Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2960/2021 03.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi Əlizadə Orxan Həsən oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsinə dair” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 723.15 manat borcun № **********280 abonent koduna və 30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsinə, ümumilikdə 753.15 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli, 2(010)-2950/2021 saylı qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsinə dair” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu: **********280) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 13.04.2021-ci il tarixinə 723.15 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 31.03.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS Şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1 mənzil 27 olduğu qeyd olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, sərəncam əsasında abonentin 2011-ci ilə qədər olan bütün borcu silinmişdir. Lakin abonent sonrakı illərdə mütəmadi ödənişlər etmək əvəzinə, ildə cəmi bir neçə dəfə xırda məbləğli ödənişlər etdiyindən borcu bu qədər ığılmışdır. 2021-ci ildə mənzilə sayğac qurulmuşdur. Həmin tarixə qədər isə borc ailə tərkibinə görə hesablanmışdır. Cavabdeh 2018-ci ildə İdarəyə gələrək borcu hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüş, həmin ilin fevral ayının 8-də razılaşma protokolu imzalanmışdır. Həmin razılaşmaya görə abonent mart ayından etibarən borcunu hissə-hissə ödəməli idi. Lakin abonent su kəsilməsin deyə cəmi bir dəfə ödəniş etdikdən sonra ödəniş etməyi dayandırmışdır. İddiaçı isə hazırda həmin yığılmış borcu tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən 22.02.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. **********280 kodlu abonent kartından görünür ki, ünvan 3 ünvanı üzrə abonent Cavabdeh 03.08.2021-ci il tarixə su təchizatı və kanalizasiya xidmətlərinə görə 676.15 manat məbləğində borcu yaranmışdır. 13.01.2021-ci il tarixli, ünvan 3 ünvanı üzrə abonent Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçıSC-yə 13.01.2021-ci il tarixinə 739.15 manat məbləğində borcu vardır. Borclu borcun 7 gün müddətində tam ödənilməsi xəbərdar edilmiş, əks halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. Buna baxmayaraq, İddiaçıSC tərəfindən məhkəməyə təqdim edilmiş bütün sənədlərdə abonent Cavabdeh ünvanı kimi ünvan 3 ünvanı göstərilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş abonent kartı, müvafiq xəbərdarlıqlar və digər bütün sənədlərdə ünvan kimi mənzil 28 qeyd edilmişdir. Halbuki, cavabdeh mənzil 28-də yox, mənzil 27-də yaşayır. Bunun dəqiqləşdirilməsi məqsədilə məhkəmə tərəfindən mənzil 28də yaşayan şəxslə əlaqə saxlanılmış və həmin şəxs Cavabdeh qonşusu olduğunu və mənzil 27-də yaşadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin həqiqiliyi şübhə altındadır. Məhkəmə bu sənədlər əsasında Cavabdeh sudan istifadəyə görə iddiaçının tələb etdiyi məbləğdə borcunun yarandığını müəyyən edə bilməz. Çünki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə göstərilən məbləğ Cavabdeh yaşadığı mənzil 27-nin yox, mənzil 28-in borcu ola bilər. Nəzərə alınmalıdır ki, ünvanla bağlı yaranmış bu qeyri-dəqiqliyi aradan qaldırmaq, cavabdehin həqiqətən mənzil 28-də yaşadığını və məhz həmin mənzildə sudan istifadəyə görə borcunun yığıldığını sübut etmək iddiaçının vəzifəsidir. İddiaçı isə bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin, sudan istifadəyə görə yaranmış borcun cavabdehdən tələb edilə bilməsi üçün ilk növbədə, həmin suyun məhz cavabdeh tərəfindən istifadə edildiyi sübut edilməlidir. Bu baxımdan, əgər borcun hesablandığı mənzildə cavabdeh yaşamırsa, həmin mənzilə görə hesablanmış borcun cavabdehdən tələb edilməsi əsassızdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı öz üzərinə düşən sübutetmə yükünü icra etməmiş, sudan istifadəyə görə tələb etdiyi borcun məhz cavabdeh tərəfindən istifadə edilmiş suya görə hesablandığını sübut edə bilməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borcun ödənilməsi” tələbinə dair iddia edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2960/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2960/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver