Məhkəmə qərarları › İş №2(010)-2701/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2701/2020

17.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2701/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqcudov İsa Sabir oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi X2, Cavabdeh4, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Zavvar oğlu və Cavabdeh4 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Zavvar oğlu və Cavabdeh4 qarşı evə köçürülmə və evdən çıxarma tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Zavvar oğlu və Cavabdeh4 qarşı evə köçürmə və mənzildən çıxarma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, ev 20 ünvanında yerləşən evə köçürülməsi və cavabdehlərin qanunsuz məskunlaşdıqları həmin evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə anası vəfat etdikdən sonra iki bacısı ərləri ilə birlikdə, yəni cavabdehlər babasından qalmış evə yığışaraq xx xxxxx 2020-ci il tarixdə onun yaşayıb daimi qeydiyyatda olmasına baxmayaraq onu məcburi qaydada həmin evdən çıxarmışlar. Bunun üçün bacıları 102 xidmətinə zəng vuraraq onun evdə dava-dalaş saldığını bildirərək polisləri evə çağırmışlar və 30-cu Polis Bölməsinin əməkdaşları gəlib ona tövsiyyə etmişlər ki, mənzili tərk edib evə köçürülməsi və qanunsuz yaşayanların evdən çıxarılmaları barədə məhkəmə qərarı qəbul edilməsinə nail olandan sonra köçüb sərbəst yaşamasını davam etsin. Onun əşyaları hazıra kimi həmin evdə yerləşir, lakin bəzi avnonəqliyyat vasitələrinə aid ehtiyyat hissələri artıq bacıları tərəfindən oğurlanmışdır. İddiaçı və onun nümayəndəsi qismində izahat vermiş X2 məhkəmə iclasında ayrıayrılıqda verdikləri izahatlarında iddia ərizəsində göstərdikləri xüsusatları bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh4 Balaba qızı iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli evin heç bir hüquqi müəyyənedici sənədi yoxdur və son vaxa kimi həmin evdə 2020-ci ilin fevral ayına qədər mərhum anaları yaşamışdır. Lakin anları vəfat edəndən sonra iddiaşə həmin evi sahibliyinə və istifadəsinə keçirmək məqsədilə analarının vəfatından sonra onu və bacısı Cavabdeh2 həmin evdən çıxartmaları barədə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Əslində iddiaçı uzun illər həmin evdən köçüb getmişdir. Belə ki, mərhum babaları – Söhbətov Cabbar Baba oğlu ünvan 1 ünvanında yerləşən evini İddiaçı vəsiyyət etmiş və sonuncu hazıra kimi həmin evdə yaşayır. Həmçinin mərhum atalarının 2007-ci ildə iddiası əsasında Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə onun (İddiaçı) mübahisəli evə olan istifadə hüquqlarına xitam verilmişdir. Belə olduğu halda iddianın əsassız olduğuna görə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, İddiaçı uşaqlığ vaxtından tanıyır və sonuncu ünvan 2 ünvanında yaşayır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Zavvar oğluna məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsassızdır. İşin materiallarına əlavə olunmuş Suraxanı Rayon Məhkəməsinin 2-227/2007 saylı mülki iş üzrə qəbul edilmiş qətnamə ilə Söhbətov Balababa Cabar oğlunun İddiaçı qarşı Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evə istifadə hüququnun itirilməsinə dair iddiası təmin edilmişdir. İş materiallarına əlavə olunmuş Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı hal-hazırda ailəsi ilə birlikdə Hövsən qəsəbəsində Maqazin küçəsində yaşayır. İş materiallarına əlavə edilmiş İddiaçı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, sonuncu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kooperativ küçəsində yerləşən 20 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasəb daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı cavabdehlərin mübahisəli evdən çıxarılmalarına dair iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli və heç bir hüquqmüəyyənedici sənədi olmayan özbaşına tikili üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Eyni ilə məhkəmə onun həmin evə köçürülməsi barədə iddia tələbini əsassız hesab edərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisəli evdə yaşamasını və bununla da həmin evin onun adətən yaşadığı yer olmasını sübuta yetirə bilməmiş və onun bu dəlilini təsdiq edən yeganə şahid ifadəsi işin materialları ilə (Suraxanı Rayon Məhkəməsinin 2-227/2007 saylı qətnamə, Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin arayışı və sair) təkzib olunur. Digər tərəfdən iddiaçının mübahisəli evdə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Belə ki, qeydiyyatın məqsədi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə də, əşyalara dair əmlak hüquqlarının yaranması Mülki Məcəllə ilə tənzimləndiyindən həmin Məcəllənin tələblərinə görə iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Zavvar oğlu və Cavabdeh4 qarşı evə köçürmə və mənzildən çıxarma tələbi barədə iddia tələbləri əsassızdılar . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə köçürmə və mənzildən çıxarma tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar