dolları müəyyən edilmişdir. Satıcı əvvəlcədən ödənişi nagd şəkildə qəbul etmiş, lakin ödənişdən sonra 10 həftə ərzində qeyd olunan malları çatdırmağı qəbul etsədə bu günədək çatdırmamışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməməklə iddiaçıya maddi və mənəvi ziyan vurmuş və bu hərəkətlərini davam etdirir. 20.0(iyirmi min) manat məbləğində əsas borcun, 6000 (altı min) manat məbləğində faiz borcunun; 10.000 (on min) manat məbləğində mənəvi ziyanın, 40.0(qırxmin)manat məbləğində əldən çıxmış faydanın, iş üzrə ödənilmiş 31 (otuz bir) manat məbləğdə dövlət rüsumunun, ümumilikdə 76.031 ( yetmiş altı min otuz bir) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan 29 oktyabr 2018-ci il tarixli 9 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə ROR-COMPANY MMC-nin direktoru X4 arasında “Ba Nefro N30”, “Ba Enzim N30”, “Ba Hepa N30” adlı məhsulların xaricdən Azərbaycan Respublikasına gətirilməsi barədə müqavilə bağlanmışdır. Belə ki iş materiallarında olan 01 noyabr 2018-ci il tarixli kredit müqailəsindən görünür ki,borverən- X2 borcalan İddiaçı 20.000 manat borc pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdeh X1 8750 manat və 400 ABŞ dolları məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı xeyrinə cavabdeh X1 8750 manat və 400 ABŞ dolları məbləğində borc tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220, 222, 227, 233, 241, 242, 244, 252, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. 20.0(iyirmi min) manat məbləğində əsas borcun, 6000 (altı min) manat məbləğində faiz borcunun; 10.000 (on min) manat məbləğində mənəvi ziyanın, 40.0(qırxmin)manat məbləğində əldən çıxmış faydanın, iş üzrə ödənilmiş 31 (otuz bir) manat məbləğdə dövlət rüsumunun, ümumilikdə 76.031 ( yetmiş altı min otuz bir) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 253-cü maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar