Məhkəmə qərarları › İş №2(010)-3311/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3311/2021

01.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3311/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı X1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcunun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X5 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sayğacı quraşdırılmadan əvvəl 30.12.2006-cı -12.03.2011-ci dövrünü əhatə edən və orta sərfiyyat məbləği kimi hesablanmış 1130,88 manat borcun əsassız hesab edərək silinməsinə və qalıq borcun yeni quraşdırılan smart-tipli sayğaca vurulmuş məbləğdən 2-də 1-i miqdarında çıxılmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 079B-da yaşayır. 2011-ci ildə qeyd edilən yaşayış evinə cavabdeh "xxxx" ASC (sələfi Bakı elektrikşəbəkə ASC) əməkdaşları tərəfindən sayğac quraşdırılmışdır. Sayğacın quraşdırıldığı həmin tarixə qədər sərfiyyatı hesablamaq üçün "xxxx" ASC (sələfi Bakı elektrikşəbəkə ASC) əməkdaşları yalnızca öz iştiraklarıyla orta sərfiyyat kimi 1.130,88 AZN məbləğ təyin etmiş və həmin məbləği borc kimi qeydə almışdır. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla iddiaçıya hesablanmasını soruşanda, cavabdeh iddiaçıya heç bir əsaslı səbəb göstərə bilməmişdir. Müştəriyə (yəni iddiaçıya) həmin borcun yazılması absurddur. Çünki məhkəməyə təqdim edilən abunəçinin borc cədvəlindən də göründüyü kimi həmin yaşayış evində daimi yaşayış olmamışdır. Xüsusən sayğacın quraşdırıldığı gündən sonra bəzi aylarda (11.09.2018-22.05.2020 periodunda) sərfiyyatın 0-a bərabər olması daimi yaşayışın olmamasını sübut edir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sayğacı quraşdırılmadan əvvəl 30.12.2006-cı -12.03.2011-ci dövrünü əhatə edən və orta sərfiyyat məbləği kimi hesablanmış 1.130,88 manat borcun əsassız hesab edərək silinməsinə və qalıq borcun yeni quraşdırılan smart-tipli sayğaca vurulmuş məbləğdən 2-də 1-i mindarında çıxılmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sayğacı quraşdırılmadan əvvəl 30.12.2006-cı -12.03.2011ci dövrünü əhat edən və orta sərfiyyt məbləği kimi hesablanmş 1.130,88 manat borcun əsassız hesab edərək silinməsinə və qalıq 1252.59 manat borcun yeni quraşdırılan smarttipli sayğaca vurulmuş məbləğdən 2-də 1-i miqdarında çıxılmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddiaya etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan **********B0000 kodlu abonent bildirişindən görünür ki, X3 "xxxx" ASC-yə 2.383.47 manat borcu vardır. Həmin borclar sayğacın oxunması, limitdən artıq sərfiyyata dair aktlara görə müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abunə haqqında saldodan görünür ki, 30.12.2006-cı il tarixdən 22.05.2021-ci il tarixədək 229.10 manat məbləğində ödəniş olunmuşdur. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 18 saylı qərarının 4.1.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Həmin qərarın 8.2.-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qərarın 8.4.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Bu qərarın 8.7.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir. Enerjitəchizatı müəssisəsi yazılı məlumat verdikdən sonra dövlət elektroenergetika müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında enerjitəchizatı müəssisəsinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə təyin olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərtilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məçəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Eyni Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Göründüyü kimi cavabdeh istehlak etdiyi elektrik enerjisinə görə müəyyən edilmiş ödənişləri vaxtında həyata keçirmədiyi üçün, iddiaçı qarşısında pul öhdəliyi yaranmışdır. Abonent kartından məlum olur ki, abonent kodu **********B0000, müqavilə nömrəsi 199626, tarixi 18.12.2006, müqavilə vəziyyəti aktiv olan İddiaçı elektrik enerjisi sərfiyatına görə 30.12.2006-cı ildə 22.05.20221-ci il tarixədək 2,383,47 manat məbləğində borc hesablanmışdır. Öhdəliklərin xitamı üçün müddətləri nəzərdə tutan Mülki Məcəllənin 551.2-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1-ci maddəyə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 2021-ci ilin may ayının 21-ci günündə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi abonent kartı üzrə borc 21.05.2016-cı il tarixindən hesablanmalıdır. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, "xxxx" ASC-nin iddiaçıdan abonent kartı üzrə hesablanmış borc məbləği 2383,47 manat olsa da, hazırkı tələbə kəsici müddət tətbiq etməklə işdə olan abonent kartı üzrə son 5 il üzrə aparılmış hesablamalarla cavabdehin elektrik enerjisi sərfiyyatına görə yaranan borcu 296,62 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən, 296,62 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X1 296,62 (iki yüz doxsan altı manat altmış iki qəpik) manat məbləğində borc pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar