Məhkəmə qərarları › İş №2(010)-3157/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3157/2024

01.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3157/2024 01.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdeh Suraxanı rayon İşıq İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən yazılmış 772.39 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayon İşıq İdarəsinin nəzarətçisi 2006-cı ildən 2009-cu il tarixinə qədər evdə işıq sayğacı olduğu halda işıq gücünə görə (lampa hesabı) düzgün olmayaraq göstərici yazaraq, 772.39 manat məbləğində borcun olduğunu hesablamışdır. 2009-cu ildə yeni qoyulan reaktiv sayğacda olan göstərici bu günə kimi hər ay ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2010-cu ildə borclar silinmişdir. Bakı şəhəri İşıq İdarəsinə iddiaçı tərəfindən müraciət edilmiş və ona bildirilmişdir ki, bu borca görə iddiaçıya hər hansı söz deyilə bilməz. İddiaçı tərəfindən yeni qoyulan sayğac üzrə hesablanmış borclar hər ay vaxtlıvaxtında ödənilmişdir. Yeni təyin olunmuş Suraxanı rayon İşıq İdarəsinin rəisi isə dondurulmuş borcun ödənilməsini tələb edir. Ərizə ilə yanaşı təqdim edilmiş abunə haqqında göstəricidə göstərilən bağlanan aktlarda yazılan göstərici ilə bu günə ödənilən göstərici arasında uyğunluq yoxdur. Nəzarətçi yüksək göstəricilər qeyd etməklə iddiaçının ünvanına 772.39 manat məbləğində borc yazmışdır.

Əsl olmayan tərəfin əvəz edilməsi.

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən əsl olmayan cavabdeh Suraxanı Rayon İşıq İdarəsinin əsl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsini xahiş etmişdir.

İddianın dəyişdirilməsi.

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən ona hesablanmış 650.95 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. "xxxx" ASC tərəfindən tərtib edilmiş **********0009 kodlu abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacı barədə abonentə aktlar üzrə 650.97 manat məbləğində borc hesablanmışdır.

İşin faktiki halları.

8. "xxxx" ASC tərəfindən ünvan 2 ünvanı **********20009 abunə kodu verilərək elektrik enerjisi ilə təchiz edilir.

9. Həmin ünvana xx.xx.1998 – xx.xx.2024-cü il tarixləri arasında aktlar üzrə 650.97 manat məbləğində borc hesablanmışdır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”:

7. Elektrik enerjisinin uçot cihazlarinin quraşdırılması və istismarı. 7.6. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.13. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur.

8. Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

14. İş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı ünvanında xx.xx.1998 – xx.xx.2024-cü il tarixləri arasında aktlar üzrə 650.97 manat məbləğində borc hesablanmışdır. İddiaçı X2yə görə belə bir borcu olmadığını, bu borcun cavabdeh tərəfindən ona qanunsuz hesablandığını iddia etmişdir.

15. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh "xxxx" ASC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya heç bir münasibət bildirilmədiyindən və məhkəmə iclaslarında nümayəndəsinin iştirakı təmin edilmədiyindən məhkəmə tərəfindən cavabdehə sorğu ilə müraciət edilərək, iddiaçıya hesablanmış borcun hansı əsasla hesablanması barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Lakin cavabdeh "xxxx" ASC tərəfindən məhkəmənin sorğusuna heç bir cavab verilməmiş, iddiaya münasibətdə susqunluq nümayiş etdirilmişdir.

16. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

17. Hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən onun ünvanına “aktlar” təyinatı ilə 650.97 manat məbləğində borc hesablanmışdır. Beləliklə, iddiaçı sübutetmə yükünün öz üzərinə düşən hissəsini – cavabdeh tərəfindən ona borc hesablanması – sübut etmişdir. Cavabdeh "xxxx" ASC isə saldoda “aktlar” dedikdə hansı aktların nəzərdə tutulduğu, bu aktlarla nəyin müəyyən edildiyi, əgər bu aktlar X2 qaydalarının pozulmasına görə tərtib edilmişdirsə, saldoda bu barədə nəyə görə heç bir qeyd edilmədiyi, əgər bu borc sərfiyyata görə hesablanmış borcdursa, nəyə görə saldoda ayrıca “aktlar” qrafasında nəzərdə tutularaq sayğac üzrə sərfiyyat borcundan ayrıldığı, bir sözlə, bu borcun hansı əsasla hesablanmasına dair dəlillərini məhkəməyə təqdim etməli olduğu halda bununla bağlı heç bir təşəbbüs göstərməmişdir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, mad. 14.2 və 77.1).

18. Belə olan halda məhkəmə hesab edir ki, hansı əsasla hesablandığı məlum olmayan borcun qanuni olduğu müəyyən edilə, bu borc iddiaçıdan tələb edilə bilməz. Odur ki, müvafiq borc (iddiaçının 650.95 manat borcun silinməsini tələb etdiyi nəzərə alınaraq iddia tələbindən kənara çıxılmayaraq) abonentin hesabından silinməlidir.

Məhkəmə xərcləri.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa yuxarıda istinad edilmiş maddələrinə əsasən, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad olduğundan və iddia təmin edildiyindən iddiaçının ödəməkdən azad olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən **********20009 abonent kodu (Mənsur Eyvazov) üzrə hesablanmış 650.95 manat məbləğində borc hesabdan silinməli, ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

21. Göstərilənlərə əsаsən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********20009 abonent kodu üzrə hesablanmış 650.95 manat (altı yüz əlli manat doxsan beş qəpik) məbləğində borc hesabdan silinsin. Ödənilməmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar