Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-296/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi.
1. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri.
2. xx.xx.2006-cı il təvəllüdlü X7 onun övladıdır. Oğlunun “F71 Orta dərəcəli əqli gerilik, Orta Kəmağıllıq, Nitq və Davranış Pozuntuları ilə İQ-40” xəstəliyi vardır. Oğlu anadangəlmə xəstəliyi ilə əlaqədar olaraq daimi qulluğa, yardıma ehtiyacı vardır. Övladı anadangəlmə bu xəstəlikdən əziyyət çəkir və onun xəstəliyi getdikcə dərinləşmişdir. Belə ki, xx.xx.2006-cı il təvəllüdlü X7 xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə elmək iqtidarında deyildir. Daima kənar şəxsin qulluğuna və nəzarətinə ehtiyacı vardır. O, tam fəaliyyət qabiliyyəti olmayan bir şəxsdir. Oğlu bu xəstəliyə dair müalicə olunsa da, lakin heç bir nəticə verməmişdir, çünki bu müalicəsi olmayan bir xəstəlikdir. Həmçinin verilmiş arayışlara əsasən onun xəstəliklə əlaqədar ciddi pozuntusunun olması faktı öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanası tərəfindən təqdim edilmiş Həkim Psixiatr Komissiyasının xx.xx.2022-ci il tarixdə əlilliyin təyin edilib, xx.xx.2023-cü il tarixdə təqdiqlənmiş Əlillik haqqında arayışında onun psixiatr müşahidəsində olması öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş arayışdan göründüyü kimi, xx.xx.2006-cı il təvəllüdlü X7 əmək qabiliyyətsizdir. Eyni zamanda həmin arayşdan aydın olduğu kimi oğlumun “F71 Orta dərəcəli əqli gerilik, Orta Kəmağıllıq, Nitq və Davranış Pozuntuları ilə İQ-40” xəstəliyi vardır. Məhz bu səbəbdən də oğlu xx.xx.2006-cı il təvəllüdlü X5 ikinci dərəcəli əlillik təyin edilmişdir. Belə olan təqdirdə oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun qəyyumu təyin olunması üçün zərurət yaranmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verib onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X9 hazırki ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi.
İş materialları.
5. AZ-İ seriyalı, 816584 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında Ərizəçi qeyd olunmuşdur.
6. AR ƏƏSMN X1 Sisteminin “Əlillik haqqında Arayış”ından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 “F71 Orta dərəcəli əqli gerilik, Orta Kəmağıllıq, Nitq və Davranış Pozuntuları ilə İQ-40” diaqnozu ilə müddətsiz İİ qrup əlildir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2024-cü il tarixli, 3437 №-li ekspert rəyində qeyd olunmuşdur ki, X4 Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqi zəif inkişaf etməklə qeyri-aydın olması, Bakı şəhər X2 müalicələrdə olması, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, əqli inkişafdan geri qalması, xəstəliyi ilə əlaqədar formal olaraq on sinif təhsil alması, narahatlığı, aqressivliyi, ara-sıra fizioloji ifrazatları ilə natəmiz olması, xəstəliyi ilə əlaqədar AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2022-ci il tarixdə müayinə edilərək “F71 Orta dərəcəli əqli gerilik, orta kəmağıllıq, nitq və davranış pozuntuları ilə İQ-40 ” diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, davranış pozuntuları və narahatlığı ilə əlaqədar hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: orta dərəcəli əqli gerilik əlamətlərinin müəyyən edilməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar vardır. X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. X3 psixi vəziyyəti məhkəmədə iştirak etməsinə imkan vermir.
İşin faktiki halları.
8. Barəsində ərizə verilən X7 ərizəçinin övladıdır. İş materiallarında olan sənədlərə və rəyə əsasən xx.xx.2006-cı il təvəllüdlü X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı işin mübahisəsiz hallarıdır. Bu hal iş üzrə təyin edilmiş ekspertiza ilə də öz təsdiqini tapır.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 317. Ərizənin verilməsi 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
11. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
12. Belə ki, proses iştirakçılarının izahatından və iş materiallarından müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü X7 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Qanunvericiliyin tələblərinə görə bu hal şəxsin fəaliyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır.
Məhkəmənin gəldiyi nəticə.
13. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.