Məhkəmə qərarları › İş №2(010)-2775/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2775/2022

15.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2775/2022 15.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcunun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcunun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixdə BARMEK tərəfindən onun yaşadığı Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu, ev (bina):0003, m 0052 ünvanlı evə əsassız olaraq yazılmış 3804.57 AZN məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il tarixdə BARMEK tərəfindən onun yaşadığı Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu, ev (bina):0003, m 0052 ünvanlı evə əsassız olaraq 3804.57 AZN məbləğində borc yazılmışdır. Onun yaşadığı Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu, ev (bina):0003, m 0052 ünvanlı evə 22.0.2009cu il tarixdə işıq sayğacı quraşdırılmışdır. İşıq sayğacı quraşdırıldığı zaman xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixə qədər olan dövr üçün 3804.57 AZN məbləğində borc hesablanmışdır. Onun yaşadığı ev 3 otaqdan ibarət mənzildir. Hazır ki, yəni sayğac quraşdırıldığı tarixdən sonra ki, dövrə nəzər salsanız görərsiniz ki, mənim aylıq sərfıyyatım 8, 10, 12, ən cox nadir hallarda 30 manat olur. Lakin Barmek tərəfindən işıq gücünə görə orta sərfıyyata uyğunolaraq hesablanan borc aylıq 137 manat olaraq qeyd olunub. Hansı ki, həmin dövr üçün onun borcu olmayıb. Hər ay işıq pulunu ödəmişdir və ödəniş qəbizlərini də saxlamışdır. Borc yazıldıqdan sonra o Barmek-ə dəfələrlə müraciət etmişdir, lakin ona narahat olma heç kəs ondan bu pulu istəməyəcək, zamanı gələndə silinəcək demişdilər. Həqiqətəndə bu günə qədər heç kəs ondan bu pulu tələb etməyib. Daha sonra BARMEK idarəsi ləğ edildi və işıq idərəsi Azərişıqa təhvil verildi. Bu səbəblədə bu günə qədər onun adına 3804.57 AZN məbləğində borc qalıb. Hər ay sayğac üzrə yaranan işıq pulunu ödəyir. Lakin qeyd olunan borc qalır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin olunması və onun yaşadığı Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu, ev (bina):0003, m 0052 ünvanlı evə əsassız olaraq yazılmış 3804.57 AZN məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələblərini qəbul etməyərək iddianın əsassız olduğuna görə rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 3, M60 04 may 2020-ci ildə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi ********** №-qeydiyyatdan keçirilmişdir. İş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanlı ev "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisi ilə təchiz edilmişdir. Həmin mənzilə görə xx.xx.2006cı il tarixdən xx.xx.2009-cu il tarixə qədər olan dövr üçün 3804.57 AZN məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 551.2 və 551.2.1-ci maddələrinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qeyd olunan maddi hüquq normalarının tələblərinə qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının cavabdehə olan xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixə hesablanmış 3804.57 manat məbləğində borcun ötən beş ildən artıq müddət ərzində "xxxx" ASC tərəfindən tələb edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülmədiyindən, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal olmadığından həmin borcun silinməsi haqqında iddia əsaslı olduğuna görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********30052) hesablanmış 3804.57 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********30052) hesablanmış 3804.57 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar