Məhkəmə qərarları › İş №2(010)-2691/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2691/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2691/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “elektrik enerjisindən istifadəyə görə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “xxxx” ASC) Cavabdeh qarşı “elektrik enerjisindən istifadəyə görə borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 4841 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi abonent kodu **********00048 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı “xxxx” ASC-yə cəmi 4841 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət edilmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 4841 manat borcu bu günə qədər ödəməyərək “xxxx” ASC-yə zərər vurmuşdur. “xxxx” ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gedərək sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş-xəbərdarlıq təqdim etməsi tələbin irəl sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə verərək bildirdi ki, o, iddia qismən, 1296.41 qəpik hissəsində qəbul edir. Odur ki, iddianın qismən təmin edilməsinə heç bir etiraz olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “xxxx” ASC tərəfindən verilmiş 10.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh elektrik enerjisindən istifadə etməsi nəticəsində 2008-ci il tarixdən hazırkı günədək 4841 manat məbləğində “xxxx” ASC-nin qarşısında borcu yaranmışdır. 2015-ci ilə qədər olan borc 3544.59 manat, ondan sonra olan borc 1296.41 manat təşkil edir. “xxxx” ASC tərəfindən abonent Cavabdeh elektrik enerjisindən istifadəsinə görə 01.04.2021-ci il tarixinə tərtib edilmiş bildirişdən görünür ki, ödəniləcək cəmi məbləğ 4841 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, elektrik enerjisi istehlakçısı Cavabdeh istifadə etdiyi enerjinin dəyərini vaxtlı-vaxtında və lazımınca ödəmədiyindən onun elektrik enerjisindən istifadəyə görə külli miqdarda borcu yaranmışdır. Belə ki, borc 2008-ci ildən hazırkı günədək hesablanan borcdur. Cavabdeh özü də bu borcu qismən, 1296.41 manat hissəsində qəbul etmişdir. Lakin borcun əsas kütləsini 2015-ci ilə qədər olan hissə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göründüyü kimi, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir və öhdəliyə xitam verilir. Hazırkı iş üzrə vaxtaşırı ödənişlərin ayda bir dəfə edildiyi nəzərə alınsa cavabdehdən beş ildən əvvəlki dövr üçün hesablanmış borc tələb edilə bilməz. Çünki həmin illərlə bağlı cavabdehin öhdəliklərinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 2016-cı ilin birinci yarısı və ondan əvvəlki dövr üzrə borc öhdəliklərinə müddətin keçməsinə görə xitam verilməlidir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, öhdəliklərin xitamı üçün müddət və iddia müddəti fərqli anlayışlardır. Odur ki, borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımının kəsilməsi ilə bağlı qeyd edilənlər yalnız iddia müddətinə aiddir və hazırkı işə aidiyyəti yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh elektrik enerjisindən istifadəyə görə 2016-cı ilin ikinci yarısı üzrə 156.4 manat, (241.4 manat (ikinci yarı üzrə borc) - 85 manat (ikinci yarı üzrə abunə ödənişləri)), 2017-ci il üzrə 333.36 manat, 2018-ci il üzrə 26.26 manat, 2019-cu il üzrə 161.55 manat, 2020-ci il üzrə 161.9 manat, 2021-ci il üzrə 14.5 manat olmaqla, cəmi 853.97 məbləğində pul tutulmalıdır. Belə ki, “Elektrik enerjisindən istifadə qaydalarının”: 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 8.1-ci maddəsinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2-ci maddəsinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən – 1296.41 manat hissədə etiraf etsə də məhkəmə bu etirafın qanuna zidd, yaxud cavabdehin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmadığını yoxlamalı və buna qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Hazırkı halda məhkəmə hesab edir ki, 2016-cı ilin birinci yarısı və ondan əvvəlki dövr üzrə öhdəliklərə müddətin keçməsi ilə əlaqədar xitam verildiyi halda cavabdehdən həmin dövrə görə pul tutulmamalıdır. Çünki bu xitam verilmiş öhdəliyə görə pul tutulması deməkdir və aydındır ki, bu cür etiraf nə qanuna, nə də cavabdehin qanunla qorunan mənafelərinə uyğun hesab edilə bilməz. Odur ki, məhkəmə bu etirafı yalnız 853.97 manat hissədə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 853.97 manat (səkkiz yüz əlli üç manat doxsan yeddi qəpik) məbləğində pul tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Eyni zamanda, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq (~18%) iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 5 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalanı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 853.97 manat (səkkiz yüz əlli üç manat doxsan yeddi qəpik) məbləğində pul və 5 (beş) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar