Məhkəmə qərarları › İş №2(103)-2631/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2631/2025

12.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2631/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh3, Cavabdeh4, Əliyev Məmmədhəsən Əliağa oğluna, Cavabdeh2 Əyyub oğluna, Bakı şəhəri 7 saylı Naotariat ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: nənədən miras qalan əmlaka məcburi pay hüququnun və vərəsəlik hüququnun tanınması, miras payınının həcminin müəyyən olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X41 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X36, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 Əyyub oğlunun, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 Əyyub oğluna, Bakı şəhəri 7 saylı Naotariat ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X43 cəlb edilməklə) qarşı "vərəsəlik haqqında şəhadətnamələrin və çıxarışların ləğv edilməsi, nənədən miras qalan əmlaka məcburi pay hüququnun və vərəsəlik hüququnun tanınması, miras payınının həcminin müəyyən olunması, miras payın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-224/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçının babası X6 xx.xx.1960-cı il tarixdə, nənəsi X30 isə xx.xx.1986-ci il tarixdə vəfat etmişlər. X4, X13, X14, X15, X25 və X28 onların uşaqları olmuşlar.

2. Mərhum X12 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsində yerləşən “A”, “B”, “V” və “Q” tikililərindən ibarət 32 nömrəli ev miras qalmışdır.

3. X30 notariat qaydada təsdiq edilmiş xx.xx.1975-ci il tarixli vəsiyyətnamə ilə ünvan 1 ünvanında həyətin cənub hissəsində ayrıca yerləşən sahəsi 60 kv.m 3 otaqdan və sahəsi 35 kv.m mətbəx və dəhlizdən ibarət bir mərtəbəli daş evi oğlu X20 vəsiyyət etmişdir. Sonuncu həmin tikiliyə dair xx.xx.1995-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.

4. Daha sonra X30 notariat qaydada təsdiq edilmiş xx.xx.1985-ci il tarixli vəsiyyətnamə ilə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsində yerləşən 32 saylı əmlakına daxil olan “A” tikilisini oğlu X16, “B” tikilisini oğlu X21, “V” tikilini isə qızı X7 vəsiyyət etmişdir. Sonra xx.xx.1986-cı il tarixli vəsiyyətnamə ilə “B” tikilisini oğlu X21 yox, nəvəsi Cavabdeh2 Əyyub oğluna vəsiyyət etmişdir.

5. İddiaçının anası Əliyeva (nikahdan sonra Əyyubova) Səkinə Məmmədhüseyn qızı xx.xx.1923-cü il tarixdə doğulmuş, xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Son yaşayış yeri Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 73, mənzil 35 olmuşdur.

6. Əzizbəyov Rayon İcra Hakiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 547 nömrəli sərəncamı ilə X21 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsində yerləşən 32 saylı evə bitişik mətbəx, hamam, ayaqyolu, dəhliz, torpaq sahəsində qarajın tikilməsinə icazə verilmişdir.

7. 23.10.2007-ci il tarixdə vəfat etmiş X17 vərəsələri arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 Əyyub oğludur.

8. X1 vərəsələri Cavabdeh3, Cavabdeh4, Cavabdeh5dur.

9. Cavabdeh2 Əyyub oğlu, Cavabdeh1, Cavabdeh3 oğlu, Cavabdeh5, Cavabdeh4 və iddiaçı xx.xx.1986-ci il tarixdə vəfat etmiş nənəsi – X12 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Bakı şəhəri 7 saylı Notariat ofisinə müraciət etmişdir.

10. Mərhum X2 qızı X32 və mərhum X5 qızları Naibə Babayeva, Nailə Babayeva və oğlu, Ramiz Axundov miras əmlakdan pay hüquqlarından imtina etmişlər.

11. Bakı şəhəri 7 saylı Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 291 nömrəli məktubda qeyd edilmişdir ki, sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını, həmçinin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim olunmamışdır. Göstərilənlər nəzərə alınaraq, müraciətinin təmin edilməsindən imtina edilmiş və qanunvericiliyin tələblərinə müvafiq olaraq aidiyyəti üzrə məhkəməyə müraciət edə bilməsi izah edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 Əyyub oğluna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X43) qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əyyub oğluna və digər cavabdeh fiziki şəxslərə verilən vərəsəlik hüququ haqqında şəhadətnamələrin və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarış, habelə miras əmlakla bağlı digər vərəsələrə verilmiş daşımaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, nənəsi X22 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə - vəsiyyətnamə verilən hissədə onun məcburi pay hüququnun və qalan hissəyə münasibətdə vərəsəlik hüququnun tanınması və həmin daşınmaz əmlaka münasibətdə miras payının həcminin müəyyən olunması, cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə onun miras payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona bununla bağlı çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, miras qoyan nənəsi X29 xx.xx.1986-cı il tarixdə vəfat etmişdir. O, xx.xx.1985-ci il tarixli vəsiyyətnamə ilə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində olan “A” tikilini oğlu X16, fərdi yaşayış evində olan “B” tikilini X21, fərdi yaşayış evində olan “V” tikilini isə qızı X7 vəsiyyət etmişdir. Sonra yenidən xx.xx.1986-cı ildə yuxarıda qeyd olunan vəsiyyətnaməyə “B” tikili hissəsində dəyişiklik edilmiş, “B” tikilini həm X21 həm də nəvə Cavabdeh2 Əyyub oğluna vəsiyyət etmişdir. Lakin onun anası “Əliyeva” (nikaha daxil olduqdan sonra soyadı “Əyyubovaya” dəyişdirilmişdir) Səkinə Məmmədhüseyn qızının adı sözügedən vəsiyyətnamədə öz əksini tapmamışdır. Buna səbəb vəsiyyətnamənin məzmunundan mərhum nənənin məlumatının olmaması idi (vəsiyyətnamədə nənəsinin imzası olsa da, nənəsinə vəsiyyətnamənin məzmunu açıqlanmamış, onu dərk etmək vəziyyətində olmamış, ona dərk etməyə sağlamlıq imkanı yol verməmiş, nənəsi vəsiyyətnamədə qeyd olunan əmlakın övladları arasında bərabər bölünməsini qəbul edərək imzalamışdır). Halbuki, onun anası S.Əyyubova nənəsinin xəstəliyi dövründə (nənəsinin beş qız övladı olsa da) ona baxmış, onun yanında qalmış, nənəsi rəhmətə getdikdən sonra da elə həmin evdə (nənəsinin yaşadığı evdə) yaşamışdır. xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (0193177 saylı) çıxarışdan da görünür ki, pay üzrə hüquq sahiblərinin içərisində nənəsinin adı qeyd olunmuşdur. Qeyd olunduğu kimi nənəsi 38 il əvvəl rəhmətə getmiş və ona aid hissə (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) keçməmişdir. Qohumlarla əlaqə yaratsa da, onlar nənəsinə məxsus sözügedən əmlakın vərəsəsi kimi onu tanınmağından, bu torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestr qeydiyyatında qeyd olunmasına etiraz etmişlər (qohumlar ona vəfat etmiş nənəsinə aid sənədlərin əsillərini, vərəsəlik şəhadətnamələrinin əsillərini göstərməmiş, hətta anasının doğum haqqında şəhadətnaməsinin əslini də özlərində saxlamışlar, onun surətini də o, saxlamamış, onun sözügedən sənədlərdən sonradan məlumatı olmuşdur). xx.xx.2024-cü il tarixdə sözügedən əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını, həmçinin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim olunmamışdır. Bu səbəbdən də, müraciəti təmin olunmamışdır (müraciət və cavab məktubu iddia ərizəsinə əlavə olunur). Anasının yeganə övladı kimi miras əmlakda məcburi payı vardır və bunu əsas götürərək onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Sözügedən daşınmaz əmlak üzərində onun ayrıca pay hüququnun olmasını, vərəsəliklə bağlı sənədlər barədə onun hal-hazıradək məlumatının olmamasını, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2ci maddəsinin tələblərini (həmin maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər) nəzərə alaraq ona məxsus hissədə sözügedən daşınmaz əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, pozulmuş hüquqlarının bərpası, mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Miras əmlakda məcburi payının olmasını dəfələrlə cavabdeh şəxslərə bildirsə də, miras qalmış əmlaka onun də payının olması faktını qəbul etməkdən imtina etmişlər (müraciəti nəticəsiz qalmışdır), buna məhəl qoymamışlar. Bunun nəticəsində isə o, ona məxsus olan mənzildə mülkiyyət hüquqlarını həyata keçirə bilmir, mənzildən sahiblik və istifadə edə bilmir. Qeyd olunmalıdır ki, sözügedən vəsiyyətnamədə anası göstərilməsə də, o, rəhmətə getdikdənsonra anası sözügedən əmlakda yaşamış, əmlaka sahiblik etmişdir. O, mirasa sahiblik etməyə və onu idarə etməyə faktiki başlamış vərəsə kimi həmin mirasın qəbulundan imtina etməmişdir (işin hallarında bu barədə anası tərəfindən notariat orqanına müraciət mövcud deyildir). Nəzərə alsaq ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. O, vərəsə statusunda olan şəxs kimi bu statusdan imtina etmək qərarına gəlmir (bununla bağlı iradə ifadəsii Mülki Məcəllənin 1256-cı maddəsinə uyğun olaraq ifadə edir). Ona məlum olan məlumata əsasən vəfat edən nənəsinin bütün vərəsələri mirasdan pay almaq üçün ümümiyyətlə müraciətlər etmirlər və bu barədə (imtina) ərizə təqdim edərək öz paylarından imtina etmək niyyətindədirlər. Lakin hal-hazıradək onun tərəfindən paydan imtina barədə ərizə təqdim edilməmişdir (bu da o anlama gəlir ki, miras yalnız digərləri tərəfindən deyil, həm də onun tərəfindən də qəbul edilir). Bu baxımdan hesab edir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Hesab edir ki, daşınmaz əmlak üzərində onun payının olmasını nəzərə alınaraq adıçəkilən cavabdeh şəxslər tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması, nənəsindən miras qalan əmlaka dair məcburi payın müəyyən edilməsi, həmin payın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə qəbul edilməlidir. O da qeyd olunmalıdır ki, nənəsi rəhmətə getdikdən sonra da anası elə həmin evdə (nənəsinin yaşadığı evdə) yaşamış, hətta anasının işlədiyi məktəb şəhər evinə uzaq məsafədə yerləşdiyi üçün anası şəhər evinə nadir hallarda getmişdir (anasının iş yerinin Şüvəlanda yerləşməsini təsdiq etmək üçün anasının əmək kitabçası ərizəyə əlavə olunur). Bu da onu göstərir ki, anası sözügedən əmlakda yaşamış, əmlaka sahiblik etmişdir. O, mirasa sahiblik etməyə və onu idarə etməyə faktik başlamış vərəsə kimi həmin mirasın qəbulundan imtina etməmişdir (işin hallarında bu barədə anası tərəfindən notariat orqanına müraciət mövcud deyildir, həmçinin anasının qardaşları ilə onun münasibəti onu deməyə əsas verir ki, anasının qardaşları ilə əmlak barəsində ixtilafları olmamış, anası nənəsinə məxsus evində yaşayarkən qardaşları buna etiraz etməmişlər, hətta anasının qardaşlarına yazdığı vəsiyyət məktubu və onun qardaşları ilə foto şəkilləri bu halları təsdiq edir). Nəzərə alınsa ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. O, vərəsə statusunda olan şəxs kimi bu statusdan imtina etmək qərarına gəlmir (bununla bağlı iradə ifadəsii Mülki Məcəllənin 1256-cı maddəsinə uyğun olaraq ifadə edir). Yuxanda qeyd olunan qanunvericilik normasına görə eyni hüquq münasibətini tənzimləyən, müxtəlif vaxtlarda qəbul olunmuş normativ hüquqi aktlar arasında ziddiyyət olduğu zaman daha sonra qəbul olunmuş normativ hüquqi aktın tətbiq olunması nəzərdə tutulur. İşin hallarından da görünür ki, əvvəlki qanunvericiliyə əsasən hesab edilsə ki, onun məcburi pay hüququ məhdudlaşdırılarsa, onun mövcud vəziyyəti pisləşmiş olur, digər cavabdehlərin hüquqi vəziyyətinə pisləşməsinə zəmin yaranmır. Daşınmaz əmlak üzərində digər cavabdehlərin əmlak hüquqlarının qeydiyyatı ilə bağlı inzibati akt mövcud deyildir (həmçinin paylar üzrə əmlakın bölgüsü də qanunla nəzərdə tutulmuş qaydada aparılmamışdır). Bu halda o, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin 1-ci cümləsində təsbit olunmuş hüququn həyata keçirilməsini, yəni həmin maddənin birbaşa tətbiq edilməsini və onun hüquqi vəziyyətini yaxşılaşdıran mülki hüquq normasının qüvvəsinin geriyə şamil olunmasını tələb edə bilər.

14. Cavabdeh2 Əyyub oğlunun nümayəndəsi və vəkili iddiaya qarşı yazılı etirazla müraciət edərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində işin həqiqi hallarına və mübahisə ilə tətbiq edilməli maddi hüquq normalarına düzgün istinad etməmişdir. 1. İşin halları ondan ibarətdir ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.1986-cı il tarixdə vəfat etmiş nənəsi X29 məxsus olmuş,xx.xx.1985-ci ildə mirasqoyan X29 evin “A” tikilisini oğlu X16, “B” tikilini X21, “V” tikilini qızı X10 vəsiyyət etmiş, xx.xx.1985-ci ildə qeyd olunan vəsiyyətnamənin B tikilisi hissəsinə dəyişiklik edərək B tikilini X21, həm də nəvəsi Cavabdeh2 Əyyub oğluna vəsiyyət etmişdir. Qeyd edilmiş vəsiyyətnamədən göründüyü kimi mirasqoyan X29 özünə məxsus miras evin hər hansı bir hissəsinə dair qızı X8 adına vəsiyyətnamə qoynamış, axırıncı 1960-cı ildə ailə həyatı quraraq miras evdən həyat yoldaşının evinə köçmüş, o vaxtdan da həyat yoldaşının evinə qeydiyyata düşmüş, ailəsi ilə birlikdə yaşamış, 2011-ci ildə də vəfat etmişdir. Nə miras açılanadək, nə də ki, miras açıldıqdan sonra miras evdə bir gün də yaşamamışdır. xx.xx.1986-cı il tarixdə mirasqoyan X29 vəfat etmiş, axırıncının vəfatından sonra miras əmlaka vəsiyyətnamə üzrə vərəsələr X25,X28,X23 və Cavabdeh2 Əyyub oğlu qanunla nəzərdə tutulmuş qaydada miras əmlakı qəbul edib, hər biri özünə vəsiyyət edilmiş hissəyə giriş-çıxış qapısını küçədən ayırmaqla bu günədək idarə edirlər. Miras açılan günə qüvvədə olan Mülki Məcəllənin 538-ci maddəsinin tələblərinə görə miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habələ əmək qabiliyyəti olmayan əri (arvadi, valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. İş materiallarından görünür ki, X29 vəfat edən günə iddiaçının anası X24 həddi-buluğa çatmış, ailəli, əmək qabiliyyətli övladı olmuş və mirasqoyanın himayəsində yaşamamışdır. Belə olduğu halda mirasqoyan vəfat edən və miras açılan günə mirasqoyan tərəfindən sağlığında qoyulmuş vəsiyyətnamə mövcud olduğundan, iddiaçının anasının miras əmlakda məcburi payın olması qanunvericiliklə nəzərdə tutulmamışdır. Digər tərəfdən, miras evə dair vəsiyyətnamə qoyulan və mirasın açıldığı dövrdə qüvvədə olan Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirasın mirasın qəbul etmə müddəti 6 ay olması müəyyən edilmişdir. İddiaçı bununla əlaqədar məhkəməyə miras açılan vaxtdan, yəni 1986-cı ildən bu günədək Səkinə Məmmədhüseyn qızının, axırıncı vəfat etdikdən sonra isə bu günədək özü tərəfindən miras əmlakı qəbul edib idarə etməsini təstiq edən subutları məhkəməyə təqdim etməmişdir (vəsiyyətnamə üzrə vərəsə sayılmasa belə). Bu əsasla da hesab edir ki, iddia qanunvericilikdə nəzərdə tutulmuş miras əmlakı qəbul etmə müddəti buraxılması səbəbindən təmin edilməməlidir. Odur ki, iddia miras açılan günə qüvvədə olan maddi hüquq normalarının tələbləri əsas götürməklə rədd edilməlidir. İddianın “nənədən miras qalan əmlaka məcburi payın müəyyən edilməsi,həmin payın dövlət reyestrində qeydə alınmasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsinə gəldikdə isə qanunvericilikdə inzibati otqanın üzərinə hər hansı bir öhdəliyin qoyulması ilə bağlı mübahisələrə mülki icraat qaydasında yox, inzibati icraat qaydasında baxılması nəzərdə tutulduğundan, iddia həmin hissədə də təmin edilməməlidir.

15. Eyni zamanda Cavabdeh2 Əyyub oğlunun nümayəndəsi və vəkili iddianın miras əmlakın qəbul etmə müddətinin buraxılması əsası ilə rədd edilməsinə dair ərizə ilə müraciət edərək göstərmişdir ki, o vaxtdan vəsiyyətnamə üzrə vərəsələr miras paylarını həm rəsmi, həm də faktiki qəbul edib idarə edib, bugünədək də idarə edirlər. Miras qoyan X22 məxsus olmuş fərdi yaşayış evinin vəsiyyətnaməyə daxil edilməmiş, lakin evin “B” tikilisinə bitişik “Q” tikilisi də vərəsə X28 tərəfindən qəbul edilərək idarə edilmiş, həmin tikiliyə axırıncı Bakı şəhəri Əzizbəyov RİHB-nın xx.xx.2000-ci il tarixli 547 saylı sərəncamı ilə əlavə tikililər inşa etmiş, onun da vəfatından sonra “Q” tikilisi oğlu Cavabdeh2 Əyyub oğlu tərəfindən qəbul edilərək bu günədək sahiblik edilir. 2024-cü ildə də Cavabdeh2 Əyyub oğlu nənəsi X11 miras qalmış, vəfat edən günədək atası X28 tərəfindən qəbul edilərək sahiblik edilmiş tikiliyə dair qanun üzrə vərəsəli şəhadətnaməsi almaq üçün Bakı şəhəri 7 saylı Notariat ofisinə müraciət edilmişdir. Həmin müraciətdən sonra notariat orqanı tərəfindən “Q” tikiliyə dair vərəsəlik işin açılması ilə bağlı hazırki iddia üzrə iddiaçı məlumat verilmiş, həmin məlumatı aldıqdan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə muraciət etmişdir. Qeyd edilmiş notariat işindən göründüyü kimi mirasqoyan X29 özünə məxsus miras evin hər hansı bir hissəsinə dair qızı X8 adına vəsiyyətnamə qoynamış, vəsiyyətnamə qoyulmamış “Q” tikilisindən payına düşən hissəsini qəbul etmək üçün miras açıldığı gündən, yəni xx.xx.1986-cı ildən, bu günədək nə rəsmi və də ki,faktiki qəbul etməmişdir. İddiaçının anası X24 1960-cı ildə ailə həyatı quraraq miras evdən həyat yoldaşının Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən evinə köçmüş, o vaxtdan da həyat yoldaşının evinə qeydiyyata düşmüş, ailəsi ilə birlikdə yaşamış, 2011-ci ildə də vəfat etmişdir. Nə miras açınanadək, nə də ki, miras açıldıqdan sonra miras evdə bir gün də yaşamamışdır. İstər xx.xx.2000-ci ilədək qüvvədə olmuş 552-ci,istərsə də xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş AR MM-nin 1243.2-ci maddənin tələblərinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş hesab edilir. Qeyd edilmiş maddi hüquq normalarının tələblərinə görə vərəsə miras açıldığı gündən 3 ay ərzində qəbul edə bilər. Mirasın açıldığı gündən 6 keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İş materiallarından görünür ki, iddiaçı miras əmlakı faktiki qəbul etməmiş, rəsmi qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətdə müvafiq notariat orqanlarına müraciət etməmiş,hazırda mirasqoyanın vəfatından 38 il keçdikdən sonra məhkəməyə müraciət etməklə mirasın qəbul etmək müddətini buraxmışdır. AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəllənin 1246 və 1273.1-ci maddələrinin AR Konstitusiya Məhkəməsinin 29-cü maddəsinin V11hissəsinə uyğunluğunun yoxlanılmasına” dair xx.xx.2023-cü il tarixli qərarına gəldikdə isə həmin qərarla müəyyən edilmiş müddəalar hazırki mübahisə ilə bağlı əsas götürülərək tətbiq edilə bilməz.

16. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)- 224/2025 nömrəli qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia tələbi təmin edilməmişdir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilmiş hallarına əsasən miras qoyan, xx.xx.1986-cı ildə ölmüş X19 miras əmlakı Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsində yerləşən “A”, “B”, “V” və “Q” tikililərdən ibarət 32 saylı mülk olmuşdur. Həmin mülkün “A”, “B”, “V” tikililəri vəsiyyətnamə predmeti olmuş, yəni həmin əmlaklar vəsiyyətnamə əsasında şəxslərə vəsiyyət edilmişdir. Həmin əmlaklara dair iddiaçı irsi transmissiya qaydasında məcburi pay hüququnun tanınmasını tələb etsə də, işin hallarından müəyyən edilir ki, birinci növbə vərəsələr sırasına daxil olan anası Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızı, miras açıldığı vaxtı həddi-buluğa (yetkinlik yaşına) çatmayan şəxs olmamış, eyni zamanda onun əmək qabiliyyəti olmayan şəxs olması, miras qoyanın himayəsində olması, eləcə də mirası qəbul etməsi barədə hal müəyyən edilməməklə bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, miras qalmış əmlaka dair iddiaçının məcburi pay hüququnun müəyyən edilməsi üçün qanuni əsaslar mövcud deyil.

18. İş üzrə iddiaçının miras qoyanın birinci növbə vərəsələrinə daxil olan anası, Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızı tərəfindən miras qalmış əmlakı faktiki olaraq sahiblənməklə istifadə etməsi, eləcədə yuxarıda qeyd olunan qanunvericlikdə nəzərdə tutulmuş müddətdə vərəsəliyin qəbul etməsi barədə notariat orqanına müraciət etməsi, ümumiyyətlə Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızının anasından miras qalmış əmlaka dair vərəsəlik hüququnun müəyyən edilməsi barədə niyyətinin (hərəkətinin) olması barədə hər hansı bir sübut təqdim edilməmiş və bu hallar iş üzrə məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Bu səbəbdən miras əmlaka daxil olan Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsində yerləşən 32 saylı mülkün “Q” tikilisinə dair də iddiaçının vərəsəlik hüququnun müəyyən edilməsi mümkün deyil.

19. Məhkəmə eyni zamanda iddianın Cavabdeh1 və Cavabdeh2 Əyyub oğluna və digər cavabdeh fiziki şəxslərə verilən vərəsəlik hüququ haqqında şəhadətnamələrin və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarış, habelə miras əmlakla bağlı digər vərəsələrə verilmiş daşımaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə onun miras payının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona bununla bağlı çıxarışın verilməsi öhdəliyinin qoyulması dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsidə təmin edilə bilməz. Belə ki, iddianın həmin hissələri iddiaçının nənəsi X22 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair onun məcburi pay hüququnun və digər hissədə payının müəyyən edilməsi hissəsindən törəmə tələblərdir.

20. Bundan başqa məhkəmə Cavabdeh2 Əyyub oğlunun nümayəndəsi və vəkilinin “iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizəsinə” münasibətdə qeyd etmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Yəni, mirasın qəbulu ilə bağlı müddət iddia müddəti deyildir.

21. Məhkəmə öz mövqeyini 1964-cü ildə qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 527, 528, 529, 532, 533, 537, 538, 552, 553, 556, 561, 562-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, miras əmlakın bir hissəsi hazırkı vaxtadək X18 adınadır. Belə ki, işdə olan sənədlərdən görünür ki, xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (0193177 saylı) çıxarışdan da görünür ki, pay üzrə hüquq sahiblərinin içərisində X18 da adı qeyd olunub. İddiaçının anası Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızının yeganə övladı kimi iddiaçının miras əmlakda məcburi payı vardır. O, mirasa sahiblik etməyə və onu idarə etməyə faktiki başlamış vərəsə kimi həmin mirasın qəbulundan imtina etməyib. Mülki Məcəllənin 1253.1.-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Apellyasiya şikayətində həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli Qərarlarına istinad olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh2 Əyyub oğlunun nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, iddiaçı tərəfindən vəsiyyətnamələr mübahisələndirilməmiş, iddia tələbin mahiyyəti vəsiyyətnamə verilən hissədə miras əmlaka dair məcburi payın tanınmasından, vəsiyyətnaməyə daxil olmayan miras əmlaka dair hissədə vərəsəlik hüququnun tanınmasından ibarət olmuşdur. Məhkəmə tərəfindən tamamilə əsaslı olaraq həmin dövr üçün Azərbaycan Respublikasında qüvvədə olmuş AR MM-nin 1965-ci il tarixində qüvvəyə minmiş maddi hüquq normaları tətbiq edilmişdir. Həmin Məcəllə ilə istər vəsiyyət üzrə, istərsə qanun üzrə mirasın qəbulu üçün də 6 aylıq müddət müəyyən olunmuşdur. Həmçinin miras əmlakda məcburi pay hüququ bütün vərəsələr üçün deyil, həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqlar (o cümlədən övladlığa götürülənlər), əmək qabiliyyəti olmayan ər (arvad), valideynlər (övladlığa götürənlər), ölənin himayəsində olanlar üçün nəzərdə tutulmuşdur. X3 xx.xx.1986- cı ildə ölümü ilə onların övladlarından biri olan Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızı (iddiaçının anası) mirasın qəbul edilməsi barədə notariusa müraciət etməmiş, mirası faktiki qəbul etməsi barədə məhkəməyə sübutlar təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

26. İddiaçının nümayəndəsi və vəkili həmçinin bildirdi ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin olunmamasının əsasları kimi ilk növbədə hazırki iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətinin 1986-cı ildə, yəni miras qoyan X19 xx.xx.1986-cı il tarixdə ölməsindən sonra yaranması, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı olması və iddiaçının miras qoyanın birinci növbə vərəsələrinə daxil olan anası, Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızı tərəfindən miras qalmış əmlakı faktiki olaraq sahiblənməklə istifadə etməsi, eləcədə qanunvericlikdə nəzərdə tutulmuş müddətdə vərəsəliyin qəbul etməsi barədə notariat orqanına müraciət etməsi, ümumiyyətlə Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızının anasından miras qalmış əmlaka dair vərəsəlik hüququnun müəyyən edilməsi barədə niyyətinin olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməməsi və bu halların iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilməməsi, bu səbəbdən miras əmlaka daxil olan Şüvəlan qəsəbəsi, A.Sultanova küçəsində yerləşən 32 saylı mülkün “Q” tikilisinə dair də iddiaçının vərəsəlik hüququnun müəyyən edilməsinin mümkün olmamasını qeyd etmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmır, belə ki, Konstitusiya Məhkəməsinin 2022, 2023 və 2024-cü il tarixli plenum qərarları əsasında vərəsəlik münasibətlərinin tənzimlənməsi köklü olaraq dəyişmişdir. Lakin birinci instansiya məhkəməsi bütün bu halları nəzərə almamışdır. İş materiallarından müəyyən olunur ki, cavabdeh özü də miras əmlakı 2024-cü ildə qəbul etmişdir. Cavabdeh 2024-cü ildə miras əmlakı qəbul etmək üçün notariusa müraciət edərkən, notarius tərəfindən digər vərəsələrə, iş üzrə iddiaçı olan İddiaçı razılığının alınması üçün göndərilmişdir. Bundan başqa, şəhadətnamə alınana qədər iş üzrə tərəflər arasında münasibətlər yaxşı olmuş və iddiaçıya nənəsindən qalmış əmlakın ona məxsus olduğu bildirilmişdir. Eyni zamanda qeyd edir ki, iddiaçının anası Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızı uzun müddət orada yaşamış və miras əmlakı anasından qəbul etmiş, iddiaçı özü də uşaq olarkən orada yaşamış, ailə həyatı qurduqdan sonra köçmüşdür. Tərəflər arasında mübahisə olmadığı üçün məhkəmə qaydasında mübahisələndirilməsi zəzurəti yaranmamışdır. Orada tikililər çoxdur, qeydiyyata alınmış və alınmamış tikililər var. Miras əmlakdan bütün övladlar payını alıb və hər biri orada yerləşib. 2024-cü ilin avqust ayında Cavabdeh2 Əyyub oğlu yaxınlaşaraq iddiaçıya bildirmişdir ki, notarius iddiaçının razılığını tələb edir. İddiaçı isə orada olan payının qeydə alınmalı olduğunu bildirdikdə, cavabdeh bildirmişdir ki, əmlakın hamısını öz adlarında qeyd etdirsinlər, lakin iddiaçı oraya gəlib-gedə bilər. Bundan başqa, miras əmlakın bir hissəsi hazırda da açıq qalmışdır və ona münasibətdə iddiaçının hüquqlarının olduğunu, vəsiyyətnamə ilə müəyyən olunmuş miras əmlaka münasibətdə iddiaçının məcburi pay hüququnun olduğunu və digər hissədə iddiaçının ümumi olaraq vərəsə kimi tanınmalı olduğunu hesab edir.

27. İddiaçı həmçinin bildirdi ki, 2024-cü ildə notariusdan onunla miras əmlakla bağlı imtina ərizəsi yaza bilməyi ilə əlaqədar maraqlanmışlar. Cavabdeh2 Əyyub oğlunun həyat yoldaşı da ona zəng edərək, ona əziyyət olmaması üçün “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə imtina yazıb ona göndərə biləcəyini bildirmişdir. O isə bununla bağlı etirazını bildirmişdir. Orada anası ilə və nənəsi ilə uzun müddət yaşamışdır. Nənəsi hamıdan çox onun anasını çox istəyərdi. Çünki anası nənəsinə qulluq edirdi, onun hər dərdinə şərik olurdu. Nənəsi 12 yaşında evlənib, o, rus dilini bilməyib və vəsiyyətnamələrdən məlumatı olmayıb. Nənəsi orada yeri göstərərək iddiaçının anasına məxsus olduğunu bildirərdi. Nənəsi hər iki oğluna ev tikib və atası da ona köməklik edib. Nənəsinin qaldığı evi də sonradan ondan icazəsiz formada mənimsəyiblər. Bütün tərtib olunmuş vəsiyyətnamələr heç biri həqiqəti əks etdirmir. Çünki 1970-ci ildə Cavabdeh2 Əyyub oğlunun anası iddiaçının anası vasitəsi ilə oraya gəlin gəlib. 1970-ci ildə gəlin gələn kimi elə həmin ildə vəsiyyətnamə yazılıb. Daha sonra 1975, 1985-ci illərdə və nənəsi ölən ildə də digər vəsiyyətnamələr yazılıb. Anası uzun müddət orada yaşayıb və çox zaman oraya gedib-gəlib və qardaşları ona bildirib ki, oralar sənə məxsusdur. Anasının vəsiyyətnamələrdən məlumatı olmayıb.

28. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

29. Cavabdeh2 ona verilmiş suala cavab olaraq bildirdi ki, 2024-cü ildə notariusa müraciəti ilə bağlı notarius tərəfindən çıxarışlar verilməmişdir, hazırki məhkəmə mübahisəsi ilə bağlı icraat dayandırılıb.

30. Cavabdehin nümayəndəsi və vəkili həmçinin bildirdi ki, birinci instansiya məhkəməsi əsaslı olaraq, vəsiyyətnamə verilən və miras əmlak açılan dövrdə qüvvədə olan qanunvericiliyi tətbiq etmişdir. İddiaçının anası sağlığında miras əmlakdan nə ona çatacaq payı, nə də məcburi payı tələb edib. Tələb etsə belə, qanunvericiliyin tələblərinə əsasən təmin olunmayacaqdı. “A”, “B” və “V” tikililəri vəsiyyətnamə üzrə vərəsələrə keçmişdir və həmin vərəsələr doğulan gündən orada qeydiyyatda olan və yaşayan şəxslərdir. “Q” tikilisi ilə bağlı isə icra hakimiyyətinin sərəncamını təqdim etmişdir.

31. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətini qəbul etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçının anası ailə qurmazdan əvvəl orada yaşayıb, arada anasına baş çəkmək üçün bir-iki gün gəlib, lakin yaşamamışdır.

32. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

33. Azərbaycan SSR-nin xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq olunmuş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsi: Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Maddə 537. Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrıayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Maddə 538. Miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə ikisindən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Maddə 545. Vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Maddə 561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir. Maddə 562. vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. İşdən müəyyən olunur ki, xx.xx.1986-cı il tarixdə vəfat etmiş X12 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.Sultanov küçəsində yerləşən “A”, “B”, “V” və “Q” tikililərdən ibarət 32 nömrəli ev miras qalmışdır. X30 sonuncu xx.xx.1986-cı il tarixdə vəsiyyətnaməsi ilə “A” tikilisini oğlu X16, “B” tikilisini nəvəsi Cavabdeh2 Əyyub oğluna, “V” tikilini isə qızı X7 vəsiyyət etmişdir.

39. Sözügedən vəsiyyətnamə həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq yazılı formada tərtib edilmiş, vəsiyyət edən tərəfindən imzalanmış və notariatda təsdiq edilmiş, həmin vəsiyyətnamə mübahisələndirilməmiş, əksinə, iddiaçının tələblərindən biri vəsiyyətnamə verilən hissədə miras əmlaka onun məcburi pay hüququnun tanınmasıdır.

40. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Miras açılan vaxt qüvvədə olan mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə ikisindən az olmayan hissəsini alırlar.

42. İş materialları ilə müəyyən edilir ki, birinci növbə vərəsələr sırasına daxil olan iddiaçının anası Əliyeva (Əyyubova) Səkinə Məmmədhüseyn qızı miras açıldığı vaxtı həddi-buluğa çatmayan şəxs olmamış, onun əmək qabiliyyəti olmayan şəxs olması, miras qoyanın himayəsində olması barədə isə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir. Odur ki, iddiaçının anasısının miras əmlakın “A”, “B” və “V” tikililərinə münasibətdə hər hansı hüququ yaranmamışdır.

43. Miras əmlakın “Q” tikilisinə münasibətdə kollegiya qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

44. İşdən müəyyən olunur ki, iddiaçının anası miras açılan vaxt - xx.xx.1986-cı il tarixdə sağ olmuş, xx.xx.2011-ci il tarixinədək yaşamışdır. Odur ki, iddiaçı həmin tikiliyə münasibətdə qanun üzrə vərəsə ola bilməz.

45. Bundan başqa, iş materiallarından iddiaçının anası tərəfindən “Q” tikilisini idarə etməyə başlaması, ya mirasa yiyələnməsi, habelə qanunvericlikdə nəzərdə tutulmuş müddətdə mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi, bununla da vərəsəliyin onun tərəfindən qəbul edilməsi iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir.

46. İşdən müəyyən olunur ki, iddiaçının anasının yaşayış yeri Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 73, mənzil 35 olmuş, hələ onun sağlığında qardaşı X28 miras əmlakın olduğu ünvanda əlavə tikililər inşa etmiş, buna Əzizbəyov Rayon İcra Hakiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 547 nömrəli sərəncamı ilə icazə verilmişdir.

47. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının vəsiyyətnamə verilən hissədə onun məcburi pay hüququnun və qalan hissəyə münasibətdə vərəsəlik hüququnun tanınması və həmin daşınmaz əmlaka münasibətdə miras payının həcminin müəyyən olunması tələbləri təmin edilə bilməz. Bu tələblər təmin edilmədiyindən iddiaçının digər tələblərinin araşdırılmasına zərurət qalmır. Belə ki, sözügedən tələblər təmin edilmədiyindən iddiaçının digər tələblərinin təmin edilməsi istisna edilir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətində istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin qərarlar hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı bəzi müddəalarının şərh edilməsi ilə bağlı olmuş, həmin qərarlarda göstərilən hüquqi mövqelərin əvvəlki Azərbaycan SSR Mülki Məcəlləsinin vərəsəliklə bağlı müddəalarına da şamil edildiyi göstərilməmişdir.

49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-224/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar