Məhkəmə qərarları › İş №2(010)-288/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-288/2023

17.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-288/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, oğlu X6 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. O, anadangəlmə ruhi xəstədir və halhazırda 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının Psixiatriya kabinetində “Orta kəmağıllıq imbesillik kobud nitq və davranış pozuntusu ilə tez-tez təkrarlanan qıcolma tutmaları ilə İQ 38” diaqnozu ilə qeydiyyatdadır. Hal-hazırda oğlu X6 müddətsiz 2-ci dərəcəli əlildir. Oğlunun öz hərəkətlərini ölçüb-biçə bilməsi, özünü idarə etməsi üçün ailə üzvlərinin köməyinə ehtiyacı vardır. O, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında deyildir. X3 xəstəliyni 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının Baş həkiminin xx.xx.2022-ci il tarixli arayışı təsdiq edir. X1 üzərində qəyyum təyin edilməsinə dair müraciətinə Suraxanı rayon İcra Hakimiyyətində bildirildi ki, oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra baxıla bilər. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 xx.xx.2004-cü ildə doğulmuş və valideynləri X7 və Ərizəçidır. Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli X5 ünvanladığı məktubundan müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X6 psixiatr tərəfindən müayinə olunur. Diaqnoz: «orta kəmağıllıq imbesillik kobud nitq və davranış pozuntusu ilə tez-tez təkrarlanan qıcolma tutmaları F31-1 F80.0F90.» qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nahirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X6 müddətsiz ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 3468 saylı rəyindən müəyyən olunur ki, X4 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ (F.72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar evdə təhsil alması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaq Bərpa Mərkəzində müayinədə olması və ona “Ensefalopatiya. Psixomotor inkişafın ləngiməsi. Qıcolma sindromla" diaqnozunun təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 8 saylı X2 2018-ci il tarixdə müayinədə olması və ona “Orta kəmağıllıq” diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən “Orta kəmağıllıq, imbesillik kobud nitq və davranış pozuntusu ilə tez-tez təkrarlanan qıcolma tutmaları ilə. Ağırlaşma F.80.0. Nitq və artikulyasiyasının spesifik pozğunluğu. Ağırlaşma F.90.0. Aktivlik və diqqət pozğunluğu” diaqnozu ilə İİ dərəcə əlil olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 15 nömrəli Birləşmiş şəhər Xəstəxanasında müayinə olunması və ona “Orta kəmağıllıq, imbesillik kobud nitq və davranış pozuntusu ilə tez-tez təkrarlanan qıcolma tutmaları” diaqnozu təyin edilməsi) həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. xx.xx.2004-cü il təvəllüdlü X4 anadangəlmə ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə müəyyən edilir. xx.xx.2004-cü il təvəllüdlü X4 müəyyən edilən əqli gerilik imbesillik dərəcəsindədir. xx.xx.2004-cü il təvəllüdlü X6 psixi vəziyyətlərinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. xx.xx.2004-cü il təvəllüdlü X6 məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.2004-cü il təvəllüdlü X6 Ərizəçi oğludur. Ərizəçinin oğlu xx.xx.2004-cü il təvəllüdlü X4 «ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları (F.72.1) qeyd olunur. xx.xx.2004-cü il təvəllüdlü X6 psixi vəziyyətlərinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.2004-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar