Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2756/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Oğlu anadangəlmə ruhi xəstədir. Onun xəstəlik diaqnozu “spastik tetroplegiya, uşaq serebral iflici”dir. X6 müddətsiz olaraq 1-ci qrup əlildir və psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək, onları şüurlu şəkildə idarə etmək iqtidarında deyildir. Oğlunun daim kənar şəxsin köməyinə ehtiyacı vardır. X4 üzərində qəyyum təyin edilməsinə dair müraciətinə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətində baxılmış və bildirilmişdir ki, X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra həmin məsələyə baxıla bilər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək və əlavə olaraq bildirdi ki, X6 20 yaşındadır və hazırkı vəziyyətdə çox çətinliklə danışır. Onun digər bütün işlərini atası olaraq o görür. Çünki oğlu danışmaqdan savayı hər hansı hərəkət edə bilmir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 658626 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 (atası Ərizəçi, anası X5) xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 1622 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, oğlu xx.xx.2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş xx.xx.2023-cü il tarixli əlillik haqqında arayışdan müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X10 “spastik tetroplegiya.Uşaq serebral iflici” diaqnozu üzrə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən xx.xx.2024-cü il tarixdə qiyabi sənədlər əsasında verilmiş 2161 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən mülki işdə olan tibbi sənədlərin araşdırılması nəticəsində belə qənaətə gəlinmişdir ki, X8 Ağır dərəcəli əqli gerilik (F72) qeyd olunur. Bunu təqdim olunmuş tibbi sənədlərə əsasən – erkən yaşlarından nevroloji əlamətlərin qeyd olunması, psixofiziki inkişafda geri qalması, X2 stasionar müalicədə olması, X3 epikrizində psixofiziki inkişafın geriliyinin və intellektin geriliyinin göstərilməsi, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab edilməsi və sair sübut edir. Qeyd olunmalıdır ki, əqli gerilik əlamətləri anadangəlmə olmaqla şəxsin həyatı boyu davam edir, sabit xarakter daşıyır və hər hansı müalicə nəticəsində yaxşılaşma ehtimal qeyd olunmur. Mülki işdə təqdim olunmuş tibbi sənədlərə əsasən X8 nitqin inkişaf etməməsi onda əqli geriliyin ağır dərəcəli olduğunu güman etməyə əsas verir. X8 qeyd olunan “ağır dərəcəli əqli gerilik” nəticəsində o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 ağır dərəcəli əqli gerilik qeyd olunur. X8 qeyd olunan patologiya anadangəlmədir. Mülki işdə təqdim olunmuş tibbi sənədlərə əsasən X8 nitqin inkişaf etməməsi onda əqli geriliyin ağır dərəcəli olduğunu güman etməyə əsas verir. X8 qeyd olunan “ağır dərəcəli əqli gerilik” nəticəsində o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X12 onda qeyd olunan əqli gerilik nəticəsində məhkəmə iclasında iş üzrə izahat vermək iqtidarında deyil. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 ağır dərəcəli əqli gerilik (F72) diaqnozu ilə xəstədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən barəsində xx.xx.2023-cü il tarixdə müddətsiz birinci dərəcə əllilik təyin edilmişdir. Əlilliyin səbəbi kimi ümumi xəstəliyinin olması müəyyənləşdirilmişdir. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixdə qiyabi sənədlər əsasında verilmiş 2161 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən həmin şəxsə qəyyum və ya himayəçi təyin edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2756/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2756/2024
08.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver