Məhkəmə qərarları › İş №2(010)-2822/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2822/2023

22.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2822/2023 22.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 Tofiq qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Tofiq qızına və Cavabdeh2 (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “vərəsəlik hüquqlarının müdafiəsi ilə bağlı miras şərikləri tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.1967-ci il tarixdə vəfat etmiş mərhum İbrahim Qasım oğluna şəxsi mülkiyyət hüquqi ilə məxsus evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportda göstərilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanında yerləşən yaşayış evinə və torpaq sahəsinə iddiaçılar İddiaçı1 və İddiaçı2 girişçıxışına, eləcə də 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşma işlərinin aparılmasına süni maneələrin yaradılmasının cavabdehlər Cavabdeh1 Tofiq qızına və Cavabdeh2 qadağan edilməsi, həmin əmlakın birgə idarə edilməsi, 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Tofiq qızından və Cavabdeh2 tutulması. İddia tələbinin dəlilləri Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanında yerləşən 1938-ci ildə inşa olunmuş, 2 mərtəbəli yaşayış evi və torpaq sahəsindən ibarət əmlaklar Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta əsasən xx.xx.1967-ci il tarixdə vəfat etmiş İbrahim Qasım oğluna məxsus olmuşdur. Mərhumun 6 vərəsəsi- 5 oğlu 1 qızı olmuşdur. Bunlardan hazırda bir oğlu İddiaçı2 sağdır. Digər vəfat etmiş vərəsələrdən isə onlardan övladları olanlardan qalmışdır, ona görə ki, bəzi vəfat etmiş vərəsələrdən heç kəsi olmayanlar olmuşdur. Sağ qalmış vərəsələrdən burada yaşayan və qeydiyyatda olan xx.xx.1945-ci il təvəllüdlü mərhumun oğlu İddiaçı2 və xx.xx.1979-cu il təvəllüdlü mərhumun nəvəsi İddiaçı1 Bakı şəhəri 35 saylı Notariat Ofisinə etdiyi müraciətləri əsasında xx.xx.2023-cü il tarixdə mərhum İbrahim Qasım oğlunun adına vərəsəlik işi açılmışdır. Vərəsəlik işi açılmamışdan öncə tərəfindən 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanı üzrə tərtib edilmiş pasport əldə olunmuşdur. Daha sonra, yuxanda adı çəkilən pasporta əsasən İbrahim Qasım oğlundan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanında olan fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tərəfindən ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları ərizənin icrası ilə bağlı qeyd olunan ünvanda olmuşlar. Lakin cavabdehlər fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ilə bağlı bura gəlmiş əməkdaşlara texniki inventarlaşma işlərinin aparılmasına lazımı şərait yaratmadığından və süni maneələr törətdiklərindən bu işlərin həyata keçirilməsi mümkün olmamışdır. Cavabdehlərin bu hərəkətləri birbaşa iddiaçıların vərəsəlik hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçılara və 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına texniki pasporta əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanında olan fərdi yaşayış evi üzərində hüquqlann daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hüquqlarının həyata keçirilməsi məqsədi ilə cavabdehlərə maneələrin yaradılması qadağan edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı1 Tofiq qızı iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, hər birinin yaşadığı evə ayrıca giriş-çıxışı var, bunun üçün onlara heç bir maneə törədilmir, əmlakın birgə idarə edilməsinin müəyyən edilməsinə zərurət yoxdur. Məhkəmə iclasında dindirilən İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, hər birinin yaşadığı evə ayrıca giriş-çıxışı var, bunun üçün onlara heç bir maneə törədilmir, əmlakın birgə idarə edilməsinin müəyyən edilməsinə zərurət yoxdur. Məhkəmə iclasında dindirilən Cavabdeh1 Tofiq qızının nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçılar iddia tələblərində 3 iddia tələbi qoymuşdur. Hesab edir ki, hazırki iddia ilə başqa iddialar verilə bilməzdi. Cavabdeh1 halhazırda həmin evdə yaşayır. Həyətdə 4 ev var, hər birinin də hasarı, qapısı ayrıdır. 1 saylı Ərazi İdarəsinin evə buraxılmamasının səbəbi yəgin ki, cavabdehin həmin vaxt işdə olması olmuşdur. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları Bakı şəhəri 35 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli İddiaçı1 və İddiaçı2 ünvanladığı məktubundan görünür ki, onlar mərhum - İbrahim Qasım oğlu xx.xx.1967-ci ildə vəfat etmişdir, miras əmlakın qəbulu ilə bağlı müraciət etmişdir. Onlar tərəfindən miras əmlaka, olan heç bir hüquq müəyyən edici sənədlər təqdim edilmədiyi üçün onlara qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Yuxarda göstərilənləri nəzərə alaraq, hüquq müəyyən edici sənədlər olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qasımov İddiaçı2 xx.xx.1945-ci ildə doğulmuş və valideynləri İbrahim Qasım oğlu və Səkinə Mirzəbala qızıdır. Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarxli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayonunda fəaliyyət göstərən 10 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1964-2010-cu, 24 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1989- 2010-cu illərə, 34, 35, 37 saylı dövlət notariat ofisləri tərəfindən arxivə təhvil verilmiş 1992- 2010-cu illərə dair vərəsəlik işlərinə və Bakı şəhəri 1 saylı dövlət notariat ofisində aparılmış vərəsəlik işlərinin əlifba kitablarına baxış keçirilərkən İbrahim Qasım oğlunun hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, mərhum İbrahim Qasım oğlu həqiqətən xx.xx.1956-cı il tarixdən vəfatına kimi (xx.xx.1967-ci il) Əmircan qəsəbəsi, Abbasqulu Ağa ünvan 5 ünvanında qeydiyyatda olub. Onun həyat yoldaşı X2 bu ünvanda qeydiyyatda olmayıb, o, xx.xx.1946-cı il tarixdə vəfat edib. Mərhumun bu övladları olüb: oğlu - X3 o. xx.xx.1966-cı il tarixdə qeydiyyatdan çıxıb, xx.xx.2004-cü il tarixdə vəfat edib. qızı - Anaxanım İbrahim q. - xx.xx.1956-cı il tarixdə qeydiyyatdan çıxıb, xx.xx.2016-cı il tarixdə vəfat edib. oğlu - Zəfər İbrahim o. - xx.xx.1976-cı il tarixdən vəfatına kimi (xx.xx.1993-cü il) qeydiyyatda olub. oğlu - Tofik İbrahim o. - xx.xx.1966-cı il tarixdən vəfatına kimi (xx.xx.2015-ci il) qeydiyyatda olub. oğlu - X4 o. - xx.xx.1971-ci il tarixdən vəfatına kimi (xx.xx.2003-cü il) qeydiyyatda olub. oğlu - İddiaçı2 o. - xx.xx.1971-ci il tarixdən indiyə kimi qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli İddiaçı2 ünvanlanmış bildirişdən görünür ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ilə bağlı texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə digər payçılar tərəfindən şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İddiaçıların iddia tələbinin bir hissəsini 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının yuxarıda sözügedən ünvanda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı texniki inventarlaşma işlərinin aparılmasına süni maneələrin yaradılmasının cavabdehlərlərə qadağan edilməsi təşkil edir. İddia tələbinin qeyd edilən hissəsini irəli sürmələri ilə bağlı iddiaçıların subyektiv hüququna münasibətdə qeyd etməyi zəruri sayır ki, inzibati orqan tərəfindən müvafiq araşdırmanın nəticəsi olaraq iddiaçıların Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa Bakıxanov küçəsi, dalan 3-də yerləşən 2 saylı evə hüquqlarının qeydə alınacağı ehtimalını əsas götürərək (gözlənilən hüquq) iddiaçıların cari iddianı qaldırmaqda subyektiv hüquqlarının olduğunu hesab edir. İddiaçılar iddia edirlər ki, Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa Bakıxanov küçəsi, dalan 3-də yerləşən 2 saylı evə dair inventarlaşdırılma işlərinin aparılması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına cavabdehlər tərəfindən şərait yaradılmamışdır. Cavabdeh X1 nümayəndəsinin (vəkili) izahatından da müəyyən olunur ki, yuxarıda sözügedən evə dair inventarlaşdırılma işlərinin aparılması üçün müvafiq qurumun mütəxəssislərinə cavabdeh tərəfindən şərait yaradılmamışdır. Cavabdeh2 məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçılara ünvanladığı məktuba əsasən müəyyən edilir ki, Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa Bakıxanov küçəsi, dalan 3-də yerləşən 2 saylı evə dair inventarlaşdırılma işlərinin aparılması üçün qurumun əməkdaşlarına cavabdehlər tərəfindən şərait yaradılmamışdır. İddia tələbinin iddiaçıların Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa ünvan 1 ünvanında yerləşən yaşayış evinə və torpaq sahəsinə giriş-çıxışına cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması, əmlakın birgə idarə edilməsi hissəsinə gəldikdə isə məhkəmə iddiaçıların izahatına əsasən müəyyən edir ki, həmin tələb iddia ərizəsində yanlışlıqla qeyd edilmişdir, belə ki, hər birinin yaşadığı evə ayrıca giriş-çıxışı var, bunun üçün onlara heç bir maneə törədilmir, əmlakın birgə idarə edilməsinin müəyyən edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticə Məhkəmə sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehlər Cavabdeh1 Tofiq qızı və Cavabdeh2 üzərinə Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa Bakıxanov küçəsi, dalan 3-də yerləşən 2 saylı evə dair inventarlaşdırılma işlərinin aparılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına maneçiliyin törədilməməsi vəzifəsi qoyulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 Tofiq qızı və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılara ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Tofiq qızı və Cavabdeh2 üzərinə Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abasqulu Ağa Bakıxanov küçəsi, dalan 3-də yerləşən 2 saylı evə dair inventarlaşdırılma işlərinin aparılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına maneçiliyin törədilməməsi vəzifəsi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 Tofiq qızı və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılara ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar