Məhkəmə qərarları › İş №2(010)-3333/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3333/2024

06.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3333/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona işığa görə əsassız hesablanmış 130 manat borcun silinməsi və köhnə borc kimi - Barmek borcu adlandırılan 346.01 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında işığın alqı-satqısı müqaviləsi imzalanaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yeni SMS tipli işıq sayğacı quraşdırılmışdır. 2023-cü il tarixdə ona 130 manat məbləğində borc hesablanmışdır. SMS tipli sayğaca heç cürə müdaxilə etmək olmur. Bu borc hansı səbəbdən yaranması ona məlum deyildir. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona bunun səbəbini bilmədiyini bildirərək ya borcun ödənilməsini, yada ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi məsləhət etmişlər. Bundan əlavə köhnə borc kimi - Barmek borcu adlandırılan 346.01 manat borc onun adına hesablanmışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Bundan başqa cavabdeh təşkilat işıq sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirməmiş və heç bir əsas olmadan ona cərimə hesablamışdır. Aralarında bağlanmış müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasını zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməmişdir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Akt tərtib olunarkən bu prosedur qaydaların heç birinə əməl olunmamışdır. Elektrik enerjisindən quraşdırılmış elektrik sayğacından kənar istifadə olunması barədə onlarda heç bir mötəbər sübut yoxdur və bu günkü tarixədək olan dövr ərzində tərəfindən vaxtlı-vaxtında istifadə etdiyi elektrik enerjisinə görə ödənişlər edilmişdir. Hesab edir ki, ona işığa görə əsassız hesablanmış 130 manat borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Həmçinin köhnə borc kimi - Barmek borcu adlandırılan 346.01 manat borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, onların yaşadığı evdə 5 ildən artıqdır ki, smart tipli sayğac quraşdırılmış və hər ay onun tərəfindən ödəniş olunur və ödənişə əsasən də elektik enerjisindən istifadə edir. Lakin həmin borc öz-özünə gah artır, gah da azalır. Hal-hazırda onun telefonuna gələn mesaja görə borc 114.46 manat təşkil edir. Bununla bağlı olaraq dəfələrlə "xxxx" ASC-yə müraciət etmiş və cavabdeh təşkilatın nümayəndələri bunun səbəbini bilmədiklərini bildirmişlər. Bundan əlavə Barmek borcu adlandırılan 346.01 manat borcu da ondan əsassız tələb edirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

İş materialları.

5.Şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatındadır.

6. Abunə Haqqında bildirişdən görünür ki, İddiaçı adına quraşdırılmış **********20003 saylı abonent kodu üzrə sayğaca görə 114,46 manat, barmek 346,01 manat borc yazılmışdır.

İşin faktiki halları.

7. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə abonent kodu İddiaçı adına verilmişdir. Həmin ünvanda yerləşən evə quraşdırılmış sayğaca görə yaranmış borc "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əvvəl fəaliyyət göstərən "xxxx" MMC kimi fəaliyyət göstərən qurumların dövründə, yəni 2001-ci ildən 2015-ci il aralığında yaranmış borcdur. Abonentdən tələb olunan digər borcun isə hansı səbəbdən yaranması barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hər hansı sübut təqdim olunmamışdır.

8.Tətbiq edilən hüquq.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

9.“Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı qərarı

4. X1 Rejimləri və Əsas Şərtləri 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

8. Elektrik Enerjisindən (X3) X2 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.7. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir. Enerjitəchizatı müəssisəsi yazılı məlumat verdikdən sonra dövlət elektroenergetika müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında enerjitəchizatı müəssisəsinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə təyin olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərtilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır.

10. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar;

Məhkəmənin mövqeyi.

13. İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə abonent kodu İddiaçı adına verilmişdir. Həmin ünvanda yerləşən evə quraşdırılmış sayğaca görə yaranmış borc "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əvvəl fəaliyyət göstərən "xxxx" MMC kimi fəaliyyət göstərən qurumların dövründə, yəni 2001-ci ildən 2015-ci il aralığında yaranmış borcdur. Digər borcun isə hansı səbəbdən yaranması barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hər hansı sübut təqdim olunmamışdır.

14. Məhkəmə qeyd edir ki, iddiaçının elektrik enerjisindən istifadə etməklə borcun yaranmasında təqsirli olmasını sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri).

15. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

16. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

17. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, abonent saldosuna əsasən cavabdeh təşkilat borcun yarandığını iddia edərək bununla bağlı sübut təqdim etmədən iddiaçıdan özündən əvvəlki qurumlara olan 2001-ci ildən 2015-ci il aralığında yaranmış borcu tələb edir. Bundan əlavə "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin mənzildə smart tipli saygac quraşdırılmasına baxmayaraq istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür.

18. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qismən təmin olunmalı və abonentin hərəkət cədvəlinə əsasən "xxxx" MMC kimi fəaliyyət göstərən qurumların dövründə yaranmış 346.01 manat borc və 114.46 manat abonentin saldosundan silinməlidir.

Məhkəmə xərcləri.

19. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan 30 manat dövlət rüsumu "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı tələb olunan (abonent kodu **********20003) elektrik enerjisindən istifadə nəticəsində artıq hesablanmış 114,46 (yüz on dörd manat, qırx altı qəpik) manat və köhnə borc kimi hesablanmış 346,01 (üç yüz qırx altı manat, bir qəpik) manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi qismən təmin edilsin. İddiaçı tələb olunan (abonent kodu **********20003) elektrik enerjisindən istifadə nəticəsində artıq hesablanmış 114,46 (yüz on dörd manat, qırx altı qəpik) manat və köhnə borc kimi hesablanmış 346,01 (üç yüz qırx altı manat, bir qəpik) manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar