Məhkəmə qərarları › İş №2(010)-2880/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2880/2025

04.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2880/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun hesabına təbii sudan istifadəyə görə hesablanmış 3300 (üç min üç yüz) manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yeni Günəşli qəsəbəsində ticarət cərgəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-yaşayış obyekti var idi. Oranı kafe kimi istifadə edirdilər. Bayram ərəfəsində suyun verilməsində problem olduğu üçün dəfələrlə cavabdehin qaynar xəttinə zəng vuraraq məlumat vermiş və problemin aradan qaldırılması xahiş edilmişdir. Lakin heç bir tədbir görülməmişdir. Sonradan onların iştirakı və razılığı olmadan cavabdehin nümayəndəsi tərəfindən akt tərtib edilmiş və 3300 manat borc hesablanmışdır. Hesab edir ki, həmin borcun hesablanmas və akt tərtib edilməsi qanunsuzdur. Bu hal onun istehlakçı hüquqlarının pozulmasına səbəb olmuşdur.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı bildirdi ki, qeyd olunan borc məbləği həmin obyektin keçmiş sahibinin adına hesablanmışdır.

4. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbini qəbul etmədiyini bildirdi.

İş materialları.

5. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1099 nömrəli sərəncamından görünür ki, Yeni Günəşli qəsəbəsi, A-B yaşayış sahəsi, ev 123 ünvanında fərdi avtomobillərin saxlanılması üçün bir qrup vətəndaşlara kollektiv qaraj tikintisinə icazə verilmişdir. Həmin vətəndaşlardan biri də X4r.

6. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 262 nömrəli sərəncamından görünür ki, Suraxanı RHİB-nın 646 saylı, xx.xx.2004-cü il tarixli sərəncamının 1-ci bəndinin dəyişdirilib qeyd olunan formada oxunmasına sərəncam verilmişdir : Yeni Günəşli qəsəbəsində təşkil edilmiş, ticarət cərgəsində yerləşən (2.0x3.0) kv.m ölçüdəki köşk ticarət fəaliyyəti ilə məşğul olmaq üçün X5 istifadəsinə verilsin.

7. "xxxx" Səhmdar Cəmiyyətinin İ.H.Qurbanova ünvanlanmış xx.xx.2006-cı il tarixli məktubundan görünür ki, "xxxx" Səhmdar Cəmiyyəti Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A-B yaşayış massivində, 123 saylı binanın qarşısında yerləşən, vətəndaş İ.Qurbanova məxsus daş qarajın su təchizatına müəyyən texniki şərltəri vermişdir.

8. "xxxx" Səhmdar Cəmiyyətinin xx.xx.2006-cı il tarixli “Su sayğaclarının qəbulu” haqqında aktından görünür ki, ******* nömrəli, OSSS-15 markalı və diametrli sayğac X9 təhvil verilmişdir.

9. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 601899 nömrəli aktından görünür ki, Yeni Günəşli qəsəbəsi, A-B yaşayış sahəsi, ev 23 ünvanında (istehlakçı X7) d=15 mm-lik boru vasitəsilə kənar xətdən istifadə edildiyi müəyyən edilmişdir.

10. Ətraflı Abonent kartından görünür ki, ünvan 1 ünvanında abonent X2 hesabına xx.xx.2025-ci il tarixə 4403.12 manat borc hesablanmışdır.

İşin faktiki halları.

11. Hazırki iddia tələbində iddiaçı cavabdeh tərəfindən onun istifadəsində olan ünvanda su sərfiyyatı ilə əlaqədar qanunsuz olaraq borc məbləğinin hesablandığını bildirir. Eyni zamanda bildirir ki, borc vəsaiti həmin obyektin keçmiş sahibi olan X2 abonent hesabına hesablanmışdır. İddia,; qeyd edir ki? h’min sah’ni faktiki olaraq o istifad’ edir və hesab edir ki, həmin borc məbləği silinməlidir. Cavabdeh iddia tələbini qəbul etmir.

Tətbiq edilən hüquq.

12. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri 61.1 Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

Azərbaycan Respublikasının Müılki Məcəlləsi Maddə 362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 364. Etibar edilmişi etibaretmə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. 364.4. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi.

14. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.

15. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır.

16. Məhkəmə qeyd edir ki, hazırki işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının qeyd etdiyi ünvana su sərfiyyatı ilə əlaqədar qeyd olunan məbləğdə borc vəsaiti hesablanmışdır. Lakin eyni zamanda o da müəyyən edilir ki, hazırki iddia tələbi İddiaçı tərəfindən təqdim edilsə də, qeyd olunan ünvanda – ünvan 2nın quraşdırılması və istismara verilməsi barədə müqavilə X7 ilə bağlanmış, abonent kodu onun adına açılmış və hazırki su sərfiyyatı ilə əlaqədar borc məbləği də elə sonuncunun hesabına yazılmışdır. İddiaçı isə X3 adına yazılmış borc məbləğinin silinməsini tələb edir. İddiaçı bu halı onunla əsaslandırır ki, İ.Qurbanov ona həmin əmlakla bağlı 03 sentyabr 2024-cü il tarixli baş etibarnamə vermişdir, hansı ki, həmin etibarnamə ilə səlahiyyətləri ötürmüş şəxs olan İddiaçı etibar edilən şəxs X8 adlı şəxsə etibar edənin adından səlahiyyətləri ötürmüşdür. Məhkəmə bu əsaslandırma ilə razı deyil. Belə ki, etibarnamə etibar edən şəxsin adından və onun maraqları üçün hərəkət etmək hüququ verən aktdır. Hazırkı işdə isə iddiaçı tələbi etibar edənin adından yox, öz adından qaldırmışdır. Belə olan təqdirdə, məhkəmə subyektiv hüququn həyata keçirilməsi və ya bərpası ilə əlaqədar yuxarıda qeyd olunan fikirlərə istinadən bildirir ki, İddiaçı hazırki iddia tələbini irəli sürmək hüququna malik deyildir və bu səbəbdən hazırki iddia tələbi təmin edilə bilməz. O da qeyd edilməlidir ki, məhkəmə bu nəticəyə gələrkən yazılmış borc məbləğinin əsaslı olub-olmamasına hüquqi qiymət vermir və hazırkı tələbin qeyd edilən əsasla rədd edilməsi düzgün şəxs tərəfindən eyni iddianın qaldırılması üçün hüquqi əngəl yaratmır.

Məhkəmənin gəldiyi nəticə.

17. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

18. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar