Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3315/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Süleyman oğluna (onun nümayəndəsi Nümayəndə) və Cavabdeh2 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzildən yaşayış sahəsinin ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 Süleyman oğluna (onun nümayəndəsi Nümayəndə) qarşı iddia ərizəsi ilə müraciət edərək, onun razılığı olmadan qanunsuz satılmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, ona və uşaqlarına həmin mənzildən yaşayış sahəsinin ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi ev 20 mənzil 24-də yerləşən mənzilə dair Cavabdeh1 Süleyman oğlu ilə Cavabdeh2 arasında bağlanmış 16 fevral 2020-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılmasını, ona və uşaqlarına həmin mənzildən yaşayış sahəsinin ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, 2005-ci ildə Cavabdeh1 Süleyman oğlu ilə ailə qurmuş və Bakı şəhəri, Suraxanı rayonu, M.Mustafayev küçəsi ev 20, mənzil 24-ə gəlin köçmüşdür. 2006-cı ildə qızı X3, 2008-ci ildə isə oğlu X4 həmin mənzildə anadan olmuşlar. O, iki uşağı ilə birlikdə həmin mənzildə qeydiyyata alınmışlar. 2011-ci ildə isə həmin mənzili onun razılığı ilə keçmiş həyat yoldaşı Cavabdeh1 Süleyman oğlunun adına özəlləşdirmişlər. 2005-ci ildən 2015-ci ilədək, yəni 10 il ərzində iki uşağı və keçmiş həyat yoldaşı ilə birlikdə həmin mənzildə yaşamışdır. 2015-ci ildə keçmiş həyat yoldaşının əyyaş olması səbəbindən ondan boşanmış və iki uşağı ilə birlikdə evi tərk edərək atasının evinə sığınmışdır. Boşandıqdan təxminən iki il sonra keçmiş həyat yoldaşı sərxoş vəziyyətdə adam öldürmüş və 14 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan istifadə edən keçmiş qaynanası Nümayəndə onu və iki uşağını qanunsuz olaraq həmin mənzildən qeydiyyatdan çıxararaq mənzili Cavabdeh2 satmışdır. Bundan xəbər tutandan sonra o, Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(103)-7049/2020 saylı qətnaməsi ilə onun həmin mənzildən istifadə hüququ bərpa edilmişdir. Mübahisəli ev əvvəllər qaynanasına məxsus olmuş, belə ki həmin evi ona yaşamaq üçün iş yerindən vermişlər. Sonra isə həmin ev ilkin olaraq Cavabdeh1 Süleyman oğlunun adına rəsmiləşdirilmişdir. Hazırda həmin ev qanunsuz olaraq alqı-satqı müqaviləsi əsasında satıldığından alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını və həmin mənzildən ona və azyaşlı övladlarına payın ayrılmasını xahiş etmişdir. Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, o, Qarabağ müharibəsi veteranıdır və oğlu da 44 günlük Qarabağ müharibəsində iştirak etmişdir. O, İddiaçı və Nümayəndə əvvəldən tanımamışdır. Belə ki, 16 fevral 2020-ci ildə alqı-satqı yolu ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi ev 20, 24 saylı mənzili Cavabdeh1 Süleyman oğlundan almışdır. Mübahisəli mənzil onun mülkiyyətində olsa da, Bakı Apellyasiya Məhkəməsi iddiaçının və onun azyaşlı övladlarını istifadə hüququnu tanımışdır. Hazırda onun tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir. O iddia tələbini qəbul etmir, belə ki, vicdanlı alıcıdır və notariat orqanında qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəyərək alqı-satqı etmişdir. Hazırda iddiaçı tərəfindən qaldırılan iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(103)-7049/2020 saylı qətnaməsinin surətindən görünür ki, Suraxanı rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə- iddiaçı Cavabdeh1 Süleyman oğlunun cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiasının rədd edilməsi və həmin qətnamənin İddiaçı Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi ev 20-də yerləşən 24 nömrəli mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılmasına aid hissədə ləğv edilmişdir, iddiaçı Cavabdeh1 Süleyman oğlunun cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiası rədd olunmuşdur. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 19 avqust 2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı, Cavabdeh1 Süleyman oğlu qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Süleyman oğlu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi ev 20, 24 saylı mənzili Cavabdeh2 satmışdır. İş materiallarına əlavə olan Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 1398 nömrəli sərəncamın surətindən müəyyən olunur ki, vətəndaş Nümayəndə ailə tərkibi 4 nəfər olmaqla Balaxanı qəsəbəsi, 6-cı mədən, 6M nömrəli evin 20 saylı mənzilində pasport qeydiyyatındadır və yaşayır, Nümayəndə Sabunçu RİH-nin 20 mart 1992-ci il tarixli 6/20 saylı sərəncamı ilə ailə tərkibi 4 nəfər olmaqla güzəştli əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Əmircan qəsəbəsi, Bazar küçəsi, 20 saylı evin, blok 4, mərtəbə 3, yaşayış sahəsi 37.04 kv.m olan 3 otaqlı 35 saylı mənzilin vətəndaş Nümayəndə ailəsinə 4 nəfər olmaqla verilməsinə dair Abşeron Qİİ-nin müdriyyəti və HİK-nin xx.xx.1997-ci il tarixli 19 saylı qərarı təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi ev 20, mənzil 24 Cavabdeh1 adına xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadin əldə etdikləri əmlak onlarin ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Bu Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Qeyd edilən Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında Mənzil X1” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunur ki, ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qeyd olunan qanunvericilik normalarının mənasından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli Qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1.-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3.-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bu Məcəllənin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu Məcəllənin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarında qeyd olunur ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2005-ci ildə Cavabdeh1 Süleyman oğlu ilə ailə qurmuş və həmin nikahdan iki övladları doğulmuşdur. İddiaçı iki övladı ilə birlikdə həmin mübahisəli mənzilə qeydiyyata alınmışlar. İddiaçı ilə Cavabdeh1 Süleyman oğlu arasında bağlanmış nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. Mübahisəli mənzil Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 1398 nömrəli sərəncamına əsasən yaşamaq üçün vətəndaş Nümayəndə ailəsinə verilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi ev 20, mənzil 24 Cavabdeh1 adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Sonradan xx.xx.2020-ci il tarixdə Cavabdeh1 Süleyman oğlu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi ev 20, 24 saylı mənzili Cavabdeh2 satmışdır. Hazırda mənzil Cavabdeh2 mülkiyyətindədir. Qeyd edilməlidir ki, yaşayış sahəsinin hazırda Cavabdeh2 mülkiyyətində olması və cavabdehin həmin mənzildə yaşaması məhkəmə araşdırılması zamanı mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq cavabdehin mübahisəli mənzilin mülkiyyətçisi olması mövcudluğunu qəbul edir. Yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil sərəncam əsasında yaşamaq üçün iddiaçının qaynanası Nümayəndə və onun ailə üzvlərinə verilmişdir. Sonradan mənzil iddiaçının həyat yoldaşının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, həmin əmlak ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmamışdır. Tərəflər arasında bağlanmış nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. Məhkəmə hesab edir ki, mənzilin alqı-satqısına dair müqavilədə həm alıcı, həm də satıcı tərəfin iradə ifadəsi mövcud olduğundan, hər iki tərəf anlaqlı olduqlarından, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olduğundan, onlar tərəfindən həmin alqı-satqı müqaviləsi mübahisələndirilmədiyindən, o cümlədən iddiaçının həmin mənzilə istifadə hüququnun mövcudluğu, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün əsas hesab edilmədiyindən iddiaçının iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Süleyman oğluna (onun nümayəndəsi Nümayəndə) və Cavabdeh2 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzildən yaşayış sahəsinin ayrılması” tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Süleyman oğluna (onun nümayəndəsi Nümayəndə) və Cavabdeh2 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzildən yaşayış sahəsinin ayrılması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3315/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3315/2022
10.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver