Məhkəmə qərarları › İş №2(010)-287/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-287/2024

25.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-287/2024 25.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh tərəfindən abonent kodu üzrə hesablanmış 1550 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 9, 49 saylı evdə yaşayır və həmin ev özünə məxsusdur. Cavabdeh tərəfindən həmin ünvana qaz xətti çəkilərək **********619 saylı abonent kodu açılaraq, yaşadıqları evdə İtron Smart-kart tipli sayğac quraşdırılmışdır. Bundan əvvəl isə **********000680 abonent kodu olan mexaniki sayğac quraşdırılmışdır. Həmin sayğac quraşdırılandan bir həftə sonra sayğacdan müxtəlif səslərin gəldiyini müşahidə etmiş, həmçinin sayğacda rəqəmlərin tez-tez dəyişdiyini görüb Cavabdeh qaynar xəttinə məlumat vermişdir. Bu problemlər barədə dəfələrlə məlumat verdikdən sonra cavabdeh orqanın əməkdaşları sayğaca baxış keçirtmiş və baxış zamanı sayğacda olan problemin canlı şahidi olmuşlar. Həmin vaxt qaz sayğacı müxtəlif səslər çıxarmaqla, həddən artıq qaz sərfiyyatı qeyd etmişdir. Onun müraciətindən sonra xx.xx.2023-cü il tarixdə qaz idarəsinin əməkdaşları mexaniki sayğacı smart kartla əvəz etmişlər. Köhnə sayğac dəyişəndə əməkdaşlar sayğaca heç bir müdaxilənin, sayğacın üzərində sınıq, əzik-qırıq əlamətlərinin olmadığının şahidi olmuşlar. Əməkdaşlar bunu məhkəmədə təsdiq edə biləcəklərini bildirmişlər. Köhnə sayğacda limit keçdiyi üçün yeni smart karta pul mədaxil edəndə məbləğin 50 faizi çıxılmışdır. İyul və avqust aylarında borc barədə məlumat verilməsini xahiş etməsinə baxmayaraq, ona 1550 manat cərimə barədə məlumat verilməmişdir. Sentyabr ayında yenidən zəng edən zaman ona bildirmişlər ki, sağlam şəkildə təhvil verdiyi sayğac laboratoriyadan keçməmiş və akt tərtib olunmuşdur. Müdaxilə olunan sayğacın abonent tərəfindən dəyişdirilməsinə cəhd göstərilməsi məntiqsizdir. O cümlədən, əgər sayğaca müdaxilə olunubsa, sərfiyyat necə limiti keçə bilər? Qaz sərfiyyatına görə hər ay yüksək məbləğdə ödənişlər olmuşdur və sayğac sərfiyyatdan qat-qat artıq məbləğ yazdığı üçün artıq məbləğdə pul ödəmişdir. Halbuki evdə bir ədəd 4 gözlü yemək bişirmək üçün qaz sobası var və o müdaxilə etsə idi, limiti keçməz və sayğacın dəyişməsi üçün dəfələrlə qaynar xəttə müraciət etməzdi.

Tərəflərin izahatları.

3. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirdi ki, iş materiallarında olan laboratoriya rəyindən görünür ki, sayğaca kənar müdaxilə olunmuşdur. Bundan sonra rəy əsasında akt tərtib edilərək dəymiş zərər borc kimi abonentin saldosuna daxil edilmişdir. Borcun silinməsi üçün heç bir əsas yoxdur. Hər bir halda qeyd edir ki, iş materiallarında olan abonentin saldosunda aktın tərtib edildiyi tarixdən əvvəl və sonrakı dövrlərdə sərfiyyatın “0” göstərilsə də, iddiaçının həmin aylarda hissə-hissə qazdan istifadəyə görə ödənişlər etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, 685710 №-li aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, “ZENNER” markalı, **********1 saylı mexaniki sayğac “ZENNER” markalı STS **********61 saylı sayğacla debitor borca görə əvəzlənmişdir.

6. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı abonent olduğu ünvan 2 ünvanında yerləşən, istehlakçının istifadəsində olan sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, xx.xx.2023-cü il tarixli dövlət yoxlamasına əsasən **********1 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsində kənar təsir nəticəsində sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.

7. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-919-1 nömrəli aktdan görünür ki, zavod nömrəsi **********1 olan sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin kənar təsir nəticəsində əzildiyi və əridildiyi, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədildiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.

8. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən sayğacda akta əsasən 12960 m3 həcmində dəymiş zərər hesablanmışdır.

9. **********00080 kodlu abonentin saldosundan görünür ki, abonentə 2023-cü ilin may ayında “qalıq və aktlar”a əsasən 1550.2 manat məbləğində borc hesablanmışdır.

10. xx.xx.2023 – xx.xx.2024-cü tarixlər üzrə İddiaçı məxsus 1**********000680 abonent kodu üzrə qaz sərfiyyatına görə ödənilmiş məbləğlər əks olunmuş cədvəldən görünür ki, abonent tərəfindən hər ay orta hesabla 40-50 manat məbləğində ödəniş edilmişdir.

İşin faktiki halları.

11. İddiaçı **********00080 kod üzrə təbii qazdan istifadə edən abonentdir.

12. xx.xx.2023-cü il tarixdə abonent İddiaçı evində quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş, çıxarılan sayğac Cavabdeh İB tərəfindən yoxlanmaya göndərilmişdir.

13. xx.xx.2023-cü il tarixdə sayğac yoxlanışdan keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin kənar təsir nəticəsində əzildiyi və əridildiyi, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədildiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.

14. xx.xx.2023-cü il tarixdə bu yoxlama nəticəsi əsasında təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, bu akt əsasında 12960 m3 itirilmiş qaz hesablanmış, buna uyğun olaraq 1550.2 manat məbləğində borc abonentin hesabına yazılmışdır.

Tətbiq edilən hüquq.

15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

20. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

21. İşin müəyyən edilmiş faktiki hаllаrındаn göründüyü kimi, iddiaçıya məxsus sayğaca baxış keçirilərək sayğac yenisi ilə əvəz edilmiş, köhnə sayğacda laboratoriya rəyi əsasında aşkarlanan bütün qüsurlar abonentin təqsiri kimi qiymətləndirilərək dəymiş zərər akta əsasən borc kimi abonentin saldosuna yazılmışdır. Halbuki sadəcə olaraq qaz sayğacının zədələnməsinin müəyyən edilməsi faktı əsasında dəymiş zərər istehlakçıdan tələb edilə bilməz. Belə ki, bunun üçün ilk növbədə sayğacda aşkarlanan qüsurların məhz iddiaçının təqsirli hərəkətlərinin nəticəsi olması sübuta yetirilməlidir.

22. Nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun və “Qazdan istifadə qaydaları”nın müvafiq maddələrindən görünür ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı yox, qaz paylayıcısı daşıyır. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

23. Göründüyü kimi, qanunvericilikdə istənilən zərərin yox, məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Belə olan halda yalnız iddiaçının təqsiri mötəbər sübutlar əsasında təsdiq edildikdən, belə bir təqsirin olduğu məhkəmə tərəfindən müəyyən edildikdən sonra dəymiş zərər iddiaçıdan tələb edilə bilər.

24. Hazırkı işdə isə cavabdeh orqan məhkəməyə qaz sayğacına məhz iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməli olduğu halda bunu etməmişdir. Əksinə, məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş, iddiaçının təbii qazdan istifadə qaydalarını pozmasına dair aktın tərtib edildiyi tarixdən əvvəlki aylardakı sərfiyyat və ödənişlərini göstərən cədvəldən görünür ki, iddiaçı tərəfindən 2023-cü ilin yanvar ayında 30 manat, fevral ayında 90 manat, mart ayında 55 manat məbləğində təbii qazdan istifadəyə görə ödənişlər edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də bu ödənişlərin edildiyini təsdiqləmişdir. Bu vəziyyətdə iddiaçı tərəfindən sayğaca müdaxilə edilərək təbii qazdan haqqı ödənilmədən istifadə edildiyi nəticəsinə gəlmək mümkün deyil.

25. Həmçinin qaz sayğacının həqiqətən sayğacda aşkarlanan nöqsanlara görə çıxarıldığı müəyyən edilsə idi belə, bu nöqsanların sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir.

26. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Bu səbəbdən həmin borc silinməlidir.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 1550 manat məbləğində borc silinməlidir.

28. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 1550 (min beş yüz əlli) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar