Məhkəmə qərarları › İş №2(010)-2830/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2830/2024

10.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2830/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı3, üçüncü şəxsin nümayəndəsi Nümayəndə, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiаçı İddiaçı3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) abonent kodunun istehlakçının adına keçirilməsi və müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi. İddia tələbi İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) və Cavabdeh1nə (bundan sonra Cavabdeh1 İB) qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı abonent kodunun istehlakçının adına keçirilməsi və müqavilə bağlamaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış sahəsində yerləşən ev 2730-a dair mövcud qaza aid **********02450 – abonent kodunun və işığa aid **********52730 - abonent kodunun həmin evdə yaşayan istifadəçi və istehlakçıların adına keçirilməsinə, elektrik enerjisinin verilməsinə dair və qazdan istifadəyə dair istehlak müqaviləsinin bağlanması öhdəliyinin müvafiq olaraq cavabdehlərin üzərinə qoyulmasına və qeyd edilən ünvana qaz və elektrik enerjisinin verilməsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi “Şərq” yaşayış sahəsində yerləşən ev 2730 X3 məxsus olmuşdur. xx.xx.2021-ci il tarixdə Calalova Sevinc vəfat etmişdir. Buna baxmayaraq, kommunal xidmətlər onun adına qalmaqda davam etmiş və həmin xidmətlər üzrə ödəniş qəbzlərində də X1 adı qeyd edilmişdir. 2024-cü ilin mart ayının 19-da iddiaçıların yaşadığı və sözügedən fərdi yaşayış evinə birdən-birə qazın və elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bunun səbəblərini öyrəndikdə isə məlum olmuşdur ki, mərhum X1 adına olan qaza aid abonent kodu – **********02450 və işığa aid abonent kodu – **********52730 X4 adına keçirilmişdir. Qazsız və işıqsız yaşamaq qeyri-mümkündür. Cavabdeh1 İB və "xxxx" ASC-dən bildirilmişdir ki, kommunal xidmətlər (sayğaclar) yenidən iddiaçının adına o halda qaytarıla bilər ki, digər şəxs buna razılıq versin. Bu isə tamamilə qanunsuzdur. Mərhumun adına olan kommunal xidmətlərin digər şəxsin adına keçirilməsinə isə iddiaçılar razılıq verməmişdir. Qeyd edilən fərdi yaşayış evi hələ analarının sağlığında, onların iştirakı ilə digər İddiaçı3 satılmışdır. Həmin vaxtdan da İddiaçı3 evi sahibliyinə və istifadəsinə tam qəbul etmiş və etirazsız, onların razılığı ilə də orada yaşamağa başlamışdır. Hazırda qaz və işıq sayğacının adına keçirildiyi X6 iddiaçılar tanımır və bu fərdi yaşayış evinin həmin şəxsə heç bir aidiyyəti yoxdur. F.Mirzəyeva nə həmin evdə olmuş, nə də həmin evdə yaşamışdır. Qeyd edilən evdə su ödənişləri hələ də iddiaçıların mərhum anası X1 adına qalmaqda davam edir. Həm bu, həm də qaz və işığa aid əvvəllki ödəniş qəbzləri də bir daha sübut edir ki, cavabdehlər olan Cavabdeh1 İB və "xxxx" ASC kommunal xidmətləri ünvan üzrə həmin ünvan sahiblərinə, sənədsiz evlərdə isə sayğacların quraşdırıldığı ünvanlar üzrə faktiki yaşayan sakinlərə göstərməli, abonent kodları da həmin ünvan üzrə kommunal xidmətlərin bilavasitə göstərildiyi şəxslərin adına olmalıdır. İcraata müəyyən hissədə xitam verilməsi İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə qarşı iddia tələblərindən imtina etdiklərini bildirmiş və bu imtinanın məhkəmə tərəfindən qəbul edilməsini xahiş etmişdir. İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə Cavabdeh1 ilə aralarında müvafiq müqavilə bağlandığı üçün ona qarşı irəli sürdüyü iddia tələbindən imtina etdiyini bildirmiş və bu imtinanın məhkəmə tərəfindən qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2830/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qaza və işığa aid abonent kodlarının istehlakçının adına dəyişdirilməsi və müqavilə bağlamaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, qaz və elektrik enerjisinin verilməsinin bərpa edilməsi hissəsində və İddiaçı3 Cavabdeh1nə qarşı qaza aid abonent kodunun istehlakçının adına dəyişdirilməsi və müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması, qazın verilməsinin bərpa edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia tələbini müdafiə edərək bildirdi ki, iddia tələbində qeyd edilən abonent kodu "xxxx" ASC tərəfindən onun adına keçirilməlidir. Çünki, o, həmin ünvanda təxminən 4-5 ildir ki, yaşayır və ünvan üzrə istifadə olunan kommunal xidmətlərin dəyərini ödəyir. Sözügedən fərdi yaşayış evi sənədsiz evdir və həmin ev üzrə kommunal xidmətlər X12 adına olduqda belə ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Həmin evdə kirayəçi qismində yaşamamışdır. O, həmin evi alğı-satqı müqaviləsi əsasında almış və orada yenidən təmir-bərpa işləri görmüşdür. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, hazırkı iddia ərizəsi subyektiv hüququ olmayan şəxs tərəfindən verilmişdir. İddiaçı tərəfindən ərizədə qeyd olunan fərdi yaşayış sahəsinin ünvanları təqdim olunan arayışlarda tamamilə fərqlidir. Hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin iddiaçıya şahidlərin iştirakı ilə satılmasına dair məhkəməyə yalnız qələm ilə yazılmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi təqdim edilmişdir. Həmin fərdi yaşayış evi sənədsiz evdir və həmin evin 75.000 manat məbləğində xx.xx.2020-ci il tarixdə iddiaçıya satılmasını qeyd olunan müqavilədən başqa heç bir sənəd sübut etmir. Nəzərə alınmalıdır ki, həmin müqavilə də tələb olunan qaydada bağlanmamışdır. Digər tərəfdən, satılan evin qarşılığında 75.000 manat məbləğində pul vəsaitinin ödənilməsi də bir qədər şübhəlidir. Çünki, üçüncü şəxsdən aldığı məlumata əsasən, həmin ev yüksək gərginlikli elektrik xəttinin altında inşa edilmişdir və hazırda həmin sənədsiz evin real bazar dəyərinin 75.000 manat olması heç də inandırıcı deyil. Üçüncü şəxsdən aldığı bir digər məlumata əsasən həmin mənzili aldığı vaxt İddiaçı3 orada kirayəçi qismində yaşamışdır. Formal olaraq bağlanmış alğı-satqı müqaviləsi iddiaçının həmin ünvanında hansı formada yaşamasını, həmin evdən hansı qaydada istifadə etməsini və s. digər faktları sübut etmir. Qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmamış müqavilə əsasında həmin ünvan üzrə abonent kodlarının adının dəyişdirilməsi ümumiyyətlə qanunsuz və əsassızdır. Əgər iddia tələbi təmin edilərsə, belə nəticəyə gəlmək olar ki, daşınmaz əmlakla hər hansı hüquqi bağlılığı olmayan, həmin evdə kirayəçi qismində yaşayan istənilən şəxs kommunal xidmətlərlə bağlı abonent kodlarını istənilən vaxt öz adına keçirə bilər. Bu isə əmlakın qanunsuz olaraq zəbt edilməsidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, Mirzəyeva Fövqiyyə onun yoldaşıdır. X2 ona borcu olmuşdur, onun əvəzində ona etibarnamə vermişdir. O, da kommunal xidmətləri öz adına keçirə bilmədiyindən, arvadı Fövqiyyənin adına keçirmişdir. Fövqiyyə həmin ünvanda heç vaxt yaşamamışdır. İddiaçının həmin ünvanda yaşamasına dair müəyyən arayışlar təqdim etməsi və əlyazma qaydasında tərtib edilmiş alğı-satqı müqaviləsinə istinad etməsi tamamilə qanunsuzdur. Əgər həmin sənədlər əsasında əsaslı nəticəyə gəlmək mümkündürsə, həmin arayışlardan, eləcə də əlyazma sənədlərdən onda da var. İddiaçının iş üzrə digər Cavabdeh1 İB ilə müvafiq müqavilə bağlaması hələ məsələnin mahiyyəti üzrə həlli sayılmır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 180671 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2021-ci il tarixdə “kəskin limfoblast leykemiya” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 591 nömrə ilə qeyd edilmişdir. Cavabdeh1 İB (Paylayıcı) və X8 (İstehlakçı) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış AK-00198/02-24 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsindən müəyyən olunur ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba ödəyir. Cavabdeh1 İB (Paylayıcı) və İddiaçı3 (İstehlakçı) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış AK-04837/08-24 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsindən müəyyən olunur ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba ödəyir. xx.xx.2024-cü il tarixli, **********7882 nömrəli tədiyyə bildirişindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi 2730 ünvanına Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 26.64 manat məbləğində əmlak vergisi və 206.3-cü maddəsinə əsasən 1.2 manat məbləğində torpaq vergisi hesablanmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı3 tərəfindən Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi 2730 ünvanına dair 1.21 manat məbləğində “bələdiyyə torpaq vergisi” xidməti üzrə ödəniş həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı3 tərəfindən Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi 2730 ünvanına dair 26.64 manat məbləğində “bələdiyyə əmlak vergisi” xidməti üzrə ödəniş həyata keçirilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 626 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı3 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi 2704 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İddiaçı2 Etibar qızı, İddiaçı1 Etibar oğlu, X10 və İddiaçı3 arasında xx.xx.2020-ci il tarixdə bağlanması qeyd olunan müqavilədə (notariat qaydasında bağlanmayıb) göstərilmişdir ki, ev sahibləri İddiaçı2 Etibar qızı, İddiaçı1 Etibar oğlu, X9 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 2730 ünvanında yerləşən 0005 nömrəli ev İddiaçı3 75.000 manat məbləğində satmışlar, İddiaçı3 isə həmin qiymətə almışdır. xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı3 Cavabdeh1 İB-yə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, “Şərq” yaşayış sahəsi 2730 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazın verilməsinə dair alğı-satqı müqaviləsinin bağlanılmasını və evdə olan abonent kodunun – **********02450 olan qaz sayğacının onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı3 "xxxx" ASC-yə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, “Şərq” yaşayış sahəsi 2730 ünvanında yerləşən fərdi yaşayış evində işıqdan istifadə üçün müqavilənin bağlanılmasını və evdə olan abonent kodunun – **********52730 onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən İddiaçı3 ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, tikinti obyektlərinin qeydə alındığı abonent kodlarının ad məlumatlarının dəyişdirilməsi, vətəndaşlar tərəfindən reqlamentdə qeyd olunan sənədləri daxil etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN kommunal”, regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müvafiq sənədlər təqdim etməklə müraciət etmiş vətəndaşların təqdim etdiyi sənədlərin mövcud qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra abonent kodunda hesablanmış borc (müraciət edildiyi günə) olmadığı halda müraciətin təmin edildiyi bildirilmiş və abonent kodunda ad məlumatlarının dəyişdirilməsi üçün aidiyyəti üzrə müvafiq sənədlər təqdim edilməklə müraciət edilməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2830/2024 nömrəli qərardadından müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qaza və işığa aid abonent kodlarının istehlakçının adına dəyişdirilməsi və müqavilə bağlamaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, qaz və elektrik enerjisinin verilməsinin bərpa edilməsi hissəsində və İddiaçı3 Cavabdeh1nə qarşı qaza aid abonent kodunun istehlakçının adına dəyişdirilməsi və müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması, qazın verilməsinin bərpa edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “Elektrik enerjisindən istifadə” Qaydaları Maddə 1.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı; Maddə 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Maddə 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X5 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar; 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, **********52730 nömrəli abonent kodunun təhkim edildiyi (verildiyi) ünvan hal hazırkı statusuna görə özbaşına tikilidir. Özbaşına tikilidə yaşayış mövcuddur. Həmin tikilidə faktiki olaraq iddiaçı yaşayır. Özbaşına tikilidə elektrik enerjisindən faktiki olaraq iddiaçı istifadə edir və “Elektrik enerjisindən istifadə” Qaydalarının 1.1-ci maddəsinə əsasən məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı (məişət abonenti (əhali)) məhz iddiaçıdır. Enerjitəchizatı müəssisəsi Qaydaların tələblərinə görə müvafiq müqaviləni real istehlakçı ilə bağlamağa və abonent kodunu real istehlakçının adına dəyişdirməyə borcludur. Digər tərəfdən, həmin ünvanda istehlak olunan elektrik enerjisinə görə ödənişlər məhz iddiaçı tərəfindən icra edilir. Enerjitəchizatı müəssisəsi ilə müqavilə bağlamış şəxs isə nə o ünvanda yaşayır, nə də ki həmin xidmətdən istifadə edir. Bundan başqa, yuxarıda adı qeyd olunan Qaydaların 9-cu maddəsi istehlakçının məsuliyyətini müəyyən edir. Hazırda abonent kimi qeyd olunan üçüncü şəxs yaşamadığı tikilidə istifadə edilən elektrik enerjisinə görə borcu ödəmədiyi kimi, istehlakçı kimi həmin ünvanla bağlı heç bir məsuliyyət daşımır. Gələcəkdə hər hansı qanun, yaxud qaydaların pozuntusu baş verərsə, enerjitəchizatı müəssisəsi vurulacaq zərəri real istehlakçıdan deyil, aktuallığını itirmiş (aktual olmayan, reallığı əks etdirməyən) müqavilə üzrə istehlakçıdan tələb etməyəcək. Edəcəyi halda belə, üçüncü şəxs kimi hazırkı mülki işə cəlb edilmiş tərəf faktiki olaraq həmin ünvanda yaşamadığını, elektrik enerjisindən iddiaçının istifadə etdiyini və məsuliyyəti də iddiaçının daşımalı olduğunu bildirəcək. Göründüyü kimi, istər iddiaçının, istər enerjitəchizat müəssisəsinin mənafeyi baxımından, istər EEİQ-nin tələbləri baxımından iddia tələbi abonent kodunun iddiaçının adına dəyişdirilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə hesab edir ki, istehlakçı ilə müqavilənin bağlanması qanuna görə enerjitəchizatı müəssisəsinin vəzifəsi olduğu üçün hazırkı qətnamə ilə cavabdehi iddiaçı ilə müqavilə bağlamağa məcbur edən, icrası Azərbaycan Respublikasının ərazisində məcburi olan göstəriş verilə bilməz. Məhkəmə tərəflərə izah edir ki, iddianın qeyd edilən hissədə təmin edilməməsi iddiaçı ilə müvafiq müqavilənin bağlanmasından imtina üçün əsas deyil və sayıla bilməz. Çünki istehlakçı ilə müqavilənin bağlanması cavabdehin qanuna əsasən müəyyənləşdirilmiş vəzifəsidir. “Elektrik enerjisindən istifadə” Qaydalarının 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmalıdır. Göründüyü kimi, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğısatqı müqaviləsi bağlanması Qaydaların qeyd edilən normasının imperativ göstərişidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstehlakçıların hüquqlarının pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. İddia tələbi təmin olunduğundan ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, **********52730 nömrəli abunə kodunda abonentin adının dəyişdirilərək İddiaçı3 kimi qeyd edilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalı və ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. **********52730 nömrəli abunə kodunda abonentin adının dəyişdirilərək İddiaçı3 kimi qeyd edilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar