Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3162/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi.
1. Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.1997-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri.
2. Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan övladı xx.xx.1997-ci il təvəllüdlü X3 “Kvadroplegik uşaq serebral iflici. Orta dərəcəli əqli subnormallıq. Anadangəlmə serebral iflicin qalıq əlamətləri” xəstəliyindən əziyyət çəkir, onun ənar şəxsin qulluğuna ehtiyyacı vardır və müddətsiz birinci dərəcəli əlildir (forma q8 arayış əlavə olunur). Övladı xx.xx.1997-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməyilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Lakin Suraxanı Rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli 5-20/2-Ş-25-099/2023 saylı cavabla bildirmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Odur ki, onun fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir.
Tərəflərin izahatları.
3. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İş materialları.
5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası Abdullayeva Sevildir.
6. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi AR MPM-nin 317-ci və 321-ci maddələrinə əsasən qəyyumun psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi və bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olması bildirilmişdir.
7. AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 “Spastik tetraplegiya. əzələ gücü 0-1 bal. Deformasiya və kontrakturalarla. Kvadroplegik uşaq serebral iflici. Orta dərəcəli əqli subnormallıq. Anadangəlmə serebral iflicin qalıq əlamətləri” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2023-cü il tarixli, 2608 №-li ekspert rəyində qeyd olunmuşdur ki, X2 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxsin doğuş zədəsi ilə anadan olması, serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi inkişaf etməməsi, bununla əlaqədar əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, həmçinin X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi “Uşaq serebral iflici. Tetraparetik forma. Tetraparez” diaqnozu ilə stasionar müalicədə olması, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, yeriyə bilməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, “Spastik tetraplegiya.əzələ gücü 1 bal. Deformasiya və kontrokturalarla, Kvadroplegik uşaq serebral iflici, Orta dərəcəli əqli subnormallıq. Anadangəlmə serebrol iflicin qalıq əlamətləri." Diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə gedişatında ağır əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar vardır. X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. X1 psixi vəziyyəti məhkəmədə iştirak etməsinə imkan vermir.
İşin faktiki halları.
9. İş materiallarında olan sənədlərə və rəyə əsasən X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 317. Ərizənin verilməsi 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
12. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
13. Belə ki, tərəfin izahatından və iş materiallarından müəyyən olunur ki, xx.xx.1997ci il təvəllüdlü X3 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Prosessual qanunvericiliyin tələblərinə görə bu hal şəxsin fəaliyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır.
Məhkəmə xərcləri.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
16. Beləliklə, məhkəmə ərizəçini dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1997-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.