Məhkəmə qərarları › İş №2(010)-3303/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3303/2020

28.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3303/2020 28.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış “Mövcud borcun etirafı haqqında” müqavilənin etibarsız əqd hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə əvvəldən tanış olmuşdur. Ondan 3100 manat ehtiyacı olduğu üçün borc almışdır. Cavabdeh onu məcbur edərək notariat kontoruna apararaq onunla borc müqaviləsi bağlatdırmışdır. Onlar aralarında mövcud borcun etirafına dair cavabdehin təkidi ilə və təzyiqi ilə müqavilə bağlamışlar. Sonradan məlum olmuşdur ki, müqavilədə borc 31000 manat kimi qeyd olunub. Bu barədə cavabdehə məlumat vermiş, cavabdeh ona “sən aldığın borcu qaytar mən müqaviləni ləğv etdirəcəyəm” demişdir. Bir müddət sonra borcunu cavabdehə qaytarmış, lakin cavabdeh hazırda ondan 31000 manat borcu tələb edir. Ona görə də, hazırkı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Digər cavabdeh 37 saylı Dövlət Notariat Kontoru məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ərizə ilə müraciət edərək, iddiaçının məhkəməyə gəlməməsinin səbəbinin məhkəmə prosesinin uzadılması olduğunu bildirib, işə onun iştirakı olmadan mahiyəti üzrə baxılıb nəticə verilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, hazırkı iddia tələbini irəli sürən İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək yerinə icra prosesinə maneə törətmək, onun icrasını qanunsuz əsaslarla dayandırmaq, icra orqanının fəaliyyətinə mane olmaq məqsədi güdür, iddia tələbi formal mülahizələrə əsaslanır. Ona görə də iddia rədd edilməlidir. Cavabdehin izahatını dinləyən, məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Borclu İddiaçı ilə borc verən Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli Mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən görünür ki, borclu borc verənə 31000 manat borcunun olduğunu etiraf etmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 xeyrinə 31000 manat tutulması qət edilmişdir. Məhkəmə hazırkı iddia tələbini qanuni və əsaslı hesab etmir. Belə ki, işə əlavə edilmiş məhkəmə qətnaməsindən müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi müqavilə üzrə qeyd edilən məbləğin ondan cavabdehin xeyrinə tutulması qət edilmişdir. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmərəliliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi formal mülahizələrə əsaslanmışdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar