Məhkəmə qərarları › İş №2(039)-1297/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1297/2021

30.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1297/2021 30.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı X2 Cavabdeh X4 və vəkili X7 iştirakı ilə, İddiaçı X2 cavabdeh X8 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «mülki hüquqlarının (gözlənilən vərəsəlik hüququnun) maneəsiz həyata keçirilməsinə şərait yaradılması və cavabdehin qanunsuz və əsassız hərəkətlərinə qadağa qoyulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh X8 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «mülki hüquqlarının (gözlənilən vərəsəlik hüququnun) maneəsiz həyata keçirilməsinə şərait yaradılması və cavabdehin qanunsuz və əsassız hərəkətlərinə qadağa qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2021-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X1 miras qalmış Yevlax rayonu, Xaldan kəndində yerləşən daşınmaz əmlakın (Yevlax rayon Aqrar İslahat Komissiyasının 21 aprel 2001-ci il tarixli 56 saylı qərarı ilə ümumi birgə mülkiyyət hüququ üzrə verilmiş Yevlax rayonu, Xaldan kəndində 0.27 ha ölçüdə həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi nəzərdə tutulur) inventarlaşdırması məqsədilə daşınmaz əmlaka baxış keçirilərkən müayinə işlərinə maneəçilik törədən şəxsin cavabdeh X4 qanunsuz və əsassız (qadağanedici) hərəkətlərinə son, yəni qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 iddia tələbini müdafiə edərək izah etdi ki, o mərhum X6 ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənərək ailə qurmuşlar. X6 18 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Onun mərhum həyat yoldaşından Yevlax rayonu, Xaldan kəndində birgə paylı mülkiyyətli daşınmaz əmlak miras olaraq qalmışdır. Həyat yoldaşının ölümündən sonra ondan miras qalmış əmlakla əlaqədar vərəsəlik işinin açılması üçün rayon notariat kontoruna müraciət etmişdir. Notariat kontoru miras qalmış əmlakın qeydiyyata alınmadığına görə həmin evin həyat yoldaşının adına qeydə alınması üçün DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə məktubla müraciət etmişdir. Ərizənin icrası ilə əlaqədar DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin mütəxəssisləri müəyyən müayinə və ölçü işləri aparmaq üçün həmin həyətə getmişlər, lakin cavabdeh onları həyətə buraxmamaqla, yəni onlara qarşı müayinə və ölçü işləri aparmağa süni manelər törətmişdir. Ona görə də orada inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Bütün bunlara görə, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı həyat yoldaşının ölümündən sonra vərəsəlik işini açdıra bilmir. İddiaçı X5 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X11 məhkəmə iclasında izah etdi ki, həmin torpaq atasının olubdur. 1985-ci ildə atası ilə birgə köhnə evi söküb hazırda mövcud olan evi inşa etmişlər. O evləndikdən sonra mərhum atası evi və torpağı ortadan bölmüşdür. Hazırda onların həyətinə girişləri belə ayrıdır. Ölçü işlərinin aparılmasına etiraz etmir. Cavabdeh X4 vəkili X13 məhkəmə iclasında izah etdi ki, mübahisə gedən torpaqda işa edilmiş ev hazırda dövlət qeydiyyatından belə keçməmişdir. Cavadehin atasının sağlığında həm torpaq, həm də ev qardaşlar arasında bərabər bölünmüşdür. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 21 may 2021-ci il tarixli **********87 saylı bildirişinin surətindən məlum olur ki, 08 may 2021-ci il tarixdə Yevlax rayonu, Xaldan kəndində yerləşən fərdi yaşayış evininin inventarlaşdırmaq məqsədi ilə mühəndis inventarlaşdırıcı Ə.Qurbanov ərizədə qeyd olunan ünvana getmişdir. Lakin mübahisə olduğu üçün müayinəyə şərait yaradılmamışdır və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 fevral 2005-ci il tarixli AZ-l 137805 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 ilə X12 07 fevral 2005-ci il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 mart 2021-ci il tarixli AZ-ll 161875 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 18 fevral 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Xaldan kənd İƏD-si üzrə nümayəndəliyinin 26 may 2021-ci il tarixli 410 saylı arayışından məlum olur ki, torpağın mülkiyyətə verilməsinə darir JN-374F şəhadətnaməsinə əsasən X9 texniki səhv olaraq X10 yazılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X3 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.02.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərabərhüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd olunan maddənin 3-cü bəndində qeyd edilir ki, torpaq sahələri üzərində mülkiyyət hüqüqu mülkiyyətçisinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı mərhum X6 ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənərək ailə qurmuşlar. X6 18 fevral 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçının mərhum həyat yoldaşından Yevlax rayonu, Xaldan kəndində birgə paylı mülkiyyətli daşınmaz əmlak miras olaraq qalmışdır. İddiaçı həyat yoldaşının ölümündən sonra onlardan miras qalmış əmlakla əlaqədar vərəsəlik işinin açılması üçün rayon notariat kontoruna müraciət etmişdir. Notariat kontoru miras qalmış əmlakın qeydiyyata alınmadığına görə həmin evin həyat yoldaşının adına qeydə alınması üçün DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə məktubla müraciət etmişdir. Ərizənin icrası ilə əlaqədar DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin mütəxəssisləri müəyyən müayinə və ölçü işləri aparmaq üçün həmin həyətə getmişlər, lakin cavabdeh onları həyətə buraxmamaqla, yəni onlara qarşı müayinə və ölçü işləri aparmağa süni manelər törətmişlər. Ona görə də orada inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh iddianı qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonu, Xaldan kəndində JN-374 F seriyalı 90111018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.27 ha həyətyanı torpaq sahəsinə DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdeh X11 tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu, Xaldan kəndində JN-374 F seriyalı 90111018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.27 ha həyətyanı torpaq sahəsinə DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdeh X11 tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar