Məhkəmə qərarları › İş №2(010)-3319/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3319/2024

30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3319/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 6 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətə əsasən X1 barədə Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 619 saylı sərəncamının təsdiq edilmiş ksero surəti Ərizəçi göndəilmişdir. Məktuba əlavə olunmuş həmin sərəncamdan görünür ki, Ərizəçi ata adı sərəncamda “Hüseynqulu” kimi göstərilmişdir.

2. Krasnoselsk rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1962-ci il tarixdə verilmiş ЗЖ 531831 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə doğulmuşdur. Ata qrafasında X2, ana qrafasında X3 göstərilmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998ci il tarixli 619 №-li sərəncamda ata adında düzəliş edilməsinə köməklik göstərilməsi haqqında ərizəyə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.5 əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının və hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə qaydasında baxıldığından müraciətin müsbət həlli RİH-in səlahiyyətləri xaricindədir.

4. Krasnoselsk rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş İİİ-СЛ 378327 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid1 xx.xx.1961ci ildə doğulmuşdur. Ata qrafasında X2, ana qrafasında X3 göstərilmişdir.

5. Krasnoselsk rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş İİİ-СЛ 378328 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 xx.xx.1963cü ildə doğulmuşdur. Ata qrafasında X2, ana qrafasında X3 göstərilmişdir.

İşin faktiki halları

6. Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 619 №-li sərəncamda Ərizəçi ata adının “Hüseynqulu” kimi qeyd olunması işin mübahisəsiz hallarıdır.

Ərizəçinin tələbi

7. Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müracit edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 619 №-li 12 may 1998-ci il tarixli torpaq sahəsinə dair Sərəncamının - hüquqmüəyyənedici sənədin ona aid olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

8. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

9. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanlara uyğun izahat verərək və ərizəni müdafiə edərək bildirdi ki, atasının adı Hüseyndir, bəzi sənədlərdə Hüseynqulu yazılıb. Hazırda Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamda ata adı Hüseyn olduğu halda, Hüseynqulu kimi yazılıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, onun atasının adı Hüseyn, babasının adı isə Vəlidir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, onun atasının adı Hüseyndir, lakin Sərəncamda səhvən Hüseynqulu yazılıb.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

13. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Məhkəmənin mövqeyi

14. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır.

15. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi ata adı doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində “Hüseyn”, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 619 №-li Sərəncamda isə texniki səhv nəticəsində “Hüseynqulu” kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, bu hal həm iş materiallarındakı sənədlərlə, həm də ərizəçinin qardaşlarının məhkəmə iclasında şahid qismində verdiyi ifadə ilə öz təsdiqini tapmışdır.

Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 619 №-li Sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 619 №-li Sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar