Məhkəmə qərarları › İş №2(010)-2772/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2772/2025

05.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2772/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiаçı İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İsmayılov küçəsi, ev 5 ünvanında yerləşən 15 nömrəli mənzilə hesablanmış 690.7 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İsmayılov küçəsi, ev 5 ünvanında yerləşən 15 nömrəli mənzildə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları heç bir xəbərdarlıq etmədən onun mənzilinə gələrək evin çöl divarında quraşdırılmış sayğaca baxış keçirmişlər. Baxış zamanı sayğacda dəlik aşkar edilmiş və sayğacı yenisi ilə əvəz etmişlər. Bu barədə ******* saylı akt tərtib edilmişdir. ******* saylı akt əsasında onun barəsində 972 manat məbləğində cərimə tətbiq edilmişdir. O, ödənişlər etdiyindən həmin cərimə hazırda 690.7 manat təşkil edir. İlk olaraq qeyd edilməlidir ki, Cavabdeh İB-nin əməkdaşlarının sayğaca baxış keçirmələrindən və orada kimlərin iştirak etmələrindən onun heç bir məlumatı olmamışdır. Göstərilən akt tərtib edilən zaman onun iştirakı belə təmin edilməmiş və cərimələrlə bağlı ona heç bir bildiriş verilməmişdir. Bundan xeyli müddət keçdikdən sonra o, smart karta pul köçürərək qazdan istifadə etmək istədikdə həmin karta köçürdüyü puldan müəyyən məbləğlərin cərimə borcuna silindiyini müəyyən etmişdir. Bu zaman Cavabdeh İB-yə şifahi müraciət etmiş, onlar isə şifahi olaraq müəyyən akt əsasında barəsində cərimənin olduğunu, həmin cərimələrin silinməsinin onlar tərəfindən mümkün olmadığını və bu cərimələrin ancaq məhkəmə tərəfindən ləğv edilə biləcəyini bildirmişlər. Hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt tamamilə əsassızdır. Həmçinin, həmin əraziyə baxan idarənin əməkdaşları hər ay vaxtlı-vaxtında ərazidə sayğaclara baxış keçirirlər və sayğacın göstəricilərinin qeydiyyatını aparırlar. Əgər, mənzilində sayğacın hesablama mexanizmində nasazlıq olsa idi, idarənin əməkdaşları ilk öncə bunu aşkar edə bilərdilər. Eyni zamanda, qaz sayğacına onun tərəfindən heç bir müdaxilə edilməmişdir. Onun sayğaca müdaxilə etməsinə əsas yoxdur. Nəzərə alınsa ki, sayğac evdən çöldə hamının keçə biləcəyi yerdə yerləşir, belə olan halda sayğaca qərəzli şəkildə müdaxilə edə bilərlər. Sayğac çöldə olduğundan 7/24 o, sayğaca nəzarət edə bilmir. Vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması Cavabdeh İB-nin öhdəsinə düşür və onun səlahiyyətindədir. Göstərilənlərə əsasən hesab edir ki, qanunsuz və əsassız olaraq hesablanmış həmin borcun silinməsi öhdəliyi məhkəmə qaydasında cavabdehin üzərinə qoyulmalıdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh İB məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı ünvanda “İTRON” G4 markalı, 1302AZ**********11 nömrəli qaz sayğacı çıxarılmış (texniki baxış məqsədi ilə çıxarılmış, sayğaca kamera vasitəsilə baxış zamanı dəlik aşkarlanmış və sayğac yenisi ilə əvəz edilmiş, sayğacın kartı “OFF” rejiminə keçirilmişdir) və “İTRON” G4 markalı, 1802AZ**********84 nömrəli qaz sayğacı quraşdırılmış, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi və qaz sayğacının abonentə təhvil verildiyi qeyd olunmuşdur. xx.xx.2018-ci il tarixli, QSN–29/1710-02022-1-51 nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktdan müəyyən olunur ki, 1302AZ**********11 zavod seriya nömrəli sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın çıxış plastmas borusunun deşilmiş vəziyyətdə olması, giriş və çıxış yivli birləşmələrin korroziyaya uğraması müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus (abonent kodu: **********00150) ünvan 1 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və xx.xx.2018-ci il tarixli laboratoriyanın 29/1710-02022/1-51 nömrəli MSK-ya əsasən 1302AZ**********11 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. xx.xx.2018-ci il tarixi dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta uyğun olaraq ünvan 1 ünvanında yerləşən qaz işlədicilərinin PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi (2 x 6 x 180) + (6 x 18 x 180) = 9720 m3 kimi hesablanmışdır. **********00150 abonent kodlu İddiaçı abonent saldosundan müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İsmayılov küçəsi, ev 5 ünvanında yerləşən 15 nömrəli mənzilin abonentinə 2018-ci il üzrə qalıq və aktlar üzrə 9720 m3-a görə 972 manat (2025-ci ilin mart ayına qalıq borc 690.7 manat təşkil edir) borc hesablanmışdır. Ünvanda istifadə olunan cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), Qızdırıcı radiator peçi (1/1). Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ...öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən yeyinti məhsullarının və dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini; Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Maddə 13.8. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13.9. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndi. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar; 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə tərəfindən iş üzrə halların araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış “İTRON” G4 markalı qaz sayğacı dəyişdirilərək dövlət yoxlaması keçirilməsi üçün göndərilmişdir. Ünvandan çıxarılan qaz sayğacının əvəzinə iddiaçının yaşadığı ünvana “İTRON” G4 markalı yeni sayğac quraşdırılmışdır. Çıxarılmış 1302AZ**********11 zavod seriya nömrəli sayğaca laboratoriya öz rəyini verərək, sayğacın çıxış plastmas borusunun deşilmiş vəziyyətdə olması, giriş və çıxış yivli birləşmələrin korroziyaya uğraması müəyyən edilmişdir. Cavabdeh yuxarıda qeyd edilmiş yoxlamanın nəticəsi olaraq 972 manat həcmində cərimə məbləğini iddiaçının abonent hesabına hesablamışdır. Lakin, təqdim edilmiş **********00150 abonent kodlu İddiaçı abonent saldosundan İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İsmayılov küçəsi, ev 5 ünvanında yerləşən 15 nömrəli mənzilin abonentinə 2018-ci il üzrə qalıq və aktlar üzrə 9720 m3-a görə hesablanmış 972 manat borc məbləğindən istehlakçı tərəfindən müəyyən ödənişlər edilməsi və iddiaçının 2025-ci ilin mart ayına cari borcunun 690.7 manat təşkil etməsi aşkar edilmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Qanun normasının tələbinə görə fiziki şəxslərin evlərinə quraşdırımış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Cavabdeh İB tərəfindən İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona 972 manat məbləğində zərər vurulması, bu zərərlə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı qaz sayğacının zədələnməsinin müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Əksinə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün iddiaçının evinə gələn təbii qazın qeydiyyatını aparan qaz sayğacının işlək vəziyyətdə saxlanma vəzifəsi Cavabdeh İB-nin üzərinə düşməklə həmin təşkilat tərəfindən bununla bağlı müvafiq tədbirlər görülməli idi. Lakin, Cavabdeh İB tərəfindən həmin sayğacın işlək vəziyyətdə saxlanması üçün müvafiq qanuni tədbirlər görülməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni və ya təbii hadisələrin (zəlzələ, güclü külək, qasırğa nəticəsində və sair səbəblərdən kənar predmetlərin dəyməsi, qaz sayğacının dəyişdirilməsi və sair) təsiri nəticəsində müdaxilə olunmasını istisna etmir. Həmçinin qeyd olunanlardan əlavə, cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın tərtib edilməsi və həmin akta uyğun iddiaçının abonent hesabına borcun hesablanması, həmin aktların tərtib olunması zamanı iddiaçının iştirakının təmin edilməsi halı müəyyən edilməmişdir. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 2018-ci il üzrə qalıq və aktlar üzrə 9720 m3-a görə əsassız borc hesablanmış və əsassız olaraq da həmin borc iddiaçının abonent hesabına daxil edilməklə ondan tələb edilir. Bu da qaz istehlakçısı kimi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də İddiaçı pozulmuş hüquqları bərpa olunmalı və əsassız hesablanmış 972 manat borcdan istehlakçı tərəfindən ödənişlər edildikdən sonra qalıq - 690.7 manat cari qaz borcu İddiaçı abonent hesabından silinməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, qanunvericiliyin tələbinə əsasən hazırki iddianın qaldırılması üçün iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə dövlət rüsumu ödəməmişdir. Ona görə məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh İB-dən 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. İddiaçı məxsus **********00150 saylı abonent koduna xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış borcdan qalıq qalan 690.7 (altı yüz doxsan manat yetmiş qəpik) manat məbləğində borc silinsin. Ödənilməmiş 30 (otuz) dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar