Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2775/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, dalan 10, mənzil 11 (ünvan 1 ünvanına dair tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, elektron göstərici fərqlidir.
2. Cavabdeh İB-nin Bakı RQSD-nin rəisi Z.Mehrəliyev (Paylayıcı) ilə İddiaçı (İstehlakçı) arasında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, dalan 10, mənzil 11 (ünvan 1 ünvanına dair bağlanmış xx.xx.2023-cü il tarixli D-10062 №-li qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı”isə aldığı qazın dəyərini qaz sayğacının göstərişinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəyir (bənd 1). Qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir.
3. xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş 14-2-2/3-5-4074-1 №-li “qaz sayğacının yoxlanılması” barədə aktdan görünür ki, GPG18080319 №-li sayğaca baxış keçirilmişdir. Sayğacın klapanı işlək deyil. Göstəricilər arasında fərq mövcuddur. Sayğacın yaddaşı arxiv olundu. Sayğaca istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Xətalar normaya uyğundur. Sayğac istismara yararsızdır.
4. Abonent saldosundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, dalan 10, mənzil 11 (ünvan 1 ünvanına (abonent kodu: **********00111) 2445,25 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır.
5. Smart sayğaclı abonentin hesabdan çıxarışından görünür ki, İddiaçı tərəfindən 2012-ci ildən 2023-cü ilədək (2023-cü il də daxil olmaqla) mütəmadi olaraq ödənişlər olunmuşdur.
İşin faktiki halları
6. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən Cavabdeh İB tərəfindən abonent İddiaçı ünvanına 2445,25 manat əlavə qaz sərfiyyatı hesablanması işin mübahisəsiz hallarıdır.
İddia tələbi
7. İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən **********00111 saylı abonent kodu üzrə ona hesablanmış 2445,25 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
8. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
9. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, akt tərtib olunan zaman o, İsmayıllıda idi. Buraya gəldikdə sayğacın çıxarılıb yenisi ilə əvəz olunduğunu görmüşdür. Buna dair sənədi qonşuya təqdim ediblər və sənəddə 2500 manat cərimə borcu olduğu yazılıb. Borc yazılan ev balacadır, evdə yalnız soba və “4 göz” var, kombi sistemi yoxdur. O, tez-tez həmin sayğaca 20 manat məbləğində ödənişlər edir və borcun yaranması mümkün deyil. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
10. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının borcu 2500 manat yox, 2445,25 manat təşkil edir. Həmçinin, onlar cavabdehdən nə cərimə borcu, nə sayğacın pulunu istəyirlər, yalnız yazılmış sərfiyyat borcunu tələb edirlər. Bu elektron sayğacdır və onun göstəricilərinə heç kim müdaxilə edə bilməz. Aktdan görünür ki, sayğacın elektron göstəricisi 11989 m3, mexaniki göstəricisi isə 21989 m3-dir, 9891 m3 mənfiyə işləyib. 9891 m3 sərfiyyatın 550 m3 hissəsi 20 qəpikdən, 4341 m3 hissəsi isə 25 qəpikdən hesablanır və ümumilikdə 2445,25 manat borc yaranır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
11. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı
1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.1.5. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
12. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanunu
Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Məhkəmənin mövqeyi
13. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.
14. Belə ki, iş üzrə toplanmış sübutları araşdıran məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə bağlanmış və iddiaçıya məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının qaz sayğacının klapanın işlək vəziyyətdə olmaması və göstərici fərqinin olması ilə bağlı akt tərtib olunarkən, sayğacın yararsız vəziyyətə salınmasının iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən birbaşa olaraq qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. “Qaz təchizatı” haqqında Qanunda, eləcə də, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Odur ki, akt qanunvericiliyinin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Həmçinin, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Buna görə də iddia qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 2445,25 borc silinməlidir. Cavabdehin etirazında göstərdiyi dəlillər isə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Cavabdeh tərəfindən isə iddiaçının qaz sayğacına qanunsuz müdaxilə etməsi, sayğacın yararsız vəziyyətə salınması nəticəsində qaz itkisinin yaranmasında iddiaçının təqsirli olması yaxud hər hansı bir qanunsuz əməl nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Bundan əlavə, Qaydalara əsasən qaz sayğacının mühafizəsini təmin etmək vəzifəsinin cavabdehin üzərinə düşdüyünü və iddiaçının sayğacı kənar təsirlərdən mühafizə etmək öhdəliyi olmadığını nəzərə alınaraq hesab edilməlidir ki, istehlakçıdan sayğacın yararsız vəziyyətə salınması nəticəsində qaz itkisinin yaranmasına görə hər hansı ziyan tələb edilə bilməz.
Məhkəmə xərcləri
15. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
17. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 44,45 manat təşkil edir.
18. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 44,45 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, qeyd olunanlara əsasən məhkməmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, dalan 10, mənzil 11 (ünvan 1 ünvanına (abonent kodu: **********00111) hesablanmış 2445,25 manat məbləğində borc ləğv olunmalı, iddia qalan hissədə rədd edilməlidir.
20. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsi, dalan 10, mənzil 11 (ünvan 1 ünvanına (abonent kodu: **********00111) hesablanmış 2445,25 (iki min dörd yüz qırx beş manat iyirmi beş qəpik) manat məbləğində borc ləğv olunsun. İddia qalan hissədə rədd edilsin. Cavabdehndən 44,45 (qırx dörd manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.