Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-309/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh İddiaçı qanunsuz hesabladığı 1552,70 manat borcun silinməsi və iddiaçıdan qanunsuz olaraq tutulmuş 2,50 manat pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması. İddia tələbinin dəlilləri İddiaçı həmişə normal olaraq smart kart vasitəsi ilə ödəniş edib təbii qazdan istifadə etmiş, lakin sonradan iddiaçıya məlum olmuşdur ki, smart karta etdiyi ödənişi sayğaca yükləkdikdə həmin məbləğin yarısı sayğaca köçürülmiş, digər yarısının köçürülmədiyinə görə Cavabdehnə yaxınlaşmış və bu məsələnin aydınlaşdırılmasını və həllində köməklik göstərilməsini onlardan xahiş etsə də, onlar tərəfindən iddiaçıya bildirilmişdir ki, guya sayğaca müdaxilə olunmuş və nəticə etibarı ilə iddiaçıya 1555,20 manat borc hesablanmış, habelə bununla bağlı tərtib edilmiş aktı və digər sənədlərin surəti iddiaçıya təqdim edilmişdir. Həmin sənədlərdən göründüyü kimi, iddiaçıya guya qazdan qanunsuz istifadəsinə görə 1555,20 manat borc hesablanmışdır. Bu səbəbdən də, kartdan ödədiyi məbləğdən qanunsuz olaraq 2,50 manat pul tutulmuşdur. Cavabdeh əməkdaşları yalandan və qabaqcadan düşünülmüş olan üzrə gəlib küçənin bütün sayğaclarını “yeni sayğaclarla təmin edilmə adı altında” dəyişdirdilər və nəticə etibarı ilə qeyri qanuni üsulla onun kimi vətəndaşların üzərlərinə müxtəlif məbləğlərdə borclar yazırlar. Artıq bu kütləvi hala çevrilmişdir. Belə ki, Cavabdeh əməkdaşları küçədə quraşdırılmış qaz sayğaclarına özləri müdaxilə edirlər və akt tərtib etməklə üstündən müəyyən vaxt keçdikdən sonra smart kartları bloklamaqla və ya qanunsuz olaraq tutulmalar aparmaqla iddiaçı kimi sadə vətəndaşların hüquqlarını pozurlar. Onlar XXİ əsrdə yaşamalarına baxmayaraq Cavabdeh keçmişdə feodalizm quruluşunda olduğu kimi insanların üzərinə zülm etməklə və qışın soyuğunda insanların qürürü ilə oynamaqla onların əlindəki qəpik quruş pullarını qəsb edərək mənimsəyirlər. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir. İddiaçının ünvanında quraşdırılmış G-4 markalı, 1202AQ**********4 saylı sayğac çıxarılaraq Sənaye və məişət qaz sayğaclarını kalibirləmə laboratoriyasına göndərilmiş, xx.xx.2023-cü il tarixli MSK 29/1710-04921-1 saylı aktla “Sayğacın cıxış plastmas borusu deşikdir” şəklində rəy verilmişdir. “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə” Cavabdeh İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 1555.20 (12960m3 x 0.12) manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” Müqaviləsinin 2.3.4.-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Odur ki, iddiaçı X1 Cavabdeh İB-yə qarşı 1555.20 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları Abonentin saldosundan görünür ki, Bakı, Suraxanı rayonu, Bülbülə ünvana dair **********01812 saylı abonentin 06.2021-ci ildən 09.2023-cü il tarixədək qalıq və aktlar üzrə borcu 1555,20 manat məbləğində borc hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, Suraxanı, Bülbülə qəs. İddiaçı təbii qazın istifadəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı xx.xx.2023-cü il tarixli Dövlət yoxlamasına əsasən 10574025 saylı sayğacın mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcııqlarında əzik cızıq izləri var. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, **********01812 saylı abonentin ünvanında aşkar edilmiş nöqsan: sənaye və məişəğ qaz sayğaclarını laboratoriasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli29/1710-04786 №-li aktına əsasən G-4 markalı 10579025 №-li sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri var. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli. 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yerləşdirilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş şərtlərə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, sayğaca baxış keçirilməsi zamanı hər hansı bir foto və ya video çəkilişin aparılması da iş materilları ilə müəyyən edilmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-də vurğulanır ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Lakin iş materiallarından müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır.
Məhkəmənin gəldiyi nəticə İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evə **********01812 saylı abonent kodu üzrə hesablanmış 1552,70 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. İddiaçı əsassız olaraq tutulmuş 2,50 (ik manat əlli qəpik) manat məbləğində vəsait Cavabdeh tərəfindən nəzərə alınsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən evə **********01812 saylı abonent kodu üzrə hesablanmış 1552,70 (bir min beş yüz əlli iki manat yetmiş qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddiaçı əsassız olaraq tutulmuş 2,50 (ik manat əlli qəpik) manat məbləğində vəsait Cavabdeh tərəfindən nəzərə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova