Məhkəmə qərarları › İş №2(010)-2714/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2714/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2714/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı “X1-Bakı” MMC-nin nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, İddiaçı “X1-Bakı” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1-Bakı” MMC Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən klinikanın xeyrinə 20.613,33 manat pulun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixində cavabdeh X3 ünvan 1 ünvanında yerləşən klinikaya gətirilmişir. Cavabdeh ilə klinika arasında xx xxxxxx 2019-cu il tarixində müvafiq tibbi xidmətlərin göstərilməsi üçün müqavilə bağlanmış və xəstəyə müqavilə çərçivəsində tibbi yardım göstərilmişdir. Cavabdehin anası X3 xx xxxxxx 2019-cu il tarixdə klinikada ölmüşdür. xx xxxxxx 2019-cu il tarixədək xəstəyə klinika tərəfindən 28.113,33 manat dəyərində tibbi xidmət göstərilmiş, 7500 manat olan hissəsi cavabdeh tərəfindən ödənilmiş, yuxarıda göstərilən günədək 20.613,33 manat borcu qalmışdır. Xəstənin həm klinikada yatdığı dövr, həm də sonrakı dövr ərzində cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdehə borcun ödənilməsi və xəstənin pulsuz tibbi yardımdan faydalana bilməsi üçün digər dövlət tibb müəssisəsinə köçürülməsi ilə bağlı dəfələrlə şifahi xəbərdalıq edilməsinə baxmayaraq, məsələ öz həllini tapmamışdır. xx xxxxxx 2019-cu il tarixli “tibbi xidmət müqaviləsi”nin 8-ci maddəsinə əsasən klinika cavabdehlərin razılığı olmadan xəstəni digər dövlət tibb müəssisəsinə köçürə bilər. Beləliklə, klinika xəstənin pulsuz tibbi yardımdan istifadə edə bilməsi və klinikada aparılıb və aparılacaq müalicənin (tibbi yardımın) pulunu ödəyə bilməməsi halını nəzərə alaraq, xəstənin köçürülməsi ilə bağlı müvafiq dövlət tibb müəssisəsi ilə danışıqlar apararaq, razılıq əldə etmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, köçürülmənin baş tutmaması üçün xəstə yaxınları həmin xəstəxanaya gedərək müvafiq təzyiqlər göstərmiş və nəticədə köçürülmənin baş tutmamasına nail olmuşlar. “Özəl X5” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə görə, özəl tibb fəaliyyəti hüquqi və fiziki şəxslərin vəsaitləri, icbari və könüllü tibbi sığorta vəsaitləri, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Göründüyü kimi klinika özəl tibbi fəaliyyətinin subyekti olduğundan, maliyyələşməsi bilavasitə xəstələrlə həmçinin üçüncü şəxslərin (xəstənin) xeyrinə vətəndaşlarla bağlanan müqavilələrə görə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi nəticəsində formalaşır. Lakin faktura üzrə yaranmış borcun cavabdeh tərəfindən ödənişin edilməməsi nəticəsində klinikamız müalicəni öz vəsaiti hesabına həyata keçirmək məcburiyyətində qalmışdır. Bununla da klinika lazımi tibbi xidmətlərin göstərilməsində çətinliklərlə yanaşı xeyli miqdarda maddi ziyana uğramışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X4 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək cavabdehin hesab-fakturada göstərilən məbləği ödəmədiyini bildirib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etirazını bildirərək iddiaçı ilə aralarında olan razılığa əsasən mərhum anasının müalicəsi üçün tələb edilən dərmanların özü tərəfindən alındığını, xəstəxanada qalma xərcinin isə klinika tərəfindən güzəşt edildiyini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatlarını dinləyib, işin məhkəmə tərəfindən araşdırılan hallarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən: - xx.xx.2019-cu il tarixli Tibbi xidmət Müqaviləsindən görünür ki, bir tərəfdən “X1” MMC, digər tərəfdən Cavabdeh və Sevil Zeynalova müvafiq tibbi xidmətin göstərilməsi barədə müqavilə bağlamışlar. Müqavilənin 1-ci maddəsinə əsasən “klinika” tibbi heyətin nəzərdə tutduqları tibbi xidmətlərin göstərilməsi üçün lazımi şəraiti və məkan təmin edir. “xəstə və ya Xəstə yaxını” isə göstərilən xidmətə görə fakturada müəyyənləşdirilən məbləği ödəyirlər. Müqavilənin 3.1.5-ci maddəsinə əsasən “xəstə” (“Xəstə yaxını”) göstəriləcək tibbi xidmətin Əlavə-1-də təqdim olunan “Qiymət Cədvəli”nə əsasən fakturada əks etdirilən məbləğini “Klinika”ya vaxtında və əksiksiz olaraq ödəyir və ödəniş məbləği göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri qaytarılmayacağını qəbul edir. Müqavilənin ödəniş qaydaları nəzərdə tutulmuş 3-cü maddəsinin 3.3-cü bəndinə görə “xəstə” və “Xəstə yaxını” göstərilən tibbi xidmətin qarşılığı olan avansı (məbləğ göstərilməmişdir.) manat məbləği ilə xidmətin nəticəsindən asılı olmayaraq ödəyir. Müqavilənin 3.4-cü maddəsinə görə müqavilə üzrə ödəniş tibbi yardımın göstərilməsindən əvvəl həyata keçirilir. Müqavilənin 8-ci maddəsində “xəstə” və “Xəstə yaxını” yekun olaraq əməliyatın və göstərilən xidmətlərin keçirilməsinə razı olduqlarını bildirmiş və klinikaya ödənilən, lakin göstərilməmiş məbləğin geri qaytarılmayacağını qebul etmişlər. Sonda, qeyd kimi xəstənin göstərilən tibbi xidmətin qarşılığı olaraq klinikada müalicə aldığı dövrdə faktura üzrə yaranan borc məbləğini ödəmədiyi hallarda müalicəsinin davam etdirilməsi üçün klinika tərəfindən xəstənin dövlət müəssisəsinə köçürülməsi və buna görə xəstə yaxınlarının razılığının tələb olunmaması göstərilmişdir. - xx.xx.2019-cu il tarixli Fakturanın təsdiq edilmiş surətinə əsasən pasient Sevil Zeynalovaya göstərilən tibbi xidmətlərin toplam məbləği 28.113,33 manat təşkil etmişdir. İşə əlavə edilmiş sənədlərə və iddiaçı ərizəsinə əsasən cavabdeh klinikaya 7500 manat məbləğində ödəniş etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından bəlli olur ki, tərəflər arasında müqavilə münasibətləri yaranmış, bu münasibətlərin şərtinə görə klinika cavabdehin mərhum anasına müalicə və tibbi xidmətlər göstərməli, cavabdeh isə bunun qarşılığı olaraq müvafiq ödənişlər həyata keçirməlidir. İddiaçı tərəf ona əsaslanır ki, cavabdeh müəyyən ödənişlər həyata keçirdikdən sonra ödənişi dayandırmış, ona xəstənin dövlət müəssisəsinə keçirilməsi ilə bağlı təklif edilmiş və bu istiqamətlərdə işlər görülmüş, lakin cavabdeh köçürülmənin qarşısını aldığına görə müalicə davam etdirilmiş, nəticədə qeyd edilən məbləğdə borc yaranmışdır. Cavabdeh tərəfin tələbə etirazı ondan ibarətdir ki, anasının müalicəsi klinikada müəyyən müddət davam edəndən sonra o, klinikanın rəhbərliyi ilə razılığa gəlmişdir ki, tələb edilən dərmanların onun tərəfindən alınması şərtilə anası klinikada müalicəsini davam etdirə bilər. Cavabdeh bunun sübutu kimi məhkəməyə həkim reseptlərini və bu reseptlər əsasında aldığı dərmanların ödəniş qəbzlərini təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 398.2-ci maddəsinə görə müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Həmin Məcəllənin 398.3-cü maddəsinə görə əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 447.1.-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.... Tərəflər arasında bağlanmış müqaviləni tədqiq edərkən müəyyən edilir ki, müqavilə, tərəflərdən biri (klinika) bazarda hökmran mövqedə olduğundan formasına görə ümumi müqavilə, tibbi xidmət müəyyən haqq müqabilində olduğuna görə əvəzli müqavilədir. Məhkəmə iddianı təmin etməməkdə gəldiyi hüquqi nəticəni onunla əsaslandırır ki, müqavilədə göstəriləcək tibbi xidmətlərin növləri və istifadə ediləcək dərman preparatlarının qiymətləri, ümumiyyətlə göstəriləcək xidmətlərin qiymətləri ilə bağlı digər müqavilə tərəfinə hər hansı məlumat verilməmiş, bununla bağlı razılaşma əldə edilməmiş, xəstə və ya yaxını tərəfindən avans şəklində ilkin ödənişin ödənilməsi nəzərdə tutulasa da, məbləğ qeyd edilməmişdir. “Özəl X5 Azərbaycan Respublikasının Qanunu”nun 7-ci maddəsinə görə Özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul olan şəxs tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir. Qeyd edilməlidir ki, müqavilənin 3.1.5-ci bəndində göstəriləcək tibbi xidmətin Əlavə- 1 də təqdim olunan “Qiymət Cədvəli” nə əsasən müəyyən edildiyi bildirilsə də, həmin qiymət cədvəli iş materiallarında müəyyən edilmir. Məhkəmə belə bir ehtimalı nəzərə alır ki, göstərilən xidmətin xüsusiyətinə görə müqavilənin bağlandığı zaman hansı tibbi xidmətlərin göstəriləcəyini və hansı müalicənin və hansı zaman çərçivəsində tətbiq ediləcəyini müəyyən etmək mümkün olmaya bilərdi, ona görə də, müqavilə bağlandığı anda tibbi xidmətin yekun məbləğini müəyyən etmək mümkün olmayıb. Lakin, nəzərə alınmalıdır ki, müalicənin başlanmasından qısa müddət sonra yuxarıda qeyd edilən halların müəyyən edilməsi və cavabdeh tərəfə göstəriləcək xidmətə görə müvafiq qiymət cədvəlinin təqdim edilməsi mümkün idi. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin mühüm şərtlərindən biri göstəriləcək xidmətlərə görə qiymətin müəyyən edilməsidir. Müqavilə hüququnu tənzimləyən yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərindən aydın olur ki, mühüm şərt kimi müqavilənin qiyməti təklif edən tərəfindən qəbul edənlə razılaşdırılmalı, bu razılaşma alındıqdan sonra müvafiq xidmət göstərilməlidir. Qeyd edilən bu şərt mübahisə premetinin əsasını təşkil edən müqavilədə də nəzərdə tutulmuşdur. Belə ki, 3.4cü bəndə əsasən müqavilə üzrə ödəniş tibbi yardımın göstərilməsindən əvvəl həyata keçirilir. Başqa sözlə, klinika zəruri olan tibbi yardımı və onun məbləğini digər tərəfə bildirir, bununla bağlı digər tərəfin razılığını aldığı təqdirdə həmin yardımı ödənişi həyata keçirildikdən sonra edir. Hazırkı işə əlavə edilmiş sənədlərdən isə görünür ki, iddiaçı xəstənin klinikaya girişi günündən vəfat etdiyi günədək olan bütün dövrü əhatə edən fakturaya əsaslanır, hansı ki, bu məbləğlərlə bağlı ayrı-ayrı dönəmlərdə və ya ümumilikdə cavabdehin məlumatlandırılması və xəbərdar edilməsi müəyyən edilmir. Ona görə də, məhkəmə hesab edir ki, müqavilənin mühüm şərti olan qiymətlə bağlı tələblərə əməl edilməmişdir. Bundan əlavə, məhkəmə iddiaçı tərəfin cavabdehin yaranan borc məbləğini ödəyə bilmədiyi üçün müqavilənin 8-ci bəndinə əsaslanaraq xəstənin köçürülməsi ilə bağlı dövlət tibb müəssisəsi ilə danışıqlar apardıqlarını, lakin xəstə yaxınlarının buna mane olduqlarını, buna baxmayaraq klinikanın humanist mövqe tutması və xəstəni məcburi qaydada klinikadan uzaqlaşdırmaması ilə bağlı dəlillərini qəbuledilən hesab etmir. Belə ki, xəstənin köçürülməsinə cavabdeh tərəfindən maneələr yaradılması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Müqavilənin 8-ci bəndi klinikaya ödəniş edilmədiyi təqdirdə cavabdehin razılığı alınmadan xəstənin dövlət səhiyyə müəssisəsinə köçürülməsi hüququnu nəzərdə tutur. Başqa sözlə, müqavilə şərti yerinə yetirilmədiyi təqdirdə klinikaya müqavilədən birtərəfli qaydada imtina etmək hüququ verir. İddiaçı bu hüququnu cavabdeh tərəfin törətdiyi əngəl səbəbi ilə həyata keçirə bilmədiyini bildirsə də, bu halı tutarlı dəlillərlə əsaslandırmamışdır. Qeyd edilən bu halları nəzərə alaraq məhkəmə 20613,33 manat müalicə xərcinin cavabdehdən tutulması barədə iddia tələbini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "X1-Bakı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar