Məhkəmə qərarları › İş №2(010)-2898/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2898/2022

30.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2898/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və əlavə xərclərə cəlb edilmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və əlavə xərclərə cəlb edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər, Suraxanı Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 2(010)-3171/2020 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək (artırılaraq) xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh həm sabit pul məbləğində, həm də qazancının (gəlirinin) müəyyən hissəsindən 500 (beş yüz) manat, əlavə xərclər üçün 150 manat, cəmi 650 manat məbəğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdeh ilə xx.xx.2018-ci il tarixdə boşanmışlar və birgə nikahlarından bir övladları var. Cavabdeh övladına heç bir əlavə köməklik etmir, oğlunun isə ayağında anadangəlmə plaskastopsiya var. O, hazırda uşağa baxır, valideynləri isə xəstədir. Bu səbəbdən uşağı onların yanında qoyub gedib işləyə də bilmir. Cavabdeh ilə yaşadıqları yer uzaq olmamasına baxmayaraq bir dəfə də olsa uşağı görməyib, onunla maraqlanmayıb. Uşağın ayağında problem olduğu üçün onun ayaqqabısına 84, 95, 120 manat pul verir. Hətta oğlunu travmatologiya-ortopediya institutuna da aparmışdır. Cavabdeh aktyordur, atası Vahid Əliyev də aktyordur. O toylara gedir və oradan qazancı olur. Onun maaşı yaxşıdır, əlavə gəlirləri də var. Uşaq üçün 230 manat kifayət etmir. Onu taksi ilə məktəbə aparıb-gətirir, heç kimin yanında qoya bilmir, 3 növ idmana gedir, masaj olur. Bunların hər biri xərcdir. Bugünə kimi uşağı saxlamaq üçün imkanı çatdığı üçün sübut toplamamışdır. Uşağın xəstəliyinə görə 60 manat ona müalicəsi üçün ödənilsə belə, uşağın ayaqqabası 60 manatdan bahadır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, bir dəfə aliment məbləği artırılıb, uşağın xəstəliyinə görə masaj üçün əlavə xərc tələb edilib. Hər ay həmin məbləğ ödənilir, 1 saat gecikmə olan kimi iddiaçı tərəfindən narazılıqlar olur. İddiaçının yenidən aliment məbləğinin artırılması barədə müraciət etməsi əsassızdır. Cavabdeh aliment olaraq 170 manat və uşağın xəstəliyinə görə 60 manat olmaqla 230 manat hər ay ödəniş edir. Pandemiya dövründə aktyorlar işləyə bilmədilər, toy isə 1 ay olur, 1 ay olmur. Bunlar stabil gəlirlər deyil ki, aliment məbləği onlara yönəldilsin. İddiaçı tərəfindən sübutlar təqdim olunacağı təqdirdə o, həmin hissədə iddianı qəbul edə bilər, lakin iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Buna görə də qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3517/2018 nömrəli iş üzrə qəbul etdiyi 05 iyun 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qızma qarşı nikahın pozulması tələbinə dair iddiası təmin olunaraq, iddiaçı Cavabdeh ilə cavabdeh Əliyeva (nikahdan əvvəl - Alıyeva) Pərvanə Xudam qızı arasında 11 noyabr 2013-cü ildə bağlanmış və həmin tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 869 nömrəsi ilə qeydə alınmış nikahın pozulmuş hesab edilməsi, 05 sentyabr 2015-ci il təvəllüdlü X2 boşanmadan sonra cavabdeh Əliyeva (Alıyeva) Pərvanə Xudam qızının yanında qalmasının müəyyən edilməsi, 05 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh hər ay 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq sonra cavabdeh Əliyeva (Alıyeva) Pərvanə Xudam qızına ödənilməsi, iddiaçı Cavabdeh 05 sentyabr 2015-ci il təvəllüdlü X2 xəstəliyi ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb edilməsi, ondan hər ay 60 (altmış) manat məbləğində pulun tutularaq cavabdeh Əliyeva (Alıyeva) Pərvanə Xudam qızına verilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3171/2020 nömrəli iş üzrə qəbul etdiyi 14 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay uşağa 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 X1 Ortopediya İnstitutu tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X3 “ikitərəfli anadangəlmə yastıpəncəlik” diaqnozu qoyulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, 2022-ci il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan bir uşaqlarının olması, həmin uşağın ananın yanında qalması, aliment miqdarının artırılması və cavabdehin əlavə xərclərə cəlb olunmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırki halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu, nəzərə alaraq, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi qismən təmin edilməli, məhkəmənin qərarına əsasən 05 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 193 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə təyin olunmuş 170 manat məbləğində alimentin uşağın maddi təminatı üçün kifayət etməməsi nəticəsinə gələrək Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehdən tutulan alimentin miqdarını artırmaqla 193 manat məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Bundan əlavə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3517/2018 nömrəli iş üzrə qəbul etdiyi 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh 05 sentyabr 2015-ci il təvəllüdlü X2 xəstəliyi ilə bağlı əlavə xərclərin ödənilməsinə cəlb edilməsi, ondan hər ay 60 (altmış) manat məbləğində pulun tutularaq cavabdeh Əliyeva (Alıyeva) Pərvanə Xudam qızına verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən cavabdeh əlavə xərclərə cəlb olunan zaman uşağın xəstəliyi ilə əlaqəli xüsusatlar, yəni uşağın davamlı müalicəyə ehtiyacının olması nəzərə alınaraq qətnamə qəbul edilmişdir. Hazırki məhkəmə iclasında iddiaçı cavabdehin uşağın xəstəliyinə görə xüsusi ayaqqabıdan istifadə etdiyini, masaja və idmana getdiyini iddia etsə də, bu barədə məhkəməyə sübutlar təqdim etməmiş, həmçinin məhkəmə qətnaməsi ilə əlavə xərclər görə müəyyən edilmiş məbləğdən əlavə nə kimi xərclərinin olmasını sübut edə bilməmişdir. Hazırki mülki iş üzrə məhkəmə işin dəlillərinə hüquqi qiymət verərək onu qeyd edir ki, məhkəmələr yalnız təqdim edilmiş sübutlar əsasında araşdırma aparır. Bu sübutları təqdim etmək mülki iş üzrə tərəflərin vəzifəsidir. Göründüyü kimi iddiaçı tərəfindən əlavə xərclərin nədən ibarət olması ilə əlaqədar mülki iş materialarında heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə xərcləri: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 193x12=2316 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 43,16 manat təşkil edir. Odur ki, iddiaçı aliment ilə bağlı hissədə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 43,16 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat və mediasiya orqanına müraciət edərkən 50 manat məbləğində rüsum ödəmişdir. Buna görə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və mediasiya orqanına ödənilmiş 50 manat məbləğində rüsum olmaqla, cəmi 80 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3171/2020 nömrəli iş üzrə qəbul etdiyi 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə 05 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və mediasiya orqanına ödənilmiş 50 manat məbləğində rüsum olmaqla, cəmi 80 (səksən) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh 43,16 (qırx üç manat on altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar