Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3230/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı1, onun və digər İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri, 4 saylı “Asan xidmət” Mərkəzinin notariat ofisi və Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlaka payların müəyyən edilməsi və şəhadətnamənin verilməsi tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxıb, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri, 4 saylı “Asan xidmət” Mərkəzinin notariat ofisi və Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlaka payların müəyyən edilməsi və şəhadətnamənin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, mərhum ataları X7 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və mərhumun xx.xx.2012-ci il tarixli, AB 720554 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2005 olan “Hyundai Tucson minik” markalı, **-CU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və AD 362206 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2007 olan “Hyundai İ30 minik” markalı **-RV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri miras qalmışdır. xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisinə müraciət edərək, mərhum X3 vərəsələrinin məhz onlar olduqlarını və buna görə də, miras əmlaklara hər birinin ½ hissə olmaqla paylarının müəyyən olunaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Notariat ofisi tərəfindən v-663/2019 saylı vərəsəlik işi açılmış, xx.xx.2020-ci il tarixli, 2V-239 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən mərhum atalarından miras qalmış “Hyundai Tucson minik” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və 2V-238 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən “Hyundai İ30” markalı **-RV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 1/3 hissə İddiaçı1, 1/3 hissə İddiaçı2 və 1/3 hissə Cavabdeh2 vərəsəlik payı müəyyən edilmişdir. Mərhum V.Ə.Əhmədovun üçüncü vərəsəsi olan oğlu (qardaşları) X5 2015-ci il tarixdə vəfat etmişdir. Sonuncunun vəfatı ilə əlaqədar V.Ə.Əhmədov prokurorluğa müraciət edərək, oğlunun ölümündə hazırkı iş üzrə Cavabdeh2 anası Nuranə Əhmədovanın təqsirkar olmasını bildirmiş, bu istiqamətdə araşdırma aparılmışdır. V.Ə.Əhmədov oğlu Xəyyam Əhməovun ailəsi ilə münasibətləri heç vaxt yaxşı olmamış, hətta sağlığında onların ləyaqətsiz vərəsə elan olunması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. V.Ə.X6 arvadı və uşaqları ilə daima söz-söhbət, münaqişə içərisində olmuş, onların ağır xəstəlikdən əziyyət çəkən Xəyyam Əhmədovu evdə köməksiz qoyub uzun müddət evi tərk etmələrini, oğlunun ölüm səbəblərindən biri hesab etməklə bunu öldüyü günədək onlara bağışlamamışdır. Belə ki, cavabdeh və anası mərhum Xəyyam Əhmədovu ağır vəziyyətdə evdə qoyaraq onu tərk etmiş, ona qulluq etməmiş, nəticədə İddiaçı2 köməksiz vəziyyətdə qalaraq vəfat etmişdir. Buna görə də, V.Ə.Əhmədov oğlunun ölümündə cavabdeh Xanım Əhmədov və anasını təqsirkar bilmişdir. Belə olduğu halda bu şəxsin vərəsə olması və miras əmlakdan pay alması qanunsuz və əsassızdır. Ona görə də, hazırkı iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin məzmununa uyğun izahat verib, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəfin vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəlillərini müdafiə edib, cavabdeh tərəfin miras qoyana qarşı qərəzli hərəkətlər etməsinin tərəflər arasında əvvəllər qəbul edilmiş məhkəmə aktları ilə sübut olunduğunu bildirərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili X10 iddia tələbinə etiraz edərək tələbin dəlillərinin əsassız oldğunu, ona görə də, təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinin surətinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Bakı şəhəri, 2 saylı Bakı “ASAN xidmət mərkəzi” nin notariusuna, Bakı şəhəri, 5 saylı Bakı “ASAN xidmət mərkəzi” nin notariusuna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə, X2 və X4 qarşı qanuni vərəsə olmaq hüququnun tanınması və miras əmlakda payların bərabər müəyyən edilməsi və verilmiş vərəsəlik şəhadətnamələri əsasında verilmiş çıxarışların ləğvinə dair iddia tələbi rədd edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmünün sürətinə əsasən təqsirləndirilən şəxs X8 xx xxxxxx 2014-cü il tarixdə təsis etdiyi Yeni-Era.Az MMCnin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə ələ keçirmək məqsədilə, 2015-ci ilin oktyabr ayında Bakı şəhər sakini zərər çəkmiş şəxs X7 mərhum övladı Xəyyam Əhmədovun ölümü ilə bağlı faktın araşdırılaraq müvafiq qaydada cinayət işi başlanılması və sonuncunun arvadı X1 cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı köməklik göstərilməsi üçün müraciət edərkən, ona özünün mülki və cinayət işləri üzrə vəkil və nümayəndə kimi hüquqi xidmət göstərdiyini, məhkəmə və prokurorluq orqanlarında yüksək vəzifəli şəxslərlə tanışlığının olmasını, onların vasitəsilə həmin məsələnin həllini, eləcə də Nuranə Əhmədovanı məhkəmədə müvafiq qaydada mülki iddia qaldırılmaqla ləyaqətsiz vərəsə elan etdirəcəyini yalanan bildirib, aralarındakı yaxın münasibətlərə görə, ona olan inam və etimaddan istifadə etməklə zərərçəkmiş şəxs Valeh Əhmədovdan ümumilikdə 12000 manat pul almaqda ittiaham edilmiş və ümumilikdə ona 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 2 V – 238,239 № li vərəsəlik işindən müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2019 tarixdə ölmüş X3 vərəsələrindən biridir və o buraxılış ili 2007 olan HYUNDAİ 130 minik markalı ** RV *** dövlət nişanlı və buraxılış ili 2005 olan HYUNDAİ TUCSON minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyat vasitələrin pay hüququ vardır. Beləliklə işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, həm iddiaçılar, həm də cavabdeh notarial sənədlərə əsasən mərhum X3 vərəsələridirlər. İddiaçılar hesab edirlər ki, cavabdehin anası mərhum qardaşlarına lazımi qulluq etmədiyinə görə o vəfat etmiş və bu səbəblə də, mərhum atalarının əmlakına cavabdehin qızı ləyaqətsiz vərəsə hesab edilməlidir. Çünki, cavabdehin anası həyat yoldaşı olan mərhum qardaşlarına lazımi qayğı göstərmədiyinə görə o ölmüş, və miras qoyan ataları da bu hadisəyə görə cavabdehin anasını ittiham etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. - 1139-cu maddəsinə görə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. - 1142-ci maddəsinə görə əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur. Qeyd edilən maddi hüquq normalarına nəzər saldıqda müəyyən edilir ki, iddia tələbinin dəlilləri əsassızdır. Belə ki, hazırkı mübahisədə cavabdeh tərəfin miras qoyana qarşı hər hansı qanuna zidd əməl törətməsi halı müəyyən edilmir. Bundan başqa, iddia ərizəsinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, işə əlavə edilmiş notariat işindən müəyyən edildiyi kimi, miras payı əldə etmiş şəxs Nuranə Əhmədova yox, onun qızı Cavabdeh2dır. Bu fakta MM-nin 1137-ci maddəsinin tələbləri baxımından nəzər saldıqda, Nuranə Əhmədovanın hər hansı qanunsuz hərəkəti nəticəsində onun qızı Cavabdeh2 miras pay əldə etməsi işin halları ilə müəyyən edilmir. Deməli, iddia tələbi qeyd edilən maddənin şərtləri baxımından əsaslı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd edilən maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 4 saylı "Asan xı̇ dmət" Mərkəzinin notariat ofisi və Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlaka payların müəyyən edilməsi və şəhadətnamənin verilməsi tələbinə dair iddiaları təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3230/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3230/2020
16.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver