Məhkəmə qərarları › İş №2(010)-3018/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3018/2021

23.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3018/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsi Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 10000 (on min) manat kompensasiya ödənilməklə Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov prospekti, ev 22, mənzil 21 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Adıçəkilən evə dair 29.05.2012-ci il tarixində DƏDRX tərəfindən çıxarış verilmişdir. Hazırda cavabdeh olan qardaşı - Cavabdeh onun xüsusi mülkiyyəti olan evdə yaşayaraq, onun öz mülkiyyətindən maneəsiz istifadə etməyinə maneələr yaradır, istifadə qaydalırını pozur. Vəziyyət o yerə gəlib çatmışdır ki, artıq ona məxsus olan evindən normal və sakit istifadə edə bilmir. Cavabdeh tərəfindən qərəzli şəkildə tez-tez yaradılan mübahisələr onun yaşayışını dözülməz edib. Eyni zamanda cavabdeh alkoqollu içki alüdəçisidir və onun bu cür həyat tərzi sürməsi demək olar ki, bütün yaşayışını pis vəziyyətə gətirib. Yaşadığı evdə söyüş, təhqir eşitməkdən artıq bezmişdir, iş o yerə gəlib çatıb ki, evinin içində nə rahat gəzə bilir, nə də rahat oturub dura bilir. Evində onunla yaşayan qızımın yanında cavabdeh tərəfindən hər dəfə təhqir, söyüş dolu ifadələr işlətməsindən də əsəb, stress keçirir. Cavabdeh həmin mənzildən istifadə hüququna malik olan şəxsdir və hesab edir ki, sonuncuya təklif olunan 10000 manat məbləğində kompensasiya sonuncuya kifayət edən məbləğdir. Odur ki iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov prospektində yerləşən evin 22 mənzili 29 may 2012-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, X4, X2, Babayeva Vəsilə Nadir qızı və Həsənov X1 rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov prospektində yerləşən evin 22 21 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalarıdır. Həmin Məcəllənin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 228.2-ci maddəsinin şərtlərinə görə iddia irəli sürmüş şəxs yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı, iddia irəli sürülmüş şəxsin isə həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqda təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirilməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır». Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və.s) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə, onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya mülkiyyətçinin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Bununla əlaqədar iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi və məhkəmə prosesində araşdırılmış Bina.az saytından olan çıxarılmış məlumatlardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanının yerləşdiyi ərazi üzrə və yaxın ətrafda mənzillərin real bazar dəyəri 40 000 (qırx min) manat, 1 mənzilin kirayə haqqı 200 manat təşkil edir. Belə olduğu halda İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğini, mübahisəli mənzilin yerləşdiyi ərazidə bir otaqlı mənzilin aylıq kirayə haqqının dəyərini, cavabdehin əmək qabiliyyətli olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, təklif olunan kompensasiya Konstitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Ona görə də, İddiaçı tərəfindən irəli sürülmüş kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və cavabdehin azyaşlı uşağı ilə birlikdə mülkiyyətində olan evindən çıxarılmaları barədə iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və cavabdehin yetkinlik yaşına çatmamış uşaqla birlikdə həmin mənzildən çıxarılmalalı eyni vaxtda icra olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov prospektində yerləşən 22 saylı evin 21 saylı mənzilinə 10000 manat İddiaçı tərəfindən kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilsin. Cavabdeh həmin mənzildən çıxarılsın. Kompensasiya verilməsi ilə cavabdehin istifadə hüququna xitam verilməsi və sonuncunun mənzildən çıxarılması eyni vaxtda icra olunsun. Qətnamədən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar