Məhkəmə qərarları › İş №2(010)-2769/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2769/2025

18.08.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2769/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X3 iclas katibliyi ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Kontoru olmaqla "vərəsə kimi tanınma" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi qaynanası X2, ½ hissəs isə mərhum baldızı X6 miras qalmasını, X8 və X9 yeganə hüquqi varisinin o olmasını nəzərə alaraq həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 24 saylı Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X8 və X9 yeganə hüquqi varisinin Ərizəçi olmasını nəzərə alaraq, onların yeganə hüquqi varisinin o olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tələbin dəlilləri

2. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi qaynanası X2, ½ hissəs isə mərhum baldızı X6 miras qalmışdır. Bu barədə xx.xx.2025-ci il tarixdə mirasın qəbulu ilə bağlı 24 saylı notariat ofisinə ərizə verərək həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin notariat ofisi xx.xx.2025ci il tarixli məkubla imtina edərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir.

Proses iştirakçılarının izahatları

3. Maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

4. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsini xahiş etmişdir.

İş materialları

5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. X7, anası X5r.

6. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Ərizəçi xx.xx.1988-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar.

7. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi X4, ½ hissəs isə X9 mülkiyyətindədir.

8. AZ-İ seriyalı, 070735 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir.

9. AZ-İ seriyalı, 492056 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.

10. AZ-İ seriyalı, 492055 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.

11. AZ-İ seriyalı, 844647 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.

12. AZ-İ seriyalı, 923520 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.

13. AZ-İİ seriyalı, 179856 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

14. AZ-İİ seriyalı, 411910 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.

15. Azərbaycan Respublikası ƏN Bakı şəhəri 24 saylı Notariat ofisinin Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 67 nömrəli məktubundan görünür ki, toplanmış sənədlərə ətraflı baxış keçirilmiş, tam araşdırılma zamanı vərəsələrin dairəsi və qohumluq faktını müəyyən edə bilmədikləri üçün onu vərəsə kimi qəbul edib qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir.

İşin faktiki halları

16. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi X4, ½ hissəsi isə X9 mülkiyyətindədir. Hazırki tələbində ərizəçi X1 onun qaynanası, mərhum X9 isə onun baldızı olduğunu bildiir və eyni zamanda hazırda onlardan miras qalan həmin əmlaka münasibətdə yalnız yeganə vərəsə özünün olduğunu qeyd edərək vərəsə kimi tanınmasını xahiş edir. Ərizəçinin bildirdiyinə görə bütün qohumlar vəfat etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Maddə 1166. Vəsiyyət anlayışı Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1167. Vəsiyyət edə bilən şəxs Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə 1243. Mirasın qəbul edilməsi. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

18.Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı:

Həmin Qərarın 10-cu bəndində qeyd edilir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

20. Məhkəmə işin faktiki hallarını, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir.

21. Məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətlərini tənzimləyən müllki qanunvericilik normalarından aydın olur ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddi hüquq normalarının tələbinə görə şəxs iki əsasla vərəsə ola bilər: qanun əsasında və vəsiyyətnamə əsasında. Qanun əsasında vərəsə ola biəcək şəxslərin siyahısı mülki qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ərizəçi ona əsaslanır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi X4, ½ hissəsi isə X9 mülkiyyətindədir. X1 onun qaynanası, mərhum X16 isə onun baldızıdır və hazırda onlardan miras qalan həmin əmlaka münasibətdə yalnız yeganə vərəsə odur və vərəsə ola biləcək digər bütün şəxslər vəfat etmişdir. Məhkəmə Ərizəçi X1 gəlini (oğlunun həyat yoldaşı) və eyni zamanda mərhum X9 qardaşı X10 yoldaşı olduğunu nəzərə alaraq bildirir ki, ərizəçi həmin mərhum şəxsələrdən miras qalan əmlaka münasibətdə onların qanun üzrə vərəsələri sırasına daxil deyildir. Ona görə də, ərizəçi maddi hüquq normalarının tələblərinə görə qeyd edilən mərhum şəxslərin qanun üzrə vərəsəsi ola bilməzdi. Miras əmlakın başqa şəxslərə qanun üzrə vərəsəliklə yanaşı, eyni zamanda vəsiyyət üzrə vərəsəliklə də keçə bilməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı işdə mərhum şəxslər X8 və mərhum X9 miras əmlaklarını Ərizəçi vəsiyyət etmələri halı da müəyyən edilmir. Deməli, ərizəçi mərhum şəxslərə münasibətdə vərəsə statusunu qazanmamışdır. Belə olan halda, onun miras əmlakı faktiki qəbul etməsi halının araşdırılmasına da zərurət qalmır. Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki tələb təmin edilə bilməz.

Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

24. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməməli və iş üzrə ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizəçi maraqlı şəxs Bakı şəhəri 24 saylı Notariat Kontoru olmaqla "vərəsə kimi tanınma və vərəsəlik şəhadətnaməsinin verilməsi" tələbinə dair ərizəsi təmin edilməsin. İş üzrə ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar