Məhkəmə qərarları › İş №2(010)-3260/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3260/2024

17.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3260/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) abunə kodunun adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – "xxxx" ASC) qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı abunə kodunun adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən **********300000 nömrəli abunə kodunun adının dəyişdirilərək onun adına keçirilməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində olan 0.02 ha torpaq sahəsində yerləşən 1 mərtəbədən ibarət olan 3 otaqlı fərdi yaşayış evində elektrik sayğacı X3 adınadır. M.Osmanova yuxarıda qeyd olunan fərdi yaşayış evinə köçürülməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış, lakin iddia təmin edilməmişdir. M.Osmanova həmin qətnamədən apellyasiya şikayəti versə də, şikayət təmin edilməmişdir. O, elektrik sayğacını öz adına keçirmək üçün "xxxx" ASC-yə müraciət etsə də, rədd cavabı almışdır. "xxxx" ASC-dən bildirilmişdir ki, **********300000 nömrəli abunə kodunun adının dəyişdirilməsi ilə bağlı müraciətə "xxxx" ASC-də baxılmışdır və təqdim edilmiş sənədlər əsasında həmin abunə kodunun adının dəyişdirilməsi mümkün deyildir. Məhkəmə qərarlarına görə M.X.Osmanovanın həmin evə heç bir aidiyyəti olmadığından və evdə özü yaşadığından elektrik sayğacının abunə kodunun adının dəyişdirilməsi zəruridir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, evin yerləşdiyi torpağın sənədi var və həmin torpaqda ev tikilmişdir. Həmin evi onlara atası vermişdir. Qardaşının toyu ilə əlaqədar olaraq o, uşaqlarla birlikdə rayona getmişdir. Həyat yoldaşı o, rayonda olan zaman saxta yollarla evi ondan xəbərsiz satmışdır. O, üç uşaqla rayondan gələndən sonra evə girmiş və orada yaşamağa başlamışdır. Daha sonra məhkəmə qətnaməsi ilə qanunsuz tikili olan həmin evə köçürülmüşdür. Lakin işığın sayğacı həyat yoldaşı evi kimə satmışdırsa, həmin şəxsin, yəni Osmanova Mayanın adında qalmışdır. Osmanova Maya onun evinə köçürülmə ilə bağlı məhkəmədə iddia qaldırmış, lakin onun iddiası təmin olunmamışdır. O, həmin qətnamədən apellyasiya şikayəti versə də, şikayət təmin edilməmişdir. Hazırda o, həmin evdə yaşadığı üçün abunə kodunun adının dəyişdirilməsi zərurəti yaranmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, abunə kodunun adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı işlərə inzibati məhkəmədə baxılmalı olduğundan, hazırkı mübahisəyə baxıla bilməz. Abunə kodu hazırda üçüncü şəxs kimi prosesə cəlb edilmiş Maya xanımın adınadır. İstehlakçı kimi müqavilə münasibətlərində Maya xanımın adı qeyd olunmuşdur. Məhz bu səbəbdən də, abunə kodu Maya xanımın adınadır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1495/2023 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X3 cavabdehlər X7, İddiaçı və X4 qarşı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində 0.02 ha torpaq sahəsində yerləşən 1 mərtəbədən ibarət olan 3 otaqlı 6093 saylı fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 5827/2023 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X3 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-1495/2023 saylı qətnaməsi iddiaçı X3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən müəyyən olunur ki, təqdim edilmiş sənədlər əsasında **********300000 nömrəli abunə kodunun adının dəyişdirilməsinin mümkün olmadığı bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “Elektrik enerjisindən istifadə” Qaydaları Maddə 1.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı; Maddə 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Maddə 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar; 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, **********300000 nömrəli abonent kodunun təhkim edildiyi (verildiyi) ünvan hal hazırkı statusuna görə özbaşına tikilidir. Özbaşına tikilidə yaşayış mövcuddur. Həmin tikilidə faktiki olaraq iddiaçı yaşayır. Özbaşına tikilidə elektrik enerjisindən faktiki olaraq iddiaçı istifadə edir və “Elektrik enerjisindən istifadə” Qaydalarının 1.1-ci maddəsinə əsasən məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı (məişət abonenti (əhali)) məhz iddiaçıdır. Enerjitəchizatı müəssisəsi Qaydaların tələblərinə görə müvafiq müqaviləni real istehlakçı ilə bağlamağa və abonent kodunu real istehlakçının adına dəyişdirməyə borcludur. Digər tərəfdən, həmin ünvanda istehlak olunan elektrik enerjisinə görə ödənişlər məhz iddiaçı tərəfindən icra edilir. Enerjitəchizatı müəssisəsi ilə müqavilə bağlamış şəxs isə nə o ünvanda yaşayır, nə də ki həmin xidmətdən istifadə edir. Bundan başqa, yuxarıda adı qeyd olunan Qaydaların 9-cu maddəsi istehlakçının məsuliyyətini müəyyən edir. Hazırda öncəki abonent yaşamadığı tikilidə istifadə edilən elektrik enerjisinə görə borcu ödəmədiyi kimi, istehlakçı kimi həmin ünvanla bağlı heç bir məsuliyyət daşımır. Gələcəkdə hər hansı qanun, yaxud qaydaların pozuntusu baş verərsə, enerjitəchizatı müəssisəsi vurulacaq zərəri real istehlakçıdan deyil, aktuallığını itirmiş müqavilə üzrə istehlakçıdan tələb etməyəcək. Edəcəyi halda belə, üçüncü şəxs kimi hazırkı mülki işə cəlb edilmiş tərəf faktiki olaraq həmin ünvanda yaşamadığını, elektrik enerjisindən iddiaçının istifadə etdiyini və məsuliyyəti də iddiaçının daşımalı olduğunu bildirəcək. Göründüyü kimi, istər iddiaçının, istər enerjitəchizat müəssisəsinin mənafeyi baxımından, istər EEİQ-nin tələbləri baxımından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstehlakçıların hüquqlarının pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. İddia tələbi təmin olunduğundan ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, **********300000 nömrəli abunə kodunda abonentin adının dəyişdirilərək İddiaçı kimi qeyd edilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalı, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. **********300000 nömrəli abunə kodunda abonentin adının dəyişdirilərək İddiaçı kimi qeyd edilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar