Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3340/2024 14.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Cavabdeh qarşı “təzminat ödənilməsi və borc müqaviləsinin etibarsız hesab edilərək xitam verilməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “təzminat ödənilməsi və borc müqaviləsinin etibarsız hesab edilərək xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və anasının barəsində, sosial şəbəkələrdə rüsvay edici videoları yayımlanmasını, onun işgüzar fəaliyyətinə xələl gətirilməsini nəzərə alaraq Cavabdeh onun xeyrinə 50000 AZN (əlli min manat) təzminat ödənilməsinə və onunla Cavabdeh arasında notariat qaydada imzalanmış borc müqaviləsinin etibarsız hesab edilərək xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 149. İddia ərizəsinin forması və məzmunu 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmənin mövqeyi
3. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
4. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri pozularaq bir-biri ilə əlaqədar olmayan iki tələb birləşdirilmişdir. Belə ki, iddiaçı həm 50000 AZN təzminat ödənilməsinə, həm də cavabdehlə aralarında notariat qaydada imzalanmış borc müqaviləsinə xitam verilməsini xahiş edərək, bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir.
5. Əlavə olaraq, iddiaçının irəli sürdüyü “cavabdehlə aralarında notariat qaydada imzalanmış borc müqaviləsinə xitam verilməsi” tələbinə məhkəmədə baxıla bilməz, çünki həmin borc müqaviləsi üzrə qətnamə qəbul edilmiş və icraya yönləndirilmişdir. İddiaçı yalnız qanunla müəyyən edilmiş qaydada və müddətdə həmin qətnaməni mübahisələndirmək hüququna malikdir.
6. Əlavə olaraq bildirilir ki, iddiaçının eyni məzmunlu ərizəsi məhkəmə qərardadı ilə geri qaytarılaraq nöqsanların aradan qaldırılmasının zərurliyli qeyd olunsa da, iddiaçı yenə də eyni xarakterli nöqsanları təkrarlayaraq yenidən məhkəməyə müraciət etmişdir.
Məhkəmənin gəldiyi nəticə
7. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “təzminat ödənilməsi və borc müqaviləsinin etibarsız hesab edilərək xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci, 263-264-cü və 347-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı :
İddiaçı Cavabdeh qarşı “təzminat ödənilməsi və borc müqaviləsinin etibarsız hesab edilərək xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.