Məhkəmə qərarları › İş №2(010)-3323/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3323/2021

21.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3323/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X1, Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 38945 saylı abonent İddiaçı tələb olunan 4086 manat borcun Cavabdeh ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Kirov küçəsi, “Qumadası” NQÇİ-nin MTJN-nin qarşısında yerləşən qeyriyaşayış sahəsindəki emalatxana ona məxsusdur. 15.09.2018-ci il tarixində Şamaxı rayonu Şərədil kənd sakini olan X2 vəfat etməsi səbəbindən tanışı X5 ilə birlikdə Şamaxı rayonu Şərədil kəndinə getmiş və 15.09.2018-16.09.2018-ci il tarixində dəfn mərasimində iştirak etmişdir. Bakı şəhərinə qayıdan zaman bəlli olmuşdur ki, "Cavabdeh”ASC Suraxanı Sukanal İdarəsinin əməkdaşları ona məxsus olan emalatxanaya gəlmiş və 4086 manat cərimə hesablamışlar. Səbəbini araşdıran zaman aydın olmuşdur ki, emalatxananın qonşuluğunda yaşayan X8 ərazidə iki gün suyun olmayacağı ilə bağlı məlumatdan narahat olaraq, özünün su saxlamaq üçün su çəni olmadığından ona məxsus olan emalatxanada istifadə olunan, hamı üçün əl çatan yerdə olan su çəninə su doldurmuşdur ki, sonradan istifadə edə bilsin. Bununla bağlı olaraq Cavabdeh ASC-nin əməkdaşları tərəfindən video çəkiliş aparılmış və akt tərtib olunmuşdur. O, borcla bağlı Cavabdeh ASC-yə müraciət edərkən ona Cavabdeh ASC-nin əməkdaşları bildirmişlər ki, onun işlətdiyi qeyri-yaşayış sahəsində (emalatxana) kənar xəttdən istifadə olunmuşdur. Həmin xəttdən o istifadə etməmiş, həmin xətt X6 məxsus olmuşdur. Belə olan halda cavabdeh tərəfindən hesablanmış borc məbləğinin əsassız olduğu və həmin məbləğin silinməli olduğunu bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) X7 iddiaçının izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus emalatxanaya baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçı qanunsuz olaraq saygacdan kənar xəttdən istifadə etmişdir. Bununla bağlı olaraq video çəkiliş aparılmış və akt tərtib olunmuşdur. Həmin akt əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavəsinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcmi müəyyən edilmiş və itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətində cədvələ əsasən hesablanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin Cavabdeh ASC-yə qarşı qaldırılması əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş üzrə şahid X8 ifadə verərək bildirmişdir ki, televizor vasitəsilə Suraxanı rayon ərazisində 15-16 sentyabr 2018-ci il tarixlərdə su olmayacağı barədə elan verilmişdir. O iki gün ərzində su olmayacağından ehtiyat edərək öz həyətinə gələn sudan emalatxananın çənini doldurmuşdur ki, həmin sudan istifadə edə bilsin. O bilməmişdir ki, bununla bağlı olaraq akt tərtib olunaraq iddiaçı cərimələnəcək. İş materiallarında olan Cavabdeh ASC tərəfindən tərtib olunmuş üzləşmə aktından müəyyən olunur ki, f/ş İddiaçı su və çirkab su üçün 4077.47 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş 15.09.2018-ci il tarixli, 10088 saylı inventar aktından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsində (emalatxana) d20 mm-lik xətt vasitəsi ilə suyun sayğacdan kənar qeyri-qanuni istifadə olunduğunu aşkar olundu. Aşkar olunmuş kənar xətt kəsilərək ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şərədil kənd inzibati Ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 84 saylı arayışdan müəyyən olunur ki, İddiaçı 15-16 sentyabr 2018-ci il tarixdə Şamaxı rayonunun Şərədil kəndində dəfn mərasimində olmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdehlər X6 və Suraxanı Sukanal İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Kirov küçəsi “Qumadası” NQÇİ-nin MTJN-nin qarşısında yerləşən qeyri-yaşayış sahəsinə (emalatxana) tərtib olunmuş 15 sentyabr 2018-ci il tarixli, 10088 saylı inventar aktnın ləğv edilməsinə və qüsur aktının digər cavabdeh X4 barəsində tərtib olunmasına dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, iddiaçının su xəttinə sayğacdan kənar qoşulması halı ilk növbədə onun və cavabdehlərin məhkəmə iclasında verdiyi izahatlarla, şahid ifadələri ilə və işə əlavə edilən sənədlərlə öz təsdiqini tapır. Başqa sözlə, sayğacdan kənar su xəttinin mövcudluğu işin mübahisəsiz halıdır. Belə olan halda, cavabdeh təşkilatın əməkdaşları tərəfindən kənar xətdin aşkar edilməsinə və ləğv edilməsinə görə tərtib edilmiş akt əsaslı olmuşdur. Ona görə də, həmin aktın ləğv edilməsi barədə tələb əsaslı deyildir. Belə ki, aktın ləğv edilməsi kənar qoşulma faktının olmaması anlamına gəlir, hansı ki, yuxarıda qeyd edilən kimi kənar qoşulma faktı işin mübahisəsiz halları ilə təsdiq edilir. Ona görə də, iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia tələbinin qüsur aktının digər cavabdeh X4 barəsində tərtib edilməsi hissəsi də əsassızdır. Belə ki, su təchizatı ilə təmin etməni tənzimləyən qanunun müddəalarından bəlli olur ki, istehlakçıları su ilə təchiz edərkən supaylayıcı mülkiyyətçi ilə müqavilə münasibətlərinə girir və bu münasibətlərdən doğan hüquq pozuntuları zamanı da qüsur aktları və maliyyə sanksiyaları mülkiyyətçinin barəsində tərtib edilir. Ona görə də, məhkəmə qüsur aktının cavabdeh X8 barəsində tərtib edilməsi tələbini əsassız sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «Sudan istifadə qaydaları»nın 1.6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qanunun 1.7-ci maddəsinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Həmin Qanunun 2.1.6-cı maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 2.1.9-cu maddəsinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavəsinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətində cədvələ əsasən hesablanır. Həmin əlavənin 3.1.1.-ci maddəsinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-nin hüququdur. Beləliklə də, işin faktiki halları ilə müəyyən olur ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində (emalatxana) su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edilmiş və bu səbəbdən də abonentə borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə məhkəmə tərəfindən tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində (emalatxana) sayğacdan kənar sudan qeyri-qanuni istifadə olunduğunu üçün cavabdehin nümayəndələri tərəfindən akt tərtib olunmuşdur. İddiaçı saygacdan kənar xəttdən istifadə olunmasını və həmin xəttin onun tərəfindən deyil, X8 tərəfindən çəkilməsini və istifadə edilməsini iddia etsə də, həmin xətt dolayı yolla emalatxanın istifadəsi üçün nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar