Məhkəmə qərarları › İş №2(010)-278/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-278/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-278/2022 09.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC-ti Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su və kanalizasiya xidmətlərinə görə yaranmış 369,33 manat borcun № **********000 abonent kartına və 20 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11.11.2021-ci il tarixli qərardadı ilə, İddiaçı “Azərsu» ASC-nin Cavabdeh 369,33 manat borc məbləği və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılsın. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ’’Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. istehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri 01.02.2015-cı ll tarixə qədər ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmiş, yuxarıda göstərilən tarixdən sonra isə ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana ALFASU-15 markalı, 50044516 nömrəli sayğac 01.02.2015-ci il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə 28.09.2021-ci il tarixinə 188.83 (yüz səksən səkkiz manat 83 qəpik) manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 12.03.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1şdur. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı ASC-ti Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh su və kanalizasiya xidmətlərinə görə yaranmış 188,83 manat borcun № **********000 abonent kartına və +20 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilsə də, onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq İcra Hakimiyyəti orqanı - Bakı şəhər Suraxanı İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə nümayəndəliyinin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişini aldıqdan sonra məhkəmə Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin su təchizatı və çirkab sularının axıdılması xidməti üzrə abonenti Cavabdeh (müqavilə № 20673166, abonent kodu **********000) ona məxsus ünvan 2 ünvanında göstərilmiş su təchizatı və çirkab suların axıdılması xidmətinə görə 08 oktyabr 2021-ci il tarixinə kimi borcu 188,83 manat təşkil edir. İş materiallarından görünür ki, Cavabdeh borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərari ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Həmin qaydaların 7.5-ci bəndinə əsasən, digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə 06.01.2007-ci il tarixli 4 nömrəli qərarın 4-cü bəndinə əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Sadalanan xüsusatlara və hüquq normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, aşağıdakılara əsasən iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi cavabdehin adına olan abonent kartı üzrə aparılmış hesablamalardan görünür ki, Cavabdeh abonent kartı üzrə borc 2016-cı il tarixindən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 551.2 və 551.2.1-ci maddələrinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. İddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi cavabdehin adına olan abonent kartı üzrə aparılmış hesablamalardan müəyyən olunur ki, Cavabdeh hazırkı iddia tələbi məhkəməyə daxil olduğu gündən hesablamaqla son 5 il üçün ümumi borcu 73 manat təşkil edir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qeyd olunan maddi hüquq normalarının tələblərinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, abonent haqqında məlumatlardan göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 2017-ci il tarixinə qədər olan tələbləri də nəzərə almışdır. Bununla əlaqədar məhkəmə qeyd etməyi zərurui hesab edir ki, beş ildən artıq müddət ərzində İddiaçı ASC tərəfindən həmin borcların tələb edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülmədiyindən, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal olmadığından iddiaçının 2017-ci ilə qədər hesablanmış borca görə iddia tələbi təmin olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən 73 manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə 73 manat borc və 20 manat dövlət rüsumu, cəmi 93 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar