Məhkəmə qərarları › İş №2(010)-2865/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2865/2021

26.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2865/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X21 qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “məcburi pay almaq hüququndan məhrumetmə” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “məcburi pay almaq hüququndan məhrumetmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindəki əmlakına münasibətdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş Cavabdeh iki övladından biridir. Cavabdeh ailə həyatı qurduqdan sonra ona qarşı olan münasibəti kəskin şəkildə pisləşmişdir. O, tez-tez evdə qalmaqal yaradır, onu qohum-qonşu, tanışlar arasında nüfuzdan salmağa çalışırdı. Cavabdehin belə hərəkətlərinə səbəb isə mülkiyyətində olan əmlaklarla bağlı tələblərindən irəli gəlirdi. O, belə tələblərlə bağlı məhkəmədə də iddia qaldırmış və hətta hüquq mühafizə orqanlarına belə böhtan xarakterli şikayətlər etməkdən çəkinməmişdir. Cavabdehin ona qarşı irəli sürdüyü iddiaları təmin edilməmiş, polisə olunan şikayətləri isə əsassız olduğundan hər hansı nəticəyə səbəb olmamışdır. Hazırda cavabdehlə olan şəxsi münasibətləri son dərəcə gərgindir. Odur ki, Cavabdeh ona məxsus əmlakdan hər hansı miras payı almağa layiq deyildir. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 7/8 pay ona və 1/8 pay bacısı X5 məxsus olmaqla paylı mülkiyyətdədir. O, qeyd olunan fərdi yaşayış evində özünə aid olan əmlakını 30 aprel 2017-ci il tarixli vəsiyyətnamə ilə qızı X9 vəsiyyət etmişdir. Lakin cavabdehin mirasdan məcburi pay almaq hüququ olduğundan məlumatlıdır. Qeyd etdiyi səbəblərdən cavabdeh bu hüquqdan, yəni mirasdan məcburi pay almaq hüququndan məhrum olunmalıdır. Qeyd olunanlarla yanaşı o, şahid X6 fikrinə münasibət bildirərək qeyd etdi ki, Əlzirəni çoxdan tanıyır və onlar yaxın rəfiqə olmuşlar. Belə ki, onlar birlikdə neçə il eyni avtobusla işə getmişlər. Əlzirə xanımın bu işdə marağı çox olduğu üçün o, fikrini tamamilə dəyişib. Onun özü tərəfindən məhkəmə iclasına şahid qismində dəvət olunmuş X2 isə məhkəmə prosesində nəyə görə belə danışdığı ona təəccüblü gəldi. Çünki, Səməndər Nizaminin ona köməklik edib-etmədiyilə bağlı məsələni dəqiq olaraq bilmədiyini qeyd etdi. Buna baxmayaraq, qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh ailə həyatı qurandan sonra anası ilə münasibəti kəskinləşib. İddiaçının mülkiyyətində olan əmlak 2 otaqlı kiçik həyət evidir. Evdə əlavə tikili tikilməsi iddiası qaldırılıb. Cavabdeh yoldaşı ilə birgə mülkiyyətində ev ola-ola anasının evinə qeydiyyata düşmək istəyir. Əvvəldən Nizami orada qeydiyyatda olub, indi isə yoldaşı və uşaqlarını həmin ünvana qeydiyyata salmaq istəyir. Nizami daha əvvəl iddia qaldırıb, lakin onun iddiası rədd olunub. Onlar arasında baş verən problemlərə görə cavabdehlər tərəfindən dəfələrlə polisə müraciət olunub. Belə ki, qanuvericilikdə nəzərdə tutulmuşdur ki, qanun üzrə vərəsələr məcburi pay almaqdan məhrum edilə bilir. İddiaçı da hesab edir ki, cavabdeh ilə münasibəti kəskinləşib, bu səbəbdən mirasın oğlu Nizamiyə qalmasını istəmir. Mirasın digər övladına - qızına qalmasını istəyir. Bu səbəbdən qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək cavabdehin məcburi pay almasından məhrum edilməsini tələb edir. Həmçinin, 2 otaqlı mənzil paylı mülkiyyətdədir, 1/8 hissəsi iddiaçının bacısına, 7/8 hissə isə iddiaçıya məxsusdur. Həmin evdə nəinki əlavə şəxslərin, özlərinin belə yaşaması çətindir. İddiaçının bacısı stasionar xəstədir. Bundan əlavə, İddiaçı oğlu Nizami tərəfindən razılıq verilmədiyi üçün öz əmlakı üzərində sərəncam verə bilmədiyindən məhkəməyə müraciət edib və bu barədə Suraxanı Rayon Məhkəməsinin 2(010)-602/2016 nömrəli, 08.02.2016-cı il tarixli qətnaməsi qəbul olunub. Qətnamədən görünür ki, Nizami əslində əmlakın onun adına rəsmiləşdirilməsini, əsassız və ədalətsiz halda iddiaçının adına rəsmiləşdirildiyini hesab edir. Cavabdehin əmlakı özününkü hesab etməsi, yalnız eşitdikləri ilə ifadə verən, heç bir şeyə birbaşa şahid olmayan şahidlərin ifadələri iş materiallarına əlavə olunmuş kifayətedici sübutlarla ziddiyyət təşkil edir. Hər iki tərəfdən çıxış edən şahidlərin ifadələrindən, çıxarılmış qətnamələrdən, polisə verilmiş ifadələrdən və digər sübutlardan da görünür ki, iddiaçı ilə oğlu arasında xoş münasibət yoxdur. Cavabdeh tərəfindən iddiaçıya qarşı birbaşa yönəlmiş hərəkətlər vardır. Məcburi payalma hüququndan məhrum edərkən qanunvericilik vərəsəlik hüququndan məhrumetmənin əsaslarından irəli gələn şərtlərə söykənir, yəni məcburi payalma hüququndan istifadə etməyə imkan verir. Cavabdeh isə mülkiyyətçinin əmlak üzərində sərəncam vermək hüququna zidd hərəkət edir. Konstitusiya Məhkəməsinin həmin normaların şərhi ilə bağlı mövqeyi ondan ibarətdir ki, vərəsəlik hüququndan məhrumetmə ilə əlaqəli əsaslar hətta mülkiyyətçiyə, miras qoymuş şəxsə qarşı yönəlmiş hərəkətlər də məcburi payalmaq hüququndan məhrum etməyə əsaslar verir. Polisdə ifadə vermək, mülkiyyətçinin razılığı olmadan onun evində təmir tikinti işləri aparmaq hamısı iddiaçıya qarşı yönəlmiş hərəkətlərdir və qeyri-qanunidir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, həmin mübahisələndirilən evin 1 otağında onun cehizləri və Nizaminin aldığı mebel, televizor qalıb. İddiaçı tərəfin qeyd etdiyinə görə, Nizami özünü onunla ailə qurandan sonra pis aparıb, amma bu bele deyil. Bu ev onlara babalarından qalıb, heç vaxt təmir olunmayıb. Bütün təmirini isə Nizami edib. Həmin mənzildə heç bir tavan-döşəmə yox idi, Nizami hamısını təmir etdirib, əlavə 1 böyük içində sanuzeli olan otaq tikdirib. İddiaçı ilə onun problemi olmayıb, o, özü el adətinə uyğun toy edərək onu gəlin gətirib, gəlin gəldiyi vaxt o, cehiz də gətirmiş, həmişə də yaxşı gəlin olmuşdur. Bundan əlavə, bir gün babası Nizamini çağırıb “öz qızımı tanıyıram, sizi evsiz qoyacaq. Buna görə özümə məxsus payı sənə verirəm” demişdir. Nizami isə gələndə o məsələni evdə anasına demiş, lakin anası buna etiraz etmişdir. Nizami isə yaxşı övlad olduğu üçün anası ilə razılaşmışdır. Daha sonra Nizaminin bacısı evlənmiş, ancaq ailəsini saxlaya bilməmiş, geri qayıdıb gələndən sonra onların ailələrində problemlər yaranmağa başlamışdır. Həmişə baldızı polis çağırar, hətta bir dəfəsində polis onun özünü bölməyə aparmışdır. Sahə rəisi onu qonşulardan soruşub, hamı necə gəlin olduğundan razılıq edib. Nizami 15 gün işdə, 15 gün isə evdə olur. O, evdə olan vaxt isə heç kəslə bir problemi olmayıb. Nizaminin ümumiyyətlə içki içən, siqaret çəkən olmamış, işdə məsuliyyətli olmuş və ailəsinə, anasına həmişə hörmət edib. Evdə bütün kommunalları o ödəyib. Bu səbəbdən mirasdan ona pay düşməlidir. Böyük oğlu Fərhadın məktəbə görə qeydiyyat məsələsi var idi. O, anasıgilin evində Lökbatanda qeydiyyatdadır. Nizami oğlunun onun atasının evinə qeydiyyatda olmasını istəməmişdir. Bu səbəbdən iddiaçının evinə qeydiyyatda olmaqlarını istəmişdir. Lakin iddiaçı onun evinə qeydiyyata düşməyinə razı olmamışdır. İddiaçı onların qaldıqları evi dağıdıb, onlar da 4 il kirayədə qalmışlar. Qardaşı onun adına ev alıb və hazırda orada yaşayırlar, lakin ev sadəcə onun adınadır. Hazırki evdə iddiaçının bacısı - ruhi xəstə yaşayır. Sədaqət bacısı ilə də pis rəftar edirdi. Bacısı Maştağada dispanserdə olduqda Sədaqət 9 ay evdə yaşayır, olmadıqda isə qonşularda yaşayırdı. Onun iddiaçı ilə münasibəti yoxdur. İddiaçı bacısını da evindən edib və bu evi də qızına vermək istəyir. Hazırda münasibətləri nə pisdir, nə də normaldır. X1 dediklərinə münasibət olaraq bildirdi ki, o, 2016-cı ildən evdən çıxmış və şahid onu tanımır. O qonşu kimi orada yaşadıqda onun evinə gəlməmiş və əlaqəsi olmamışdır. Digər şahid X10 isə qaynanası Sədaqətin rəfiqəsi olmuş, qaynanasına görə onların evinə gəlib-getmiş və onları tanımışdır. Şahid X8nı isə burda görmüş, daha əvvəl görməmişdir. Bildiyi qədər onlar bir yerdə işləyir və onların ortaq maraqları var. Onun uşaqları balaca olan vaxt nəinki avtobusa minmək, heç evdən çıxmamışdır. Çıxanda isə yalnız Nizami onları maşınla aparmışdır. Beləliklə, məhkəmə tərəfindən yekun qərar qəbul edilən zaman Nizaminin həmin evdə anadan olması, böyüməsi və evi təmir etməsi nəzərə alınmalıdır. Bundan əlavə, iddiaçı üç dəfə evi qızına bağışlamaq istəyib, lakin, alınmadığından sonda vəsiyyətnamə yazmışdır. Bundan əlavə, Nizaminin özünə məxsus evi yoxdur, bir neçə dəfə anasının evinə gəlib, lakin anası qapını açmadığından məcbur olub başqa yerdə yaşayır. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən X3 bildirdi ki, Sədaqət ilə yaxın qonşudurlar. Onlar pis ailə deyillər, 1991-ci ildən qonşudurlar, Sədaqətin iki övladı var: Nizami və İradə. Onlarla əvvəlcədən münasibəti yaxşı olub və onlardan heç bir pislik görməmişdir. Sədaqətin oğlu və gəlini arasında mübahisə olduğunu bildirdi. Nizami ilə Sədaqət xanımın münasibətləri bildiyi qədəri ilə yaxşıdır. Onlar arasında heç bir söz-söhbət eşitməmişdir. Nizaminin anasıgilə köməklik edib-etmədiyini dəqiq olaraq bilmir. Sədaqətlə Nizami arasında son bir neçə il arasında mübahisə və söz söhbət eşitməmiş, həmçinin polisin gəlməsinə şahid olmamış və eşitməmişdir. Lakin Sədaqət ilə gəlini arasında gərginlik olduğunu bilirdi. O, 7 ildir ki, burada yaşayır və bir dəfə həyətdə oturanda Sədaqət ilə gəlininin səsini eşitmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilən X10 bildirdi ki, o, 3-4 il Sədaqətgilə getmiş, gəlini də orda görmüşdür. Sədaqətin oğlu Nizami ona zəng edərək, guya anasını döydüyü barədə ona şər atdıqlarını bildirmişdir. Belə ki, 2013-2015-ci ildə o, Sədaqətgilə getdikdə Sədaqətlə gəlinin arasının yaxşı olmadığını görmüşdür. Həmçinin, uşaqlar da nənəsinin otağına gəlmirdi. Elə olurdu ki, axşamlar da ora getmiş və orada Nizamini görmüşdür. X13 dava etdiyini, onun təhqir etdiyini əsla görməmişdir. Bir dəfə Larisanı 87 nömrəli məktəbdə görmüş, soruşduqda bir həftəlik Lökbatana qona getdiklərini, gələndə isə qaynanasının evi dağıtdıqlarını gördüklərini demişdir. Sonradan isə onlar kirayəyə getmişlər. O, Larisanı tanıyır və səliqəli olduğunun şahididir. Sonuncu dəfə 2015- 2016-cı ildə orada olmuş, sonra getməmişdir. Həmçinin, onlar da orada yaşamamışdır. Sədaqətin hərəkətlərini xoşlamadığı üçün son illər Sədaqətlə əlaqələri yaxşı olmamışdır. Hazırki mübahisəli ev Sədaqətə atasından qalmışdır. Evin kimə verilməsini bilməsə də, Niizaminin dediyinə görə babası evi Nizamiyə vəsiyət etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən X8 bildirdi ki, həm Sədaqəti, həm də Larisanı tanıyır. O, Sədaqət ilə rəfiqə idi. Hər ikisi təqaüdçü idilər və görüşüb çay içirdilər. Larisa ilə isə çox az tanışdır. Belə ki, bir dəfə avtobusda gedərkən yanına cavan qadın əyləşdi. Boş yerlər çox olsa da, onda “olarmı sizin yanınızda əyləşim?” deyə soruşdu. O isə təəccüblü halda əyləşə biləcəyini bildirdi. Sonra Larisa danışmağa başladı ki, o, tək yaşayır, iki azyaşlı övladı var, lakin, danışmağa heç kimi yoxdur. Sonra şikayətlənməyə başladı ki, qaynanası onu yaşamağa qoymur. Ümumiyyətlə bütün yol boyu şikayətləndi. Evə çatdıqda isə o, söhbətin kimdən getdiyini bilmədiyim üçün Larisada qaynanasının adının nə olduğunu soruşdum. O isə Sədaqət deyə bildirdi. O vaxta qədər Sədaqət ona heç nə deməmişdir və heç vaxt şikayətlənməmişdir. Nəhayət o, daha artıq dözmədiyi üçün növbəti görüşdə Sədaqətdən birbaşa Larisanın danışdıqlarından şoka düşdüyündən ondan bu barədə soruşdu. O, Sədaqəti çox mədəni, tərbiyəli, sakit, konfliktsiz və mübahisə etməyən biri kimi tanıyırdı. Hətta onun iş yoldaşlarını da tanıyır və iş yoldaşları da Sədaqət haqqında onu konfliktsiz və münaqişə etməyən bir insan kimi tanıyırlar. Ona görə də Sədaqət haqqında bu cür sözlər eşitdiyində Sədaqətdən bu barədə soruşmağa məcbur olmuşdur. O zaman Sədaqət ona belə bir gəlini olduğunu, gəlininin qapı-qapı gəzib qonşulara onun haqqında pis şeylər danışdığını bildirdi. Sədaqətlə dostluqdan başqa hər hansı bir marağı yoxdur. Yalnız Sədaqətin dediklərini bilir və şəxsən heçnə görməmişdir. Lakin heç bir zaman oğlu Nizaminin Sədaqətə qarşı qeyri-etik hərəkətini görməmişdir. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə 7/8 hissədə İddiaçı adına 15.09.2016-cı il tarixdə, 1/8 hissədə isə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 30.04.2017-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini qızı X9 vəsiyyət etmişdir. Suraxanı RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 17.03.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qızı X15, oğlu Cavabdeh, nəvəsi X11, nəvəsi X14 və bacısı X7 ilə birlikdə qeydiyyatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1185/2014 nömrəli iş üzrə qəbul etdiyi 18 mart 2014-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş № 2(010)-2600/2013) İddiaçı cavabdehlər Nümayəndə Səfıbəyovnaya və Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Nümayəndə Səfıbəyovnanm evdən çıxarılması qət edilmiş, iddianın qalan hissəsi isə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2013-cü il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), M.A.Bağırova və M.A.Məmmədov, iş № 2(103)-5948/2013) cavabdehlərin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Nümayəndə və Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5948/2013 saylı 14 noyabr 2013-cü il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5948/2013 saylı 14 noyabr 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-602/2016 nömrəli iş üzrə qəbul etdiyi 08 fevral 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Bakı şəhər 10 saylı dövlət notarial kontoruna və Cavabdeh qarşı “bağışlama müqaviləsinin qeydiyyatı haqqında” iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2341/2019 nömrəli iş üzrə qəbul etdiyi 06 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh, cavabdehlər İddiaçı və Məlahət Həsənovaya qarşı iddia qaldıraraq, ünvan 5 ünvanında əlavə inşa edilmiş bir otaqlı evin (dəhliz, hamam tualet, mətbəxlə bir yerdə) onun istifadəsinə verilməsi və həmin otaqdan T.Bayram küçəsi tərəfindən əsas hasardan küçəyə qapı açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Cavabdehlər İddiaçı və X5 qarşı “tikilinin istifadəyə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-23/2018 saylı iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 22.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırıb ki, cavabdeh əmlak tələblərilə bağlı məhkəmədə ona qarşı iddia qaldırmış, hüquq mühafizə orqanlarına böhtan xarakterli şikayətlər etmiş, aralarında əmlakla bağlı daim mübahisə olmuş, yaxınlar arasında onu nüfuzdan salmağa yönəlmiş söhbətlər etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.2-ci maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Qeyd edilən norma iddiaçıya hazırkı iddia ilə məhkəməyə müraciət etmək imkanını nəzərdə tutur. Buna baxmayaraq, mülki qanunvericilik, o cümlədən aşağıda qeyd edilən normalar vərəsənin məcburi paydan məhrum edilməsi üçün konkret halları nəzərdə tutur və iddia olunan hərəkətlərin edilməsini həmin hərəkətləri etmiş şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi üçün kifayət hesab etmir. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində məhdud qaydada göstərilmişdir. Həmin maddəyə müvafiq olaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir. Mülki Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Göründüyü kimi, mülki qanunvericiliyə görə hər bir şəxs vəsiyyətnamə əsasında öz vərəsələrini mirasdan məhrum edə bilər. Vəsiyyət azadlığı vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmamasını ehtiva edir. Bu azadlıq eyni zamanda vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququna da əsaslanır. Lakin, ailə üzvlərinin birinin digəri qarşısında ailə bağlarından irəli gələn maddi və mənəvi yardımlaşma öhdəliyi mirasda məcburi pay hüququna uyğun gəlir. Qanunvericilik vəsiyyətnamə ilə vərəsəyə çatacaq əmlakın yalnız yarısını azaltmaq hüququnu tanıyır. Yəni, vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Həmin şəxslərin məcburi pay almaq hüququndan məhrum edilməsi yalnız məhkəmə qərarı əsasında, xüsusi hallar olduqda mümkündür. Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarı ilə qərara alınıb ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Hazırkı işdə cavabdehin iddiaçını nüfuzdan salmağa yönəlmiş hərəkətlər etməsi və ya belə hərəkətlər etmək hədəsi ilə onun miras payındakı hissəsini artırmağa cəhd etməsi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi kimi halların olması məhkəmədə sübuta yetirilməyib. Əksinə, iddiaçının özü tərəfindən dəvət edilmiş şahid X3 iddiaçı ilə cavabdeh arasındakı münasibətin yaxşı olduğunu, onlar arasında heç bir sözsöhbət eşitmədiyini, digər şahid X8 isə heç bir zaman cavabdehin iddiaçıya qarşı qeyri-etik hərəkətini görmədiyini bildirib. İddiaçının nümayəndəsi və vəkili cavabdehin iddiaçıya qarşı əmlak tələbi ilə bağlı dəfələrlə məhkəmə çəkişməsinin olması, həmin iddiaların əsassız olması, əsassız yerə polisə müraciət edilməsi kimi halların iddiaçıya qarşı yönəlmiş (mülkiyyətçinin əmlak üzərində sərəncam vermək hüququna zidd hərəkət etməsini) əxlaqsız hərəkət kimi qiymətləndirilə bilməsini hesab edir. Halbuki, qeyd edilən tələblər mülkiyyət hüququnun müdafiəsi ilə bağlı şəxsə verilmiş imkandır və həmin imkandan yararlanmaq başqasına qarşı əxlaqsız hərəkət kimi qiymətləndirilə bilməz. Bununla da, iddiaçı sübutetmə ilə bağlı üzərində düşən öhdəliyi icra etməyib. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı işdə iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş rüsum onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “məcburi pay almaq hüququndan məhrumetmə” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar