Məhkəmə qərarları › İş №2(010)-3043/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3043/2024

26.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3043/2024 26.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Bəydəmirov küçəsi, döngə 6, 2 saylı evə işlədilmiş elektrik enerjisinə görə ödənilməli olan 1272.30 manat məbləğində borcun ona heç bir aidiyyətinin olmamasının müəyyən edilməsi və borcun silinməsinin "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Həmin həyətdə yaşayış elektrik enerjisindən mütəmadi istifadə etmişdir və işlətdiyi elektrik enerjisinin pulunu ödəmişdir. 2024-cü ildə sayğacı dəyişdirib və yeni Smart-kart tipli sayğac quraşdırılmış və sayğac quraşdırılandan sonra onun borcunun olduğunu bildirdilər. O, da borcun ona aidiyyatı olmadığını bildirəndə ona işığının kəsildiyini və ona kart verməyəcəklərini bildirdilər. "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin borc məbləği ondan tələb edilərkən o onlara yaranmış borc məbləğinin ona heç bir aidiyyətinin olmamasını bildirmişdir. Göründüyü kimi elektrik enerjisinə görə ödənilməli olan 1272.30 manat məbləğində borcun ona heç bir aidiyyəti yoxdur, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Bəydəmirov küçəsi, döngə 6, 2 saylı evə o sərf etdiyi elektrik enerjisinə görə isə yaranmış borc məbləğlərini mütəmadi olaraq tam ödəmişdir. Bütün bunları nəzərə alaraq Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Bəydəmirov küçəsi, döngə 6, 2 saylı evə işlədilmiş elektrik enerjisinə görə ödənilməli olan 1272.30 manat məbləğində borcun ona heç bir aidiyyətinin olmamasının müəyyən edilməsi zərurəti yaranmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, köhnə borcdur. Silinməsini istəyir. Hər dəfə rəsi dəyişəndə silmək üçün 200-300 manat pul istəyir. Ağalar adlı şəxs o vaxt hər kəsə əsassız borc yazıb. 1984-cü ildən orada yaşayır. Ev babasınındır. Tək o ailəsi ilə yaşayır. 2009-cu ildə atası, 2019-cu ildə anam rəhmətə getdi. 1260 manat isə 2009-cu ildən qalıb. O istifadə etdiyini ödəyir, bu borc isə onun deyil. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 bildirmişdir ki, bu borc 2006-2013-cü illəri əhatə edir. Bu borclar sadəcə sistemdə “Barmek” vaxtından qalıblar. Ev addan ada keçəndə tələb olunur. Tələbetmə müddəti keçdiyinə görə onlar həmin borcları tələb edə bilmir. İddianın rədd olunmasını xahiş edirlər. İş materialları. İş materiallarında olan "xxxx" ASC-nin **********6021V kodlu “Abunə haqqında” məlumatından görünür ki, xx.xx.2002-ci il tarixdə bağlanmış 226890 saylı müqavilə üzrə Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan **********6021V kodlu abonent İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sayğac quraşdırma tarixinə cəmi 1272,30 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı X1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, icraatda olan kommunal borcun silinməsinə dair iddia ərizəsi ilə əlaqədar iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.... Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar. "Elektrik enerjisindən istifadə” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı Qərarı 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı.

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin müəyyən edilmiş faktiki hаllаrındаn göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona (**********6021V abunə koduna) hesabladığı 1272,30 manat borcun silinməsini tələb edir. İş materiallarında olan "xxxx" ASC-nin “Abunə haqqında” məlumatdan görünür ki, **********6021V kodlu abonent İddiaçı 1272,30 manat məbləğində borc yazılmışdır. İşin hallarından görünür ki, cavabdeh həmin borcu iddiaçıdan tələb etmir, lakin “abunə haqqında” məlumatlarda borc yazılaraq, qalmaqdadır. Cavabdehin izahatlarına görə, bu borc xx.xx.2009-cu il tarixdən əvvəl yazılan borcdur, həmin dövrdə qeyd olunan borc iddiaçıya “Barmek” tərəfindən yazılmış, daha sonra isə "xxxx" ASC bu borcu tələb etməmiş və bu borcun iddiaçı tərəfindən ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı, həmçinin, ərizə ilə müraciət edərək, iddia müddətinin məhkəmə tərəfindən tədbiqini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmiş hüquqi mövqeyini nəzərə alaraq, qanunvericilikdə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il olaraq müəyyən olunmuşdur. Belə olan halda, 2009-cu ildə yaranmış borcdan iddia müddəti olaraq müəyyən olunmuş müddətdən artıq müddət keçdiyindən cavabdehin bu borc məbləğini tələb etməsi əsassız hesab edilməlidir. İddiaçı qeyd olunan borcun ona heç bir aidiyyatının olmamasının müəyyən edilməsini xahiş etmişdir, lakin bu hissədə məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri mövcuddur və hər bir halda sayğac və ona dair ödəmələr iddiaçıya aiddir. Tələbin digər hissəsinə - “borcun silinməsinin "xxxx" ASC-yə həvalə edilməsinə” münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan, iddia tələbi "xxxx" ASC-yə münasibətdə qaldırılmışdır. İddia tələbi təmin edildiyi halda, qətnamənin icra edilməsi vəzifəsi hər bir halda "xxxx" ASC-nin üzərinə düşür. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus abunə kodu **********6021V olan Bakı şəhəri, ünvan 2 ünvanı üzrə 1272,30 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri. İstehlakçılar hüquqlarının pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 32,72 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı məxsus abunə kodu **********6021V olan Bakı şəhəri, ünvan 2 ünvanı üzrə yazılmış 1272,30 manat məbləğində borc "xxxx" ASC tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 32,72 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar