Məhkəmə qərarları › İş №2(010)-2768/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2768/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2768/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən Cavabdeh 5000 manat kompensasiya verilməklə onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4048, 10 saylı evin 5 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini, qətnamənin nəticə hissəsində bu qətnamənin cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması barədə xüsusi olaraq göstərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4048, ev 10, mənzil 5 saylı onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır və mübahisəli mənzildə qeydiyyatdadır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.01.2018-ci il tarixli qətnaməsi ilə iddiası qismən (qızlarına münasibətdə) təmin edilsə də cavabdehə münasibətdə təmin edilməmiş, onun mübahisəli mənzildən istifadə hüququnun olması müəyyən edilmişdir. Cavabdehlə nikahları 2016-cı ildə pozulmuşdur. Həmin vaxtdan da cavabdeh mübahisəli mənzildən özünə aid olan mənzilə çıxıb getmiş, bir daha qayıtmamışdır. 2016-cı ildən mənzildə tək yaşayır. Cavabdehin mənzildə qeydiyyatı artıq illərdir formal xarakter daşıyır. Qonşuları həqiqətən də cavabdehin illərdir onun mənzilində yaşamamasına dair notariusa ərizə yazmış, müvafiq MKİS arayış vermişdir. Onlar məhkəmə iclasına da gəlib şahidlik edə bilər ki, cavabdeh 2016-cı ildən mənzildən köçüb getmiş və yaşamır. Cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaransa da 2016-cı ildən o, həmin mənzildən daimi yaşamaq üçün könüllü surətdə köçüb getmiş, həmin tarixdən mənzildə bircə gün belə yaşamamış, bununla bağlı hər hansı narazılığı-iddiası olmamış, məhkəməyə müraciət etməmişdir. Bununla da aşkar görünür ki, cavabdehin mübahisəli mənzilə hər hansı ehtiyacı olmamışdır və hazırda da yoxdur. Cavabdehin həmin mənzildə formal olaraq qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur. Daha sonra, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh kompensasiya verilmədən ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, cavabdehlə 04.04.1982-ci ildə ailə qurmuş, 1982-ci ilin iyununda birlikdə Bakı şəhərinə köçmüşlər. Lakin qısa müddət sonra aralarında mübahisə baş vermiş, cavabdeh Yevlax rayonuna qayıtmışdır. Bundan sonra o, cavabdehi özü ilə aparmaq üçün atası evinə getsə də atası buna icazə verməmiş, onu evə qoymamış, qızından boşanmasını istəmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdehlə birgə nikahından bir uşaq doğulmuşdur. O, bunu öyrənəndən sonra uşağın saxlanılması üçün səkkiz ay aliment ödəmişdir. Daha sonra, anası və bacısı cavabdehi evə geri qaytarmasını istəmiş, o da gedib cavabdehi gətirmişdir. Ondan sonra birlikdə yaşamağa başlamışlar və üç uşaqları doğulmuşdur. Qızlarının üçü də evləndikdən sonra Rusiyaya getmiş, qayıdanda görmüşdür ki, ev boşdur. Bundan sonra, təxminən 2016-cı ilin yanvar ayından cavabdehlə qəti ayrılmışlar və həmin vaxtdan ayrı yaşayırlar. Cavabdeh həmin vaxtdan başqa yerdə yaşayır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki: “... Beləliklə, sonda deyəcəyim budur. Doğma uşaqlarından imtina edib övladlıqdan çıxaran (23.01.2018) bir atanın heç nəyi bizə lazım deyil. Qızlara ata lazımdır, miras yox. Nə evi, nə verəcəyi kompensasiya hər şeyi özünün olsun. Mən onun hər şeyindən imtina edirəm, yetər ki, bizimlə işi olmasın. Necə məhkəmə qərarı ilə övladlarını qeydiyyatdan çıxarıb eləcə də məni çıxartsın. Zatən mən özüm də bunu istəyirdim ki, Maliklə bağlı bir əlaqəm qalmasın. Bir daha qarşımıza çıxmasın. Onunku onda, bizimki bizdə...” Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: X6 və X1 adından yazılmış və notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, qonşusu İddiaçı 25.05.1985-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10 ünvanında yerləşən 5 saylı mənzildə yaşayır və 29.04.2016-cı ildə boşandıqdan sonra onun keçmiş arvadı Cavabdeh 29.04.2016-cı ildən həmin mənzildə yaşamır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 14.10.2019-cu il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh.4048, ev 10, mənzil 5də qeydiyyatdadır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 29.04.2016-cı il tarixdə verilmiş, AZ-İ 234530 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X7 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 29.04.2016-cı il tarixdə 118 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra qadına Əliyeva soyadı verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.09.2016-cı il tarixli, 2(010)-8088/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 iddiası təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, 5 saylı mənzilin 1/2 hissəsi X3, mənzilin 1/2 hissəsi İddiaçı arasında bölünməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.12.2016-cı il tarixli, 2(103)-10179/2016 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.09.2016-cı il tarixli, 2(010)-8088/2016 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.01.2018-ci il tarixli, 2(010)-845/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər X4 və X2 (azyaşlı övladı X9 ilə birlikdə) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 10, 5 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20.04.2018-ci il tarixli, 2(103)-4287/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.01.2018-ci il tarixli, 2(010)-845/2018 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və mənzil 27.10.2010-cu il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh 1982ci il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından üç uşaqları doğulmuşdur. Onlar uşaqları ilə birlikdə ünvan 2 ünvanında yaşamışlar. Qızları 2016-cı ilə qədər ailə qurararaq mənzildən köçüb getmişdir. 2016-cı ildə tərəflər arasında olan nikah pozulmuş, Cavabdeh isə 2016-cı ildən mənzildən çıxmış, başqa ünvanda yaşamağa başlamışdır. İddiaçı ərizəsi əsasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qızlarının mənzildən istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilmişdir. Lakin, həmin vaxt işə baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi qarşılığında kompensasiya almaq hüququ var, çünki, onun 2016-cı ildə məzildən çıxması onun bu mənzilə ehtiyacı olmaması ilə yox, İddiaçı onun bu mənzildən istifadəsini mümkünsüz etməsi ilə əlaqədar olmuşdur. İşə İddiaçı apellyasiya şikayəti əsasında baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyini təsdiqləmişdir. Beləliklə, Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun olması və yalnız kompensasiya qarşılığında istifadə hüququna xitam verilməsinin mümkünlüyü qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə təkrar sübuta yetirilmir və məhkəmə tərəfindən mübahisələndirilmədən tanınır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi qarşılığında kompensasiya almaq hüququnun olması barədə nəticəyə gəlmiş məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh bu mənzildə ehtiyacı olmadığına görə yox, İddiaçı onun burada yaşayışına imkan vermədiyinə görə yaşamır. Bu halda da onun mənzildən istifadə hüququna yalnız kompensasiya verilmək yolu ilə xitam vermək mümkündür. Hazırda isə vəziyyət bir qədər fərqlidir. Belə ki, Cavabdeh artıq beş ildir ki, bu mənzildə yaşamır və məhkəməyə ünvanladığı ərizədə açıq şəkildə qeyd etmişdir ki, o, nə bu mənzildə yaşamaq, nə də kompensasiya almaq istəyir. O, mövqeyinə bir qədər də əminlik qataraq əlavə etmişdir ki, o, özü də mənzildən qeydiyyatdan çıxmaqla iddiaçı ilə heç bir əlaqəsi qalmamasını istəyir. Cavabdeh ərizəsində iddiaçı tərəfindən ona təklif edilmiş kompensasiyanı almaq üçün belə iddiaçı ilə ünsiyyətdə olmaq istəmədiyini açıq şəkildə ifadə etmişdir. Belə bir vəziyyətdə məhkəmə cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququna xitam verilməsini və mənzildən qeydiyyatdan çıxarılmasını qəbul etməsini iddianın etirafı kimi qiymətləndirir və hesab edir ki, iddia etiraf olunan hissədə, yəni tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Əlbəttə, məhkəmə cavabdehin iddianı etiraf etməsi ilə kifayətlənmir və etirafın qəbul edilənliyi məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı şəxsin, eləcə də cavabdehin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə ki, mənzildən istifadə hüququna xitam verilməsinə görə kompensasiya almaq cavabdehin hüququdur və bu hüquqdan istifadə edib-etməməkdə cavabdeh tam sərbəstdir. Cavabdehin heç bir kompensasiya almaq istəmədiyi, bunu iddiaçı ilə lüzumsuz ünsiyyətə girməmək istəyi ilə izah etdiyi halda məhkəmə məcburi qaydada cavabdehə kompensasiya ödənilməsini müəyyən edə bilməz. Çünki, bu ilk növbədə mülki hüququn dispozitivlik prinsipinə ziddir. Nəzərə alınmalıdır ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmə icraatının çəkişmə və tərəflərin bərəbərliyi prinsiplərinin gözlənilməsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir. (AR Konstitusiyası Maddə 127. İİ və Vİİ bəndlər) Konstitusiyada təsbit olunmuş bu prinsiplər, xüsusən də mülki mühakimə icraatında dispozitivlik prinsipi ilə birbaşa bağlıdır və onu ehtiva edir. Dispozitivlik prinsipi isə öz növbəsində işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlarından maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq cavabdehin iddianı etiraf etməsi, kompensasiya almaq hüququndan istifadə etməməsi cavabdehin iradəsindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçir, məhkəmə isə mülki mühakimə icraatının prinsiplərini və hüquq normalarının tələblərini gözləmək şərti ilə yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Dispozitivlik prinsipi həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur. Bu prinsipə əsasən hakim (məhkəmə) deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Başqa sözlə, proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Hazırkı iş üzrə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi qarşılığında kompensasiya almaq hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Cavabdehin bu hüququnun tanınmasındakı məqsəd cavabdehin mənzildən istifadə hüququna xitam verilərkən iddiaçının hesabına cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək olmuşdur. Lakin, artıq qeyd edildiyi kimi, bu kompensasiyanı alıb-almamaq cavabdehin tamamilə öz seçimidir və əgər cavabdeh bu hüququndan imtina edirsə, mənzildən istifadə hüququna kompensasiyasız xitam verilməsi ilə bağlı bütün mümkün riskləri öz üzərinə götürmüş olur. Ona görə də məhkəmə hesab edir ki, etiraf qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar