Məhkəmə qərarları › İş №2(010)-318/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-318/2025

10.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-318/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ RİH) xx.xx.1986-cı il tarixli 32 saylı qərarının və həmin qərar əsasında verilmiş 02 fevral 1987-ci il tarixli 225620 orderin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tələbin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ RİH) xx.xx.1986-cı il tarixli 32 saylı qərarına əsasən Bakı şəhəri Suraxanı rayonu, Hovsan qəsəbəsi 13-Sahil qəsəbəsi (indiki İ.Əhlimanov küçəsi) 7 saylı evin, 22 saylı mənzili 02 fevral 1987-ci il tarixli 225620 saylı order əssaında ona verilmişdir. Həmin qərarın surəti dövlət arxivində öz əskini tapmışdır. Hazırda həmin mənzili özəlləşdirmək istəyir, lakin arxiv arayışında onun adı ‘‘Nizami” əvəzinə “Nizamy”, orderdə isə “Nizam” yazılaraq sonradan “i” hərfi əlavə edilmişdir. Sənədlərdə olan bu uyğunsuzluğa görə evin sənədləşdirilməsi mümkün olmamışdır. Hazırkı hüquqi faktın müəyyən edilməsi ona mənzilin özəlləşdirilməsi üçün lazımdır. Həmin qərar və order hüquqmüəyyənedici sənəddir, evin sənədləşdirilməsi üçün əsasdır və o, bunu başqa yolla təsdiq edə bilməmişdir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də onlar tərəfindən düzəliş edilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir.

Tərəflərin izahatları.

3. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, xx.xx.1960-cı ildə Ucar rayonunda anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində adı, soyadı və atasının adı Ərizəçi kimi qeyd edilmişdir. Lakin yaşadığı mənzilinə aid sənədlərdə arxiv arayışında onun adı ‘‘Nizami” əvəzinə “Nizamy”, orderdə isə “Nizam” yazılaraq sonradan “i” hərfi əlavə edilmişdir. Sənədlərdə olan bu uyğunsuzluğa görə evin sənədləşdirilməsi mümkün deyildir. Hazırkı hüquqi faktın müəyyən edilməsi ona mənzilin özəlləşdirilməsi üçün lazımdır. Odur ki, qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir.

4. Maraqlı şəxs (Maraqlı şəxsnə) məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə maraqlı şəxs (Maraqlı şəxs) nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. Bakı şəhəri Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır.

6. Qaradağ rayon xalq deputatları soveti İcraiyyə Komitəsi ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş Ərizəçi ünvanladığı "Puta kəndindəki qəzalı evlərdən sakinlərin köçürülməsi və bununla bağlı onlara yaşayış sahəsinin verilməsi" haqqında Arxiv çıxarışından müəyyən olunur ki, Rayon İH-nin Mənzil Komissiyası İcraiyyə Komitəsinə bu qərarı təsdiq etməyi tövsiyə edir. Protokol No32, «11» Xİİ.1986-cı il. İcraiyyə Komitəsi qərar verdi. X3 - ailə tərkibi 2 nəfər, Puta qəsəbəsi, N/Putinskaya küçəsi, ev 21A, mənzil 1. 2 nəfərlik ailə nümayəndəsinə, Hövsan qəsəbəsi, 13-cü Primorskaya küçəsi, ev 7, mənzil 26, blok 1, mərtəbə 9 ünvanında yerləşən 2 otaqlı mənzil verilir (arvadı 33 saylı qadın məsləhətxanasında hamiləlik üçün qeydiyyatdadır). Orderə daxildir: X3 – özü, X2 həyat – arvadı Köhnə mənzil təhvil verilsin.

7. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 3-48-2F/2-X-3843-8-4171/2024 saylı, xx.xx.2024cü il tarixli məktubundan müəyyən olunur ki, keçmiş Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) arxiv fondu üzrə xx.xx.1986-cı il tarixli 31 saylı qərarında deyil, xx.xx.1986-cı il tarixli 32 saylı qərarında olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur.

8. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasinin Miilki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Bununla əlaqədar toxunulan məsələ mübahisəli olduğundan məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur

İşin faktiki halları.

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ RİH) xx.xx.1986-cı il tarixli 32 saylı qərarına əsasən Bakı şəhəri Suraxanı rayonu, Hovsan qəsəbəsi 13- Sahil qəsəbəsi (indiki İ.Əhlimanov küçəsi) 7 saylı evin, 22 saylı mənzili 02 fevral 1987-ci il tarixli 225620 saylı orderlə ona verilmişdir. Həmin qərarın surəti dövlət arxivində öz əskini tapmışdır. Hazırda həmin mənzili özəlləşdirmək istəyir, lakin arxiv arayışında onun adı ‘‘Nizami” əvəzinə “Nizamy”, orderdə isə “Nizam” yazılaraq sonradan “i” hərfi əlavə edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını müəyyən edir. Hazırda ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ RİH) xx.xx.1986-cı il tarixli 32 saylı qərarının və həmin qərar əsasında verilmiş 02 fevral 1987-ci il tarixli 225620 orderin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı.

1.6. məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7. hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

Məhkəmənin mövqeyi.

12. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ RİH) xx.xx.1986-cı il tarixli 32 saylı qərarına əsasən Bakı şəhəri Suraxanı rayonu, Hovsan qəsəbəsi 13- Sahil qəsəbəsi (indiki İ.Əhlimanov küçəsi) 7 saylı evin, 22 saylı mənzili 02 fevral 1987-ci il tarixli 225620 saylı orderlə ona verilmişdir. Həmin qərarın surəti dövlət arxivində öz əskini tapmışdır. Lakin arxiv arayışında və orderdə onun adı ‘‘Nizami” əvəzinə “Nizam” yazılmışdır. Ərizəçi hazırda ünvan 1 ünvanında yaşayır və həmin mənzil ona məxsusdur. Məhkəməyə təqdim olunmuş orderdə və əlavə olunmuş sənədlərdə Ərizəçi əvəzinə X1 qeyd olunmuşdur.

Məhkəmə xərcləri.

14. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

15. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Hövsan qəsəbəsi, 13-cü Primorskaya küçəsi, ev 7, mənzil 26, blok 1, mərtəbə 9 ünvanında yerləşən 2 otaqlı mənzilin ayrılmasına dair Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ RİH) xx.xx.1986-cı il tarixli 32 saylı qərarının və həmin qərar əsasında verilmiş 02 fevral 1987-ci il tarixli 225620 saylı orderin xx.xx.1960-cı il təvəllüdlü “Ərizəçi” oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Hövsan qəsəbəsi, 13-cü Primorskaya küçəsi, ev 7, mənzil 26, blok 1, mərtəbə 9 ünvanında yerləşən 2 otaqlı mənzilin ayrılmasına dair Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ RİH) xx.xx.1986-cı il tarixli 32 saylı qərarının və həmin qərar əsasında verilmiş 02 fevral 1987-ci il tarixli 225620 saylı orderin xx.xx.1960-cı il təvəllüdlü “Ərizəçi” oğluna məxsus olması faktı müəyyən olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar