Məhkəmə qərarları › İş №2(010)-2719/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2719/2023

31.05.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2719/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb olunmaqla) “mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən:

1. Tərəflər 02 fevral 2009-cu iİ tarixində Lerik rayon, Züvüc ərazi nümayəndəliyində qeydə alınmış 01 №-li (AZ-İ № 453799) nikah akt qeydinin pozulması hissəsində birinci tərəfin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə razılığa gəldilər.

2. İkinci tərəf birgə nikahdan anadan olan övladının mənafeyini nəzərə alaraq, onun təhsildən və öyrəşdiyi yaşayış mühitindən ayrı salmamaqdan ötrü, yetkinlik yaşına çatmayan övladları xx.xx.2009-cu il təvəllüdlü X1 yaşayış yeri anasının yanı olmaqla Ərizəçi himayəsində qalmasına etiraz etmir və razıdır.

3. Birgə nikahdan doğulan övladları xx.xx.2009-cu il təvəllüdlü X2 ilə ikinci tərəfin görüşü birinci tərəf tərəfindən maneəsiz olaraq aralannda istənilən gün təşkil edilməsi barədə razılığa gəldilər.

4. Aliment məbləği 220 manat olmaqla stabil olaraq uşaq yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq ödəməyi ikinci tərəf öz öhdəsinə götürür.

5. Birinci tərəf aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və ikinci tərəfə təqdim etməyi öz öhdəsinə götürür.

6. Bu mübahisə ilə bağlı İkinci tərəfə qarşı Birinci tərəfin qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir.

İşin faktiki halları

2. Ərizəçi və Maraqlı şəxs arasında barışıq sazişinin bağlanması, lakin Maraqlı şəxs barışıq sazişini könüllü qaydada icra etməməsi və bu səbəbdən iddiaçının məhkəməyə müraciət etməsi işin mübahisəsiz hallarıdır.

Ərizəçinin tələbi

3. Ərizəçi (Maraqlı şəxs qismində cəlb olunmaqla) “mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

4. Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, tərəflər arasında olan barışıq sazişinə əsasən cavabdeh tərəfindən uşağın saxlanması üçün 220 manat aliment ödənilməsi nəzərdə tutulsa da, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmir. Bu səbəbdən məhkəmə tərəfindən barışıq sazişinin təsdiq olunması zəruridir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, onunla ərizəçi arasında barışıq sazişi imzalansa da, sazişin aliment hissəsi ona oxunmamış və bu barədə məlumatı olmamışdır. O, evlərdə usta işləsə də, ağır dərəcə vərəm xəstəsi olması səbəbindən rəsmi olaraq heç bir yerdə işləmir və bununla bağlı arayış təqdim etmişdir. Əgər barışıq sazişi təsdiqlənsə, icra şöbəsində həmin pulu ödəyə bilməyəcək. Buna görə də qeyd olunanların nəzərə alınaraq ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 3. Mediasiyanın tətbiq dairəsi 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Məhkəmənin mövqeyi

8. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

9. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, saziş könüllü qaydada icra edilmədiyi üçün ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1- ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir.

Məhkəmə xərcləri

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

11. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində pul Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

12. Beləliklə, məhkəmə tərəfləri dinləyib, iş materiallarına nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00268 №-li barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməlidir: 1. Tərəflər 02 fevral 2009-cu iİ tarixində Lerik rayon, Züvüc ərazi nümayəndəliyində qeydə alınmış 01 №-li (AZ-İ № 453799) nikah akt qeydinin pozulması hissəsində birinci tərəfin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə razılığa gəldilər. 2. İkinci tərəf birgə nikahdan anadan olan övladının mənafeyini nəzərə alaraq, onun təhsildən və öyrəşdiyi yaşayış mühitindən ayrı salmamaqdan ötrü, yetkinlik yaşına çatmayan övladları xx.xx.2009-cu il təvəllüdlü X1 yaşayış yeri anasının yanı olmaqla Ərizəçi himayəsində qalmasına etiraz etmir və razıdır. 3. Birgə nikahdan doğulan övladları xx.xx.2009-cu il təvəllüdlü X2 ilə ikinci tərəfin görüşü birinci tərəf tərəfindən maneəsiz olaraq aralannda istənilən gün təşkil edilməsi barədə razılığa gəldilər.

4. Aliment məbləği 220 manat olmaqla stabil olaraq uşaq yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq ödəməyi ikinci tərəf öz öhdəsinə götürür. 5. Birinci tərəf aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və ikinci tərəfə təqdim etməyi öz öhdəsinə götürür. 6. Bu mübahisə ilə bağlı İkinci tərəfə qarşı Birinci tərəfin qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-25-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00268 №-li barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər 02 fevral 2009-cu iİ tarixində Lerik rayon, Züvüc ərazi nümayəndəliyində qeydə alınmış 01 №-li (AZ-İ № 453799) nikah akt qeydinin pozulması hissəsində birinci tərəfin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə razılığa gəldilər.

2. İkinci tərəf birgə nikahdan anadan olan övladının mənafeyini nəzərə alaraq, onun təhsildən və öyrəşdiyi yaşayış mühitindən ayrı salmamaqdan ötrü, yetkinlik yaşına çatmayan övladları xx.xx.2009-cu il təvəllüdlü X1 yaşayış yeri anasının yanı olmaqla Ərizəçi himayəsində qalmasına etiraz etmir və razıdır.

3. Birgə nikahdan doğulan övladları xx.xx.2009-cu il təvəllüdlü X2 ilə ikinci tərəfin görüşü birinci tərəf tərəfindən maneəsiz olaraq aralannda istənilən gün təşkil edilməsi barədə razılığa gəldilər.

4. Aliment məbləği 220 manat olmaqla stabil olaraq uşaq yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq ödəməyi ikinci tərəf öz öhdəsinə götürür.

5. Birinci tərəf aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və ikinci tərəfə təqdim etməyi öz öhdəsinə götürür.

6. Bu mübahisə ilə bağlı İkinci tərəfə qarşı Birinci tərəfin qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Maraqlı şəxs Ərizəçi xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar