Məhkəmə qərarları › İş №2(010)-2904/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2904/2020

06.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2904/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi və ödənilmiş cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi və ödənilmiş cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 16-cı döngə, 4 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş “X2 qaydalarına riayət olunmasına baxış” barədə Akt və həmin akt əsasında ona 1270 manat cərimə tətbiq edilməsi barədə qəbul edilmiş qərarın ləğv edilməsini və cavabdehin əsassız olaraq cərimə adı ilə ondan aldığı 420 manat pul və hazırkı iddia tələbinə görə dövlət rüsumuna görə ödədiyi 30 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 16-cı döngədə yerləşən 4 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin evə dair cavabdeh “xxxx” ASC tərəfindən küçədə elektrik sayğacı quraşdırılmışdır. Həmin evə verilən elektrik cərəyanına görə ödəniş cavabdehin əməkdaşının həmin sayğaca baxaraq bu barədə ödəniş bildirişi yazdıqdan sonra həyata keçirilir. Evin mülkiyyətçisi olduğu vaxtdan başlayaraq hal-hazıra kimi cavabdehin əməkdaşları tərəfindən hər ay vaxtaşırı bu sayğaca baxış keçirilmiş və sayğacda, eləcə də mənzilə gələn elektrik xətlərində hər hansı bir müdaxilə halları müəyyən edilməmişdir. O və ailə üzvləri bu evdə daimi yaşamır. Yalnız evdə təmizlik işləri aparmaq üçün ayda 2-3 dəfə gəlib-gedirlər. Bu faktı iddia ərizəsinə əlavə etdiyi qonşuların aktı da təsdiq edir. Belə ki, o və ailəsi mülkiyyətçisi olduğu digər ünvanda Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, ev 3, mənzil 88-də yaşayır. xx.xx.2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən ona heç bir xəbər verilmədən və eləcə də iştirakı olmadan mülkiyyətçisi olduğu Bakı şəhəri, Suraxanı rayou, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 16-cı döngədə yerləşən 4 saylı fərdi yaşayış evinə dair elektrik sayğacına baxış keçirilmiş və guya ki, həmin sayğac sxemindən kənar evə xətt daxil olduğu müəyyən edilmişdir. Həmin tarixdə cavabdehin Suraxanı rayon Şöbəsinin əməkdaşlaı tərəfindən akt tərtib edilmiş, lakin həmin aktda, o cümlədən kənar şəxslərin hal şahidi qismində iştirakı qeyd edilməmişdir. Bu faktı həmin aktın axırındakı “Qeyd” bölməsində “aktın nüsxəsi sayğacın qutusuna qoyuldu” cümləsi təsdiq edir. Bundan əlavə, cavabdehin əməkdaşları tərəfindən həmin ünvanda aktda göstərilən halları müəyyən edən hər hansı video və ya fotoçəkiliş də aparılmamışdır. Akt tərtib edildikdən 3 gün sonra isə evə verilən elektrik cərəyanı kəsilmişdir. Həmin vaxt evdə olmadıqlarından sonradan bu barədə xəbər tutaraq cavabdehin Suraxanı rayon şöbəsi ilə əlaqə saxladıqda onlar bildirmişlər ki, guya sayğac sxemindən kənar evə xətt daxil olduğu üçün ona 1270 manat cərimə sanksiyası tətbiq edilmişdir. Həmin günü cərimə adı ilə ondan 270 manat pul alınmışdır. O, həmin pulu ödəməyə məcbur olmuşdur. Lakin bununla belə o tələb etmişdir ki, əgər ona cərimə tətbiq edilibsə onda bu barədə qərarın surəti də ona təqdim edilməlidir. Lakin onlar hələ qərarın hazır olmadığını bəhanə gətirmişlər. Daha sonra isə guya sayğacda nasazlıq olduğu qeyd edilərək xx.xx.2020-ci il tarixdə evinə aid elektrik sayğacı çıxarılaraq laborator müayinədən keçirilməsi üçün aparılmışdır. İki həftədən sonra isə ondan cərimə adı ilə 150 manat da alınaraq sayğac yerinə qoyulmuş və bildirilmişdir ki, sayğacda heç bir müdaxilə və nasazlıq aşkar edilməmişdir. Belə olan təqdirdə onlara bildirmişdir ki, ona əsassız cərimə tətbiq edildiyindən, eləcə də tərtib etdikləri aktda göstərilmiş hallar öz təsdiqini tapmadığından həmin cərimə və akt etibarsız hesab edilərək ləğv edilməlidir. Lakin onlar buna etiraz etdilər. Yaşadığı həmin evə və qonşuluqda yaşayan digər mənzilərə verilən elektrik cərəyanı sabit olmayaraq artıb-azalır. Belə olan halda isə bütün evlərdəki sayğaca gələn 3 fazadan biri qısa qapanma ilə işləyir. Bu barədə əvvəllər də sakinlər tərəfindən elektrik şəbəkəsinin əməkdaşlarına məlumat verilmiş, lakin bu problem bu günədək aradan qaldırılmamışdır. Lakin cavabdehin əməkdaşları bundan öz maraqlarına uyğun istifadə edərək guya evə sayğacdan kənar xətt daxil olduğunu qeyd etmişlər. Onların bu qanunsuz hərəkətlərini sosial şəbəkədə ifşa edən səsli video görüntü də yayılmışdır. Həmin video görüntüdə cavabdehin Suraxanı rayon Şöbəsinin sabiq müdiri Anarın işçilərinə qanunsuz göstərilər verməsi, həmin göstərişlərdə abonentlərə əsassız cərimələr tətbiq etdiyi müəyyən olunmuşdur. Həmin video görüntüdən sonra o, işdən kənarlaşdırılmışdır. Hesab edir ki, ona da bu cür qanunsuz cərimə yazılmışdır. Daha sonra, İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək məhkəmədən cavabdeh “xxxx” ASC tərəfindən akt əsasında ona yazılmış 1270 manat məbləğində cərimənin silinməsi və əsassız olaraq ondan aldıqları 420 manat məbləğində pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə sayğaca baxış keçirilmiş və kənar xətt aşkar edilmişdir. Həmin vaxt evdə heç kim olmadığından akt tərtib edilərkən iddiaçının iştirakının təmin edilməsi mümkün olmamışdır. Müvafiq aktda da qapını açan olmadığı qeyd edilmişdir. Cərimə isə qanunuz işlədilmiş enerjiyə görə hesablanmışdır. Odur ki, məhkəmədən iddianın təmin ediməməsini xahişetdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AKT NDM 017708 nömrəli aktdan görünür ki, abonent İddiaçı məxsus evdə yerləşən elektrik sayğacına baxış keçirilmiş və EEİQ-yə uyğun baxış aparılarkən məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sip kabelinin izolyasiyası pozularaq budaqlanma yolu ilə çəkilmişdir. Bundan başqa, həmin aktdan görünür ki, uçotun EEİQ-yə uyğun olaraq bərpa edilməsi tələb kimi qoyulmuş və “qapını açan olmadı” qeyd edilmişdir. “xxxx” ASC tərəfindən tərtib edilmiş **********20285 kodlu abonentin saldosundan görünür ki, abonentə xx.xx.2020-ci il tarixdə EİQ pozulmasına görə 1178.76 manat borc hesablanmışdır. Eyni zamanda görünür ki, istehlakçı tərəfindən xx.xx.2020 və xx.xx.2020ci il tarixlərdə 262 manat və 150 manat olmaqla 462 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AKT NDM 017708 nömrəli Akta əsasən istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “X2 Qaydaları”na (EEİQ) riayət olunması yoxlanılmış və müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sip kabelinin izolyasiyası pozularaq budaqlanma yolu ilə çəkilmişdir. Daha sonra cavabdeh orqan tərəfindən iddiaçıya EEİQ pozulmasına görə 1178.76 manat məbləğində borc hesablanmışdır. Bu borca görə iddiaçı tərəfindən 412 manat məbləğində ödəniş edilmişdir. Bundan sonra cavabdeh “xxxx” ASC tərəfindən akt əsasında ona yazılmış 1270 manat məbləğində cərimənin silinməsi və əsassız olaraq ondan aldıqları 420 manat məbləğində pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “X2 qaydalarının” 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerji təchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir (Qaydaların 8.15-ci bəndi). Məişət abonent tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (Qaydaların 8.33-cü bəndi). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Cavabdeh təşkilatın əməkdaşları istehlakçı tərəfindən X2 qaydalarının 8.32-ci maddəsinin pozulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Bundan başqa, məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi sayğac yoxlanıldıqdan sonra əvvəlki aylarla müqayisədə iddiaçının elektrik enerjisi sərfiyyatında əhəmiyyətli bir artma və ya azalma müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.3 və 560.3.5.2.-ci maddələrinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməmiş, ümumiyyətlə sayğaca müdaxilə edilməsində iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Cavabdeh təşkilat məhkəməyə işıq sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçıya həmin akta əsasən hesablanmış borc silinməlidir. Eyni zamanda bu akta əsasən iddiaçı tərəfindən ödənilmiş pul da iddiaçıya qaytarılmalıdır. Lakin iddiaçı ona akta əsasən 1270 manat məbləğində borc hesablandığını bildirsə də iş materiallarından görünür ki, EİQ pozulmasaına görə iddiaçıya hesablanan borcun məbləği 1178.76 manatdır. Qalan borc isə aktın köhnə tarifi, limitdən artıq sərfiyyat və s. görə hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhz akta əsasən hesablanmış 1178.76 manat məbləğində borc silinməlidir. Eyni zamanda iddiaçı akta görə 420 manat məbləğində pul ödədiyini bildirsə də işdən görünür ki, iddiaçı akta görə 412 manat məbləğində pul ödəmişdir. Odur ki, iddia bu hissədə də qismən təmin edilərək ödənilmiş 412 manat məbləğində puul cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Bundan başqa iddiaçı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu da cavabdehdən tələb etmişdir. Lakin iş materiallarında rüsumla bağlı hər hansı qəbz yoxdur. Həmçinin bu tip iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddır. Odur ki, iddia rüsumla bağlı hissədə təmin edilməməlidir. Belə ki, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, cavabdeh təşkilatın əməkdaşları X2 qaydalarının tələblərini pozaraq, qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya 1178.76 manat məbləğində borc hesablamışlar. İddiaçı isə bu pulun 412 manatını ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 1178.76 manat (min yüz yetmiş səkkiz manat yetmiş altı qəpik) borc onun hesabından silinməli, İddiaçı tərəfindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 412 (dörd yüz on iki) manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 1178.76 manat (min yüz yetmiş səkkiz manat yetmiş altı qəpik) borc onun hesabından silinsin. İddiaçı tərəfindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 412 (dörd yüz on iki) manat məbləğində pul iddiaçıya geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar