Məhkəmə qərarları › İş №2(010)-3074/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3074/2025

07.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3074/2025 07.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış sərfiyyatın silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış sərfiyyatın silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 005303 saylı aktın etibarsız hesab edilməsi və hesablanmış 336 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən istehlakçı İddiaçı ev ünvanında məişət abonentinə münasibətdə elektrik enerjisi sayğacında (abonent kodu:**********52732) aparılan yoxlamalar zamanı elektrik sayğacının elektrik cəryanını hiss etmədiyi və impulsun olmadığı müəyyən edilmişdir və istehlakçının iştirakı olmadan 005303 nömrəli akt (NİM) tərtib edilmiş, sayğac “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin "xxxx" MMC-yə yoxlanılması üçün göndərilmişdir. Azərişıq ASC-nin əməkdaşları tərəfindən dərhal elektrik enerjisinin verilməsi dayandırılmış və elektrik enerjisinin dayandırılmasına münasibətdə heç bir hüquqi əsas göstərilməmişdir. Elektrik sayğacı xx.xx.2024-cü il tarixli 008 nömrəli akta əsasən növbədənkənar dövlət yoxlamasına qəbul edilmişdir. “Azərbaycan Metrologiya İnstitutu” PHŞnin "xxxx" MMC-nin rəyinə əsasən sayğacın daxili qüsur nəticəsində işləməməsi, göstəricinin oxunmasının mümkün olmaması müəyyən edilmişdir. Qeyd edir ki, sayğacların dəyişdirilməsi prosesində onun iştirakı təmin edilməmişdir. Belə ki, istehlakçı bu günədək sərf etdiyi elektrik enerjisinin dəyərini vaxtında icra etdiyini və sərf etdiyi elektrik enerjisinə münasibətdə aylıq 30- 35 manat vəsait ödədiyini, həmçinin sayğacların dəyişdirildiyi müddətdə 98 manat vəsait ödəməsinə baxmayaraq "xxxx" ASC-nin əməkdaşları tərəfindən əsassız olaraq 336 manat borc hesablanmış və hesablanmanın hüquqi əsası barədə şifahi və yazılı heç bir münasibət bildirilməmiş, tərtib edilən aktlarda vurulmuş zərər barədə qeydlər aparılmamışdır. Elektrik enerjisinin verilişinin dayandırılmaması ilə əlaqədar borc pul əldə edərək borc ödənilmişdir lakin, o, sonradan həmin borcun əsassız olduğu qənaətinə gəlmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məktubla "xxxx" ASC-yə müraciət etmişdir. Hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən müvafiq normativ hüquqi aktın tələbləri pozulmuşdur və istehlakçıya heç bir hüquqi əsası olmadan 336 manat borc hesablanmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, sayğac üzrə hər ayın biri qəbz qoyurlar, o da hər ay ödəyir. Qeyd edir ki, daha sonra "xxxx" ASC-nin əməkdaşları sayğacı dəyişərək sayğacın xarab olduğunu dedilər. Hesab edir ki, sayğac xarab olubsa ona cərimə yazılmamalıdır. Bildirir ki, 336 manat cərimə yazılıb, ödədiyi cəriməni, yəni 336 manatı geri istəyir. Qeyd edir ki, cəriməni işığı kəsərək ödətdiriblər. Belə ki, 2 gün keçmədən gəlib işığı kəsdiklərini, hər ay borcunu ödədiyini, sayğaca da müdaxilə etmədiyini bildirmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, akt tərtib olunmuş və ona əsasən də borc hesablanmışdır. Qeyd edir ki, Azərişıq ASC-nin cavab məktubunda səbəb olaraq sayğacın xəttdən axan yükü qeyd etmədiyinə görə dəyişdirilməsi qeyd olunmuş və sayğac laboratoriyaya göndərilmişdir. Bildirir ki, akta əsasən də 336.31 manat hesablanıb, hazırda da iddiaçının borcu yoxdur. Aktın sayğacda olan problemlərə görə tərtib olunduğunu, hüquq-mühafizə orqanlarının cəlb olunmadığını, işin talama ilə bağlı olmadığını, sadəcə sayğacın işləmədiyini bildirmişdir. Qeyd edir ki, sayğacların əksəriyyəti çöldədir, borc da ödənilib, görsənmir. Hesab edir ki, iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra iddia ərizəsi verə bilərdi, amma o, borcu ödəmişdi. İddianın rədd olunmasını xahiş edir. İş materialları. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətin araşdırılmasına dair cavab məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli, B-1476-5/2025 nömrəli müraciətə baxılaraq xx.xx.2024-cü il tarixdə Nəzarət İdarəsinin əməkdaşları tərəfindən yaşayış evinə məxsus elektrik sayğacına baxış keçirilən zaman sayğacın xətdən axan yükü qeyd etmədiyi və led impuls lampasının döyünmədiyinin aşkarlandığı və NİM 005303 saylı aktın tərtib edilərək sayğacın yenisi ilə əvəz edilmişdir. Çıxarılan sayğac "xxxx" MMC-də yoxlanılmış və sayğacın daxili qüsur nəticəsində işləmədiyinə, göstəricilərinin oxunmasının mümkün olmadığına dair rəy verilmişdir. **********52732 saylı kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, sayğacın enerji sərfiyyatını qeyd etmədiyi müddət üçün itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə, 2587 kVt.s (336,31manat) elektrik enerjisi dəyərində ödəniş sənədi hazırlanmışdır. NİM 005303 saylı aktın hesabatı "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.16-cı bəndi (hesabat 1 (bir) ay nəzərə alınmaqla) əsasən hazırlanmışdır və məqsədəuyğun hesab edilir. **********52732 saylı abunə kodu üzrə yaranmış borcun ödənildiyi və xx.xx.2025-ci il tarixinə enerji sərfiyyatına görə borcun qalmadığı bildirilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 005303 nömrəli xx.xx.2024-cü il tarixli aktdan (NİM) görünür ki, EEİQ-yə uyğun sayğaclara baxış keçirən zaman elektrik sayğacının xətdən keçən cəryanı hiss etmədiyi və impulsun olmadığı müəyyən edilmiş, sayğac yeni sayğacla əvəz edilmiş və laboratoriya şəraitində yoxlanılması və rəy verilməsi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin “Abunə haqqında” məlumatdan görünür ki, Bakı şəhəri, Suraxanı, Qaraçuxur, Şərq hissə, Ev(Bina):0005, Mənzil:2732 ünvanında **********52732 kodlu abonent İddiaçı xx.xx.2024-cü il tarixində borc üzrə 368.59 manat məbləğində ödəniş etmişdir. Borcla bağlı NİM 005303 nömrəli akt tərtib edilmişdir. Sənədə əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdə NİM 005303 nömrəli akta əsasən EİQ-nin pozulmasına görə 336.31 manat borc yazılmışdır. Tətbiq edilən hüquq. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 19. Elektrik enerjisinin istehlakı 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Maddə 29. Elektrik enerjisi bazarında müqavilə münasibətləri 29.7. Ötürücü və ya paylayıcı sistem operatoru istehlakçıya verdiyi elektrik enerjisinin miqdarını yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və bu barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi elektrik enerjisinin dəyərini tam hesablayaraq təchizatçının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi elektrik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq təchizatçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab təchizatçı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının elektrik enerjisinə görə sayğacın son göstəricisinə uyğun mövcud qalıq borcu, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi göstərilməlidir. İstehlakçı tərəfindən elektrik enerjisinin hesabında göstərilən dəyəri tam ödənildikdən sonra təchizatçı yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. "Elektrik enerjisindən istifadə” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı Qərarı 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.3. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının ünvanında enerji sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, yerinə yeni sayğac quraşdırılmışdır. Çıxarılmış sayğaca laboratoriya öz rəyini verərək, sayğaca baxış keçirildiyi, sayğacın daxili qüsur nəticəsində işləmədiyi, göstəricilərinin oxunmasının mümkün olmadığı qeyd edilmişdir. Cavabdeh təşkilat yuxarıda qeyd edilmiş yoxlamanın nəticəsi olaraq 336.31 manat həcmində məbləği iddiaçının abonent hesabına hesablamış və iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçının tələbi "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 005303 saylı aktın etibarsız hesab edilməsi və hesablanmış 336 manat borcun silinməsindən ibarətdir. Tələbin aktın etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentin ünvanına baxışın (müəyinənin) keçirilməsi qurumun əməkdaşlarının vəzifə öhdəliklərindən irəli gəldiyinə görə öz-özlüyündə abonentin hər hansı hüququna müdaxilə hesab olunmur. Onlar tərəfindən tərtib edilmiş akt da baxış nəticəsində aşkar edilən hallara dair qurumun əməkdaşlarının mövqeyini əks etdirir. Əgər tərtib edilmiş akt əsasında hər hansı hüquqi məsuliyyət yaradan qərar, məsələn dəymiş zərərin ödənilməsi tələb olunursa, onda abonentin hüquqlarının güman edilən pozuntusundan söz gedə bilər. Buna müvafiq olaraq istehlakçı yalnız hüquqi məsuliyyət yaradan qərarı yəni, zərərin ödənilməsini mübahisələndirə bilər. Çünki aktın tərtib edilməsi və həmin aktda qeyd edilmiş məlumatlar əsasında istehlakçı barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi (zərərin ödənilməsi) ayrı-ayrı mərhələlərdir. Aktın qəbul edilməsinə baxmayaraq məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan isə yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz gedə bilər. Öyrənilmiş iş materiallarından görünür ki, abonent barəsində əvvəlcə akt qəbul edilmiş, bundan sonra isə ona müvafiq cərimə (əlavə sərfiyyat) hesablanmışdır. Göründüyü kimi bu akt öz-özlüyündə abonentin hər hansı hüququna müdaxilə etməmişdir. Buna görə də, "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş akt abonentlə bağlı hər hansı yeni hüquqi status yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun tərtib edilməsi nəticəsində abonentin hər hansı hüququnun pozulması nəticəsinə gəlmək də düzgün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Həmin akt müvafiq əlavə sərfiyyatın hesablanmasının qanuni olub-olmaması baxımından sübut kimi qiymətləndirilə bilər. Belə olan halda, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Elektrik sayğacında nöqsanların olduğu müəyyən edilsə də, bunun sayğacdan keçən enerjinin sərfiyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı əlaqəsinin olması cavabdeh tərəfindən sübut edilməmişdir. Həmçinin, cavabdeh tərəfindən “Elektroenergetika haqqında” Qanunun 19.16-cı bəndində göstərilmiş tələblərinə riayət edilməmişdir. Eyni zamanda, tələb olunan borcun real, həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda da sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə tərtib olunmuş akta görə hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir. Həmin akt iddiaçının və mübahisədə marağı olmayan şəxslərin iştirakı olmadan tərtib olunduğundan, mötəbər sayıla və ona əsasən hesablanmış borc məbləği qanuni hesab edilə bilməz. Həmçinin, iddiaçının (istehlakçının) ünvanına quraşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərəri də istehlakçı tərəfindən ödənilməməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarına nəzər saldıqda məlum olur ki, cavabdeh tərəfindən hesabat sayğacın enerji səyfiyyatını qeyd etmədiyi müddət üçün itirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə, 2587 kVt.s - 336.31 manat olmaqla hesablanmış və həmin məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı hesablanmış borcu ödəyib, lakin onun silinməsini xahiş edir. Nəzərə alaraq ki, hesablanmış 336 manat məbləğində borc istehlakçı olan iddiaçıya qanunsuz hesablanmışdır, iddiaçı onu ödəmiş olsa da, silinməsini tələb eməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən tərtib edilmiş 005303 saylı akt üzrə hesablanmış 336 manat borc silinməlidir. Məhkəmə xərcləri. İstehlakçılar hüquqlarının pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 005303 saylı akt üzrə hesablanmış 336 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar